Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət... Bütün bunlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Prezident İlham Əliyevin ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Mehriban Əliyeva ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə sanballı töhfələr verir. O, doğma Vətənin ən böyük təəssübkeşlərindən biri, xalqımızın xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifi olmaqla yanaşı, birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir. Bir sözlə, son dərəcə məsuliyyətli, həm də çoxşaxəli və gərgin fəaliyyət sferası... Bütün bunlar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyatının mənası, ömür kitabına yazılan bir-birindən parlaq və mənalı səhifələrdir.
Mehriban Əliyeva 2004-cü ildən Heydər Əliyev Fonduna uğurla rəhbərlik edir. Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması bilavasitə Heydər Əliyev Fondunun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. O, bütün qərarları ilə millidir: Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafı üçün yorulmadan çalışır, sabahının qayğısına qalır.
18 ildir ki, Mehriban Əliyeva Heydər Əliyev Fondunun Prezidenti olaraq, UNESCO-nun xoşməramlı səfiri kimi qeyri-maddi mədəni irsin təbliği və qorunması missiyasını şərəflə yerinə yetirir. Eyni zamanda, ISESCO-nun da xoşməramlı səfiri olaraq Azərbaycan tarixini və mədəni irsini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində davamlı fəaliyyət göstərir. Məhz bu səylərin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Bundan başqa, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.
2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir.
“Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
Bu fikirləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında səsləndirib. Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürən Birinci vitse-prezident Mehriban Əliyeva ötən müddət ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə dövlətimizin başçısının və xalqımızın etimadını layiqincə doğruldur.
Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.
Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Aprel döyüşləri zamanı, eyni zamanda, 44 günlük Vətən müharibəsində ağır yaralanan qazilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin müharibədə sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.
Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharıbədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, dünyaya səs salan möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili Birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur.
Bu məqamda Birinci vitse-prezidentin Vətən müharibəsinin ilk günlərində xalqa müraciətindəki duyğusal sözlər yada düşür: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. Bu müqəddəs dua və arzu 44 gün ərzində reallaşdı. Doğma Qarabağımız Ali Baş Komandanın sarsılmaz iradəsi, Ordumuzun qüdrəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində azadlığına qovuşdu. Bu gün isə azad torpaqlarımızda geniş quruculuq işləri aparılır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu işlərdə yaxından iştirak edir.
Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib.
Əhalinin sağlamlığı məsələsinə gəlincə, Mehriban Əliyevanın təşəbbüsü olan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu layihələr çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
Azərbaycanın birinci xanımının tapşırığına əsasən aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu bu istiqamətdə də mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir.
Mehriban Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində məqsədyönlü iş aparılır. Ötən il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyinin nümayişi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan düşmənin dinc sakinləri hədəf alan hücumlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli addımlar atılıb. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər təşkil olunub. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günləri keçirilib, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələri ucaldılıb.
Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, eləcə də futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyunu Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu üzə çıxardı. Azərbaycan bu mötəbər beynəlxalq tədbirlərin möhtəşəm təşkili ilə hətta inkişaf etmiş ölkələri heyran qoydu.
Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlayıb. Yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması, 32 ildən sonra Şuşada, Cıdır düzündə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Xarıbülbül” Musiqi Festivalı, Fondun təşəbbüsü ilə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusunun, “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunun hazırlanması Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin təşviqi və qorunması işinə dəyərli töhfələrdir.
Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən layihələri Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Mehriban Əliyevanın təşəbbüsü ilə Fond Vatikanda, Fransada, Pakistanda, Cibutidə, Bosniya və Herseqovinada, Misirdə, Hindistanda və digər ölkələrdə önəmli layihələr icra edib.
Mehriban Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı... Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. Onun dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.
Mehriban xanım elə bu amal və məramla da özünün ömür kitabını yazır, onu ildən-ilə daha parlaq və mənalı səhifələrlə zənginləşdirir.
Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub. Dövlət rəhbərimizin ömür-gün yoldaşı kimi Mehriban xanımın üzərinə daha bir tarixi missiya düşdü. Mehriban xanım Əliyeva tariximizdə ilk dəfə olaraq Birinci xanım institutunu formalaşdırdı.
Prezident İlham Əliyevin söylədiyi kimi: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın adı yüz minlərin, milyonların qəlbində ümid yerinə, xeyirxahlıq, haqq-ədalət ünvanına çevrilib. Dara düşən, həlli müşkül problemlərlə qarşılaşan yüz minlərlə insan, ilk növbədə, onun adını tutur, məktub göndərir, qəbuluna düşür. Və heç biri ümidsiz qalmır.
Mehriban xanım Əliyeva sadəliyi, səmimiliyi, mehribanlığı, alicənablığı, ürək genişliyi, xoş ovqatı, gözəl aurası ilə ətrafında sağlam bir mühit, atmosfer yaradır. İnsanlara dost, simsar olan bu nəcib xanım çətinliyə düşən, ona üz tutan, ürək qızdıran hər kəsə köməyini əsirgəmir. Hər bir kəsin dərdini duyması və bu ağrını öz ağrısı kimi yaşaması Mehriban Əliyevanı xarakterizə edən ən gözəl cizgilərdir. ABŞ-ın nüfuzlu “Washington Times” qəzetində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO, İSESCO və İKT-nin xoşməramlı səfiri Mehriban Əliyeva haqqında dərc etdiyi məqalədə yazır: “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır”.
Mehriban xanım Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadimi, anası Aida İmanquliyeva görkəmli şərqşünas-alim, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadındır.
Ədəbiyyatı, musiqini, gözəl sənət əsərlərini incəliyinə qədər hiss edən, duyan, yaşayan Mehriban xanım Əliyeva həddindən artıq kövrək, xəlqi insandır. O, Azərbaycan təbiətinin bütün gözəlliklərini, çalarlarını ilmə-ilmə qəlbinə köçürüb. Axşam evinə, ocağına, balalarına bir xoşbəxtlik, bir savab, bir səadət aparan, yaxşılığı, xeyirxahlığı gündəlik işi bilən Mehriban xanım Əliyeva hər kəsə nur paylayır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Mehriban xanım Əliyeva akademik Arif Paşayevin və şərqşünas alim Aida xanım İmanquliyevanın ailəsində dünyaya göz açaraq, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin ocağından nur almışdır. Onun həyat müəllimləri isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq – alim, akademik Zərifə xanım Əliyeva olmuşlar.
Mehriban xanım Əliyevanın üzərinə götürdüyü böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsidir.
UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Əliyevanın istər Azərbaycanda, istərsədə də dünya miqyasında həyata keçirdiyi tədbirlər həmişə böyük rəğbətlə qarşılanmış və respublikamızın birinci xanımının səmərəli fəaliyyəti müxtəlif beynəlxalq mükafatlarla qiymətləndirilmiş, o, bir sıra ölkələrin ən yüksək dövlət təltiflərinə layiq görülmüşdür.
Mehriban xanım ən ucqar kəndimizdə belə yaşayan valideynsiz, kimsəsiz uşağı, xəstə canı ilə çarpışan balalarımızı özünə yaxınlaşdırır, doğmalaşdırır, bağrına basıb Azərbaycan adlı məmləkətimizin mərhəmətli qol-qanadlarını onların üzünə açır. Respublikamızın müxtəlif guşələrində yerləşən körpələr evini ziyarət edir, əziz bayramlarda ölkəmizin ən möhtəşəm saraylarında müxtəlif hədiyyələrlə balalarımızın qəlbinə sevinc, könlünə xoş ovqat bəxş edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əhaliyə göstərdiyi xidmət təqdirəlayiqdir. Heydər Əliyev Fondunun məqsədləri sırasında yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək mühüm yer tutur. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Tolerantlığın ünvanı – Azərbaycan”, “Təhsilə dəstək” layihələri kifayət qədər mühüm fəaliyyətlərdəndir.
