Sizin reklam burada 728×90
Son dəqiqə

İncəsənət Gimnaziyasında təmir dayandırıldı, valideynlər narahatdır - "Nazirliyə deyin"

15.02.2025 11:53 825 1 dəq oxunur
İncəsənət Gimnaziyasında təmir dayandırıldı, valideynlər narahatdır - "Nazirliyə deyin"
Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdindəki İncəsənət Gimnaziyasının binası ötən ilin iyun ayından əsaslı təmirə bağlanıb. Bu səbəbdən builki tədris ilində şagirdlər başqa məktəblərdə dərslərini davam etdirirlər. Təmir işlərinin bir il ərzində yekunlaşdırılması planlaşdırılsa da indiki gedişat bunun əksini deyir.

Gimnaziyada təhsil alan şagirdlərin valideynləri Teleqraf-a açıqlamalarında təmirin dayandırıldığını iddia ediblər.

Milli Konservatoriya Teleqraf-a iddiaları təsdiqləyib: “Hazırda təmir dayandırılıb, hər hansı iş aparılmır. Bizdə olan məlumata görə, işin dayandırılması binada olan problemlə bağlıdır”.

İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova bildirib ki, əsaslı təmir Elm və Təhsil Nazirliyi aparır: “İncəsənət Gimnaziyasının şagirdləri hazırda 189 və 190 nömrəli məktəbdə iki növbədə təhsil alırlar, yəni dərslərimiz davam edir. Təmirlə bağlı suallar Elm və Təhsil Nazirliyinə ünvanlanmalıdır”.

Elm və Təhsil Nazirliyindən bildirildiyinə görə, AMK nəzdində İncəsənət Gimnaziyasının binasının bərpa-gücləndirilməsi çərçivəsində layihə işlərində təkmilləşdirilmə aparılır:

"Proses başa çatdıqdan sonra müvafiq sənədlər aidiyyəti dövlət qurumlarına təqdim ediləcək. Sözügedən qurumun təsdiqindən sonra əsaslı təmir işləri davam etdiriləcək”.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az