Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün göndərdiyi humanitar yardıma daxil olan məhsullar açıqlanıb.
Nazirliyin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev “Report”un Qarabağ bürosuna bildirib ki, yardıma ərzaq məhsulları, çörək, gigiyenik vasitələr daxildir.
O deyib ki, sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr olan iki yük avtomobili, eləcə də içərisində çörək olan iki ədəd maşın Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edib:
“Yük karvanı hazırda açıq olan, Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndiyə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq”.
M.Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib:
“Bundan sonra da bu kimi humanitar məhsulların göndərilməsi təmin olunacaq”.