Mehriban xanımın xeyirxah əməlləri, təhsilimizin, milli dəyərlərimizin təbliği, inkişafı xalqın rifahı naminə gördüyü işlər Azərbaycan qadının uğurla fəaliyyət göstərməsinə bariz nümunə olaraq, beynəlxalq aləmdə sonsuz rəğbətlə qarşılanır. Qərb dünyası Mehriban Əliyevanı Şərqin ağıllı, müdrik, peşəkar bir siyasətçisi kimi tanıyaraq, onun simasında Azərbaycan qadınının ictimai-siyasi həyatda oynadığı rolun əhəmiyyətini görür.Azərbaycanın birinci xanımı çıxışlarında vurğulayır: "Müasir dünyada hər bir ölkənin inkişafı. onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir".
Heydər Əliyev Fondunun köməyi ilə əlillər üçün xüsusi mərkəz istifadəyə verilibdir. Bu mərkəzdə əlillərin zəruri ehtiyacaları ödənilir, onlara dərman vasitələri və s. verilir. BMT-nin İnkişaf Proqramı ilə birgə “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-komunikasiya texnologiyalarına çıxışın təmin edilməsi” baxımından reallaşdırılan layihə Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin nəticəsidir.Heydər Əliyev Fondunun diqqət yetirdiyi məsələlərdən biri də kimsəsiz uşaqlara göstərilən qayğının artırılmasıdır. “Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı” bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Layihə çərçivəsində paytaxt Bakıda və digər ərazilərdə yerləşən uşaq evləri və internat məktəblərində araşdırmalar aparılır, mövcud problemlər öyrənilir və onların həlli istiqamətində bir sıra vacib işlər görülür. Fond hər zamankı ənənəsinə sadiq qalaraq 28 dekabr 2012-ci il tarixində uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, valideyn himayəsindən məhrum, internat məktəblərində təhsildə xüsusilə fərqlənən uşaqlar üçün yeni il şənliyi keçirmişdir.
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Azərbaycan muğamları” layihəsi çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu iş olmuşdu. Həmçinin Vaşinqton Elmlər Akademiyası və UNESKO “Orta əsrlər əlyazmalarında tibb və əczaçılıq” adlı ilk beynəlxalq konfransın təşkilindən sonra tibb elminə aid Azərbaycanda saxlanılan üç nadir əlyazma ümumdünya yaddaş qeydiyyatına salınmışdır.
Həmin qeydiyyatda, ümumilikdə, 120 əlyazma öz əksini tapmışdır. Bu əlyazmalar nəinki ayrı-ayrı dövlətlər, o cümlədən bütün bəşəriyyət üçün çox əhəmiyyətlidir. Bu layihələr sırasında elm, təhsil, səhiyyə və sosial sahələrə xüsusi önəm verilir. Valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlmiş layihələr fondun daim diqqət mərkəzindədir. Bu baxımdan Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir.Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb.Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində, Azərbaycanın sivilizasiyalararası dialoqda fəal iştirakı və rolu xüsusi bir yer tutur.
Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, bu, bütün Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur. Sevimli Mehriban Əliyeva Xanım Çıxışlarının Birində Demişdir ki, “Mən dünyanı dəyişmək niyyətində deyiləm, mənim üçün özümü dəyişmək maraqlıdır – daha yaxşı olmaq. Bu, məncə daha faydalı işdir”.
Mehriban xanım Əliyeva tariximizdə ilk dəfə olaraq Birinci xanım institutunu formalaşdırıb.
Birinci xanım Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil də qeyd etdiyimiz kimi, Onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusudur. Birinci Xanım Mehriban Əliyeva Xalqını Sevdiyi Qədər, Xalqı Tərəfindən Sevilən İnsan və Görkəmli Şəxsiyyətdir. Mən Fərid Şərifov Bildirmək İstəyirəm ki, 1-ci Vitse Prezidentim Mehriban Əliyeva Xanım, Mənim Üçün Böyük Hədiyyədir.
Hörmətlə Fərid Şərifov
bakunews.az