Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Diaspor Gənclərinin III Yay
Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə
ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən
övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
50 ölkəni təmsil edən 115 gəncin iştirak etdiyi Diaspor Gənclərinin III Yay
Düşərgəsini açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad
Muradov Diaspor Gənclərinin Yay Düşərgəsinin Qarabağın incisi olan mədəniyyət
paytaxtımızda keçirilməsinin tarixi önəmindən danışıb. Bu ilin aprel ayında
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının V
Qurultayının məhz işğaldan azad edilmiş Şuşa şəhərində təşkil olunduğunu
xatırladan Komitə sədri mərasimi Azərbaycan diaspor tarixinin əlamətdar
hadisələrindən biri adlandırıb və bu münasibətlə düşərgə iştirakçılarını təbrik edib.
O, Vətən müharibəsindəki tarixi Zəfərin Müzəffər Ali Baş Komandan İlham
Əliyevin uzaqgörən siyasəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində mümkün
olduğunu vurğulayıb: "Azərbaycan tolerant ölkədir. Biz heç vaxt heç kimin
torpağını işğal etməmişik. Siz bununla fəxr etməli və Azərbaycanın düşmənlərinə
qarşı ideoloji mübarizə aparmalısınız. Biz istəyirik ki, buradan qayıdandan sonra
siz yaşadığınız ölkələrin parlamentlərinə, hökumətlərinə, eləcə də beynəlxalq
təşkilatlara öz mövqeyinizi bildirəsiniz".
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət,
diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar
Hacıyeva diaspor gənclərini Şuşada görməkdən məmnunluğunu bildirib və
düşərgənin işinə uğurlar arzulayıb.
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov qeyd edib ki,
ölkəmiz gənc nəsilə güclü investisiya edir: “Dövlətimiz gənclərin yüksək inkişaf
tempi olan ölkədir”.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Vətən müharibəsindəki qələbənin
məhz Ali Baş Komandanın ətrafında sıx birləşən gənclərin sayəsində mümkün
olduğunu söyləyib.
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin direktoru Məhəmməd
Abdullayev Diaspor Gənclərinin Yay düşərgələrinin artıq ənənə halı almasının və
diaspor hərəkatı tarixində ilk dəfə olaraq Qarabağ torpağında keçirilməsinin
əhəmiyyətindən söz açıb.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev hər
bir ölkənin iqtisadi inkişafının hərəkətverici qüvvəsini gənclərin təşkil etdiyini
bildirib və diaspor gənclərini Azərbaycanın iqtisadi inkişafı naminə fəallığa
səsləyib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov
“Şuşa ili”ndə xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin
nümayəndələrinin qədim şəhərdə bir araya gəlməsini müsbət hadisə kimi
qiymətləndirib.
Tədbir bədii hissə ilə davam edib.
Xatırladaq ki, 2-8 avqust tarixini əhatə edəcək Diaspor Gənclərinin III Yay
Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə
təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi
və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə keçirilir. Prezident İlham
Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi
haqqında” 5 yanvar 2022-ci il tarixli Sərəncamı çərçivəsində həyata keçirilən
layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid
platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək
məqsədinə xidmət edir.