ABŞ-nin Florida ştatının Hallandeyl Biç (Hallandale Beach) şəhərinin meri Coy
Kuper Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar iki bəyannamə imzalayıb.
Azərbaycan icmasına ünvanlanmış bəyannamədə beynəlxalq insan hüquqları
təşkilatı olan “Human Rights Watch”un Xocalı faciəsini regionda baş vermiş ən
dəhşətli qətliam hesab etdiyi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yüzlərlə
günahsız insanın Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olduğu,
uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla, 600-dən çox insanın amansızlıqla
qətlə yetirildiyi, mindən çox insanın əsir götürüldüyü qeyd olunub. Bəyannamədə
Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün BMT Baş Assambleyası,
Avropa Parlamenti, AŞPA, ATƏT, ABŞ Dövlət Departamenti və Ağ Ev tərəfindən
dəstəkləndiyi xüsusi vurğulanıb.
Qeyd olunan faktları nəzərə alan Hallandeyl Biç şəhərinin meri Coy Kuper 26
Fevral 2024-cü il tarixinin Xocalı qətliamının 32-ci ildönümü kimi anılması barədə
bəyannamə imzalayıb. Şəhər meri Azərbaycan icmasının nümayəndələri ilə
görüşüb və bəyannaməni Floridada fəaliyyət göstərən Azərbaycan diaspor
təşkilatlarının nümayəndələrinə təqdim edib.
Görüşdə çıxış edən Florida Azərbaycan Amerika İcmasının rəhbəri Esmira
Bayramova Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, Bəyannamə Florida Azərbaycan İcmasının rəhbəri Esmira
Bayramova və Azərbaycan Amerika Gənclər Assosiasiyasının rəhbəri Nabat
Eminovanın təşəbbüsü və müraciəti əsasında qəbul edilib.