Sumqayıt şəhərində yerləşən Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında fəaliyyət göstərən restoranlardan biri ilə bağlı inzibati tədbir görülüb.
Məlumata görə, park ərazisində fəaliyyət göstərən “Pine Park” restoranında sayğacdan kənar su təchizatı şəbəkəsinə qoşulma faktı müəyyən edilib.
Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılan araşdırma zamanı restoranı icarə müqaviləsi əsasında işlədən, 1992-ci il təvəllüdlü T.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə protokol tərtib olunub.
Bildirilir ki, sözügedən maddə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyanın vurulmasına görə məsuliyyəti nəzərdə tutur.
İşə məhkəmədə baxılıb və barəsində protokol tərtib edilmiş şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinib. Məhkəmənin qərarı ilə ona 1000 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Qeyd edək ki, “Pine Park” restoranının “Novator Group” MMC-nin tərkibində fəaliyyət göstərdiyi bildirilir. Rəsmi məlumatlara əsasən, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 116 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Əliyev Qədir Vaqif oğludur.
Hadisə ilə bağlı aidiyyəti qurumların nəzarət tədbirlərinin davam etdiyi qeyd olunur.
Serhed.az