Sizin reklam burada 728×90
Son dəqiqə

MEK-in tərtibatında AMEA-nın müxbir üzvü Məqsəd Səttarovun biblioqrafik göstəricisi dərc edilib

04.09.2025 11:12 514 1 dəq oxunur
MEK-in tərtibatında AMEA-nın müxbir üzvü Məqsəd Səttarovun biblioqrafik göstəricisi dərc edilib
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Məqsəd Səttarovun biblioqrafik göstəricisi çapdan çıxıb.

Görkəmli filosof alimin elmi fəaliyyəti əsasən din və ateizm tarixi, ictimai şüurun qanunauyğunluqları, islamın Azərbaycanın mənəvi-mədəni həyatındakı rolu və ictimai şüurun strukturu kimi mövzuları əhatə edir. Məqsəd Səttarov 10 monoqrafiya, 4 kitab, 21 kitabça və 60-a yaxın məqalənin müəllifidir.

“Azərbaycan Respublikasının elm xadimləri” seriyası altında yeni tərtibatda olan biblioqrafik göstəriciyə alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirən qısa oçerk, elmi əsərləri, dövri, ardı davam edən və seriyalı nəşrlərdə Azərbaycan və rus dillərində dərc olunmuş məqalələri və s. daxil edilib.

Vəsaitdə, həmçinin Məqsəd Səttarovun redaktə etdiyi kitablar, görkəmli elm və mədəniyyət xadimlərinin alim haqqında fikirləri, elmi rəhbəri və məsləhətçisi olduğu dissertasiya işləri öz əksini tapıb.

AMEA-nın müxbir üzvü M.Səttarovun 100 illik yubileyi münasibətilə tərtib olunan vəsaitin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi şöbənin əməkdaşı Natəvan Rəhimovadır.

Biblioqrafik göstərici fəlsəfə, din, ontologiya, qnoseologiya və etika sahəsində çalışan alim və mütəxəssislər, doktorantlar, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Aygün Məmmədova
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az