Azərbaycanda media sahəsinin inkişafı və peşəkar jurnalistikanın qorunması məqsədilə yaradıldığı bildirilən Media Reyestri son dövrlər ciddi müzakirə mövzusuna çevrilib.
Reyestrə qəbul zamanı hansı meyarların tətbiq olunduğu, kimlərin hansı əsaslarla qeydiyyata alındığı və kimlərin kənarda saxlanıldığı ilə bağlı cəmiyyətdə cavab gözləyən çoxsaylı suallar var.
Ən diqqətçəkən məqamlardan biri odur ki, uzun illər fəaliyyət göstərən, gündəlik xəbər istehsal edən və peşəkar media fəaliyyəti ilə məşğul olan bir sıra media qurumları müxtəlif əsaslarla Media Reyestrindən kənarda saxlanılıb.
Bununla kifayətlənilməyərək, bəzi hallarda həmin media orqanlarının fəaliyyətinə xitam verilməsi üçün məhkəmələrə müraciətlər edilib və bu qərarlar həyata keçirilib.
Bunun əksinə olaraq, jurnalistika fəaliyyəti, peşəkarlıq səviyyəsi və media sahəsində təcrübəsi ilə bağlı suallar doğuran bəzi şəxslərin Media Reyestrinə qəbul edilməsi ictimaiyyət arasında haqlı narazılıq yaradır.
"Real Azərbaycan" bu şəxslərlə bağlı müəyyən məlumatlar əldə etsə də, araşdırma başa çatmadığı üçün hələlik onların adlarını açıqlamır.
Əsas sual isə budur: Media Reyestri həqiqətən qanunla müəyyən edilmiş vahid meyarlar əsasında formalaşdırılır, yoxsa fərqli yanaşmalar tətbiq olunur?
Media İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu suallara cəmiyyət qarşısında aydınlıq gətirməlidir. Çünki peşəkar media qurumlarının reyestrdən kənarda saxlanıldığı bir şəraitdə, jurnalistika fəaliyyəti mübahisə doğuran şəxslərin reyestrə daxil edilməsi və onların Milli Mətbuatın 151 illiyinə həsr olunmuş tədbirlərə dəvət edilməsi təbii olaraq ictimai şübhələr yaradır.
Media sahəsində etimad yalnız şəffaflıq və bərabər yanaşma ilə təmin edilə bilər. Əgər eyni qanun bir media qurumuna qarşı sərt tətbiq olunur, digərinə isə fərqli münasibət göstərilirsə, bu, Media Reyestrinin obyektivliyinə kölgə salır və cəmiyyətdə ikili standartların mövcudluğu barədə təsəvvür yaradır.
Media ictimai institutdur. Ona görə də bu sahədə qəbul edilən hər bir qərar qanuna, peşəkarlığa və şəffaf meyarlara əsaslanmalıdır.
Əks halda, peşəkar jurnalistikanın inkişafından danışmaq çətin olacaq və Media Reyestri media keyfiyyətinin göstəricisi deyil, mübahisə mövzusu olaraq qalacaq.