Ağsu rayon bazarında avtomobillərin girişindən qanunsuz vəsait toplanması ilə bağlı redaksiyamıza vətəndaş müraciəti daxil olub.
Vətəndaşların iddiasına görə, bazarın giriş hissəsində avtomobillərin əraziyə daxil olması üçün pul tələb edilir. Lakin həmin ödənişin hansı əsasla, hansı qurum tərəfindən və hansı qanunvericiliyə uyğun olaraq həyata keçirildiyi barədə heç bir açıqlama verilmir.
Redaksiyamıza göndərilən görüntülərdə bazarın girişində olduğu bildirilən şəxslə vətəndaşlar arasında mübahisəli anlar əks olunub. İddialara görə, həmin şəxs pul tələb edilməsinin səbəbini izah etməyib və vətəndaşların suallarına sərt şəkildə cavab verərək onları bazara buraxmayıb.
Vətəndaşların sözlərinə görə, özünü bazarın girişində məsul şəxs kimi təqdim edən şəxs “pul vermirsən, məndə sizi buraxmıram, hara istəyirsiniz deyin” deyən şəxslərə qarşı kobud davranıb və məsələnin araşdırılması üçün müraciət edən şəxslərin girişinə mane olub.