Sizin reklam burada 728×90
Son dəqiqə

“Azəriqaz”da “Kolanı klanı”: Qohum təyinatları, kütləvi ixtisarlar və təhlükə yaradan kadr siyasəti!

23.11.2026 15:53 34 1 dəq oxunur
“Azəriqaz”da “Kolanı klanı”: Qohum təyinatları, kütləvi ixtisarlar və təhlükə yaradan kadr siyasəti!
“Azəriqaz”da optimallaşdırma adı altında nələr baş verib? İşə qəbul, qohumluq əlaqələri, vəzifə təyinatları və qaz təsərrüfatında təhlükəsizliklə bağlı ciddi iddialar: məlum “Kolanı klanı”nın fəaliyyəti
“Azəriqaz” İstehsalat Birliyində optimallaşdırma prosesi zamanı həyata keçirilən kadr siyasəti, işçilərin qiymətləndirilməsi, peşə sınaqlarının təşkili və vəzifə təyinatları ilə bağlı bir sıra ciddi iddialar və araşdırılmalı hallar mövcuddur. Bu iddiaların mərkəzində “Azəriqaz” İstehsalat Birliyinin İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirlinin fəaliyyəti dayanır. İddialara görə, Xəqani Bəşirli Cahid Hüseynovun himayəsindən istifadə edir.
Xəqani Bəşirli optimallaşdırma zamanı çoxsaylı peşəkar işçilərin qaz təsərrüfatından uzaqlaşdırıldığı bir vaxtda, onun tabeliyində çalışan Orucov Nicatın qardaşı Tərlan Orucovun işə qəbuluna dəstək göstərmişdir. Belə ki, ixtisarların həyata keçirildiyi dövrdə Göyçay rayon sakini Tərlan Orucov usta vəzifəsinə qəbul edilmişdir. Halbuki, həmin şəxsin bundan əvvəl SOCAR sistemində bir gün belə işləmədiyi bildirilir.
Yeni ixtisarların aparıldığı bir vaxtda Tərlan Orucovun işə qəbul edilməsi, qardaşı Nicat Orucovun isə Xəqani Bəşirlinin tabeliyində çalışan əməkdaş olması bu təyinatın hansı meyarlar əsasında həyata keçirildiyi barədə ciddi suallar yaradır.
Qeyd olunur ki, həmin peşə sınaq imtahanları Qaz İxrac İdarəsinin Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin Ağsu Xətti İstismar Xidmətinin həyətində keçirilmişdir. İddialara görə, Nicat Orucov öz doğma qardaşı Tərlan Orucovdan peşə sınağı imtahanı götürərək onun işə qəbul prosesində iştirak etmişdir.
İndi təsəvvür edin: bir qardaş digər qardaşından peşə sınağı imtahanı götürür və həmin imtahan işə qəbul prosesinin tərkib hissəsi olur. Bu halda obyektivlik, şəffaflıq və maraqlar toqquşmasının qarşısının alınması prinsiplərinə necə əməl edildiyi ciddi sual doğurur. Görəsən, belə bir imtahanın keçirilməsinə kim icazə verib və nəticələrə hansı qaydada nəzarət olunub?
Qaz paylayıcı stansiyaların operatorlarına verilən imtahan sualları və peşə uyğunluğu İlk növbədə, 20 ildən çox müddətdə qaz paylayıcı stansiyalarda operator vəzifəsində çalışan əməkdaşlara verilən test imtahanlarının sualları ilə bağlı ciddi narazılıqlar mövcuddur. İddialara görə, suallar qeyri-peşəkar hazırlanmış, operatorların gündəlik vəzifə öhdəliklərinə və ixtisaslarına uyğun olmayan xeyli sayda mövzunu əhatə etmişdir.
İmtahanların kompüter vasitəsilə keçirilməsi də müəyyən çətinliklər yaratmışdır. Belə ki, illərlə qaz paylayıcı stansiyalarda çalışan, praktiki təcrübəyə və yüksək peşəkarlığa malik bəzi əməkdaşlar kompüterdən istifadə bacarıqlarına görə çətinliklə üzləşmişlər. Hətta kompüteri açıb-bağlamaqda çətinlik çəkən, lakin operator vəzifəsinin praktiki tərəfini mükəmməl bilən şəxslər olmuşdur. Bu əməkdaşların qaz paylayıcı stansiyalarda təmir-bərpa işlərini yüksək səviyyədə yerinə yetirmək bacarıqları var idi.
Buna baxmayaraq, iddialara əsasən, operator vəzifəsinə aid olmayan sualların nəticələri əsasında həmin şəxslər imtahandan kənarlaşdırılmış, onların yerinə operator peşəsi üzrə lazımi biliyi olmayan elektrik qaynaqçıları, polietilen qaynaqçıları və nəzarətçi-çilingərlər yerləşdirilmişlər. Burada əsas sual budur: 20 ildən artıq praktiki təcrübəsi olan operatorların peşə uyğunluğu niyə onların gündəlik iş bacarıqları ilə deyil, ixtisaslarına aidiyyəti mübahisə doğuran test sualları ilə qiymətləndirilib?
Odorant qurğuları və qaz təsərrüfatında təhlükəsizlik məsələsi Qaz paylayıcı stansiyalar Qaz İxrac İdarəsinin balansında və nəzarətində olduğu dövrdə hər bir magistral qaz kəmərləri sahəsinin xətti istismar xidmətində odorant üzrə mütəxəssis-çilingərlər fəaliyyət göstərirdi. Onlar qaz paylayıcı stansiyalarda odorant qurğularını təmir edir, həmçinin müəyyən vaxt intervallarında odorant qurğularının çənlərini doldururdular.
Qaz paylayıcı stansiyalar “Azəriqaz”ın balansına keçdikdən sonra Qaz İxrac İdarəsinin bu işləri həyata keçirmək səlahiyyəti qalmamışdır. Belə olan halda, optimallaşdırma adı altında aparılan kadr siyasəti nəticəsində qaz təsərrüfatının mühüm sahələrindən biri üzrə yeni mütəxəssis-çilingərlərin hazırlanmasının təşkil edilməməsi ciddi suallar doğurur.
Qeyd etmək lazımdır ki, qaza odorant vurulması təbii qazın özünün qoxusuz olması səbəbindən ona xüsusi kəskin qoxulu kimyəvi maddənin əlavə edilməsi prosesidir. Bu proses qaz təsərrüfatında təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Əsas məqsəd qaz sızmasının insanın qoxu hissi vasitəsilə vaxtında aşkar edilməsini təmin etməkdir.
Odorant nədir?
Ən çox istifadə olunan odorantlardan biri etilmerkaptan (etantiol), digəri isə merkaptan və kükürdlü birləşmələrin qarışığıdır.
Azərbaycanda odorant vurulma norması Magistral qaz kəmərlərinin texniki istismar qaydalarında göstərilən normaya əsasən:
- Yay aylarında hər 1000 m³ qaz üçün 8 qram;
- Qış aylarında hər 1000 m³ qaz üçün 16 qram odorant vurulmalıdır.
Qaza odorantın müəyyən edilmiş normada vurulmaması qaz sızmasının vaxtında aşkar edilməməsinə, bunun nəticəsində partlayış və yanğın təhlükəsinin yaranmasına səbəb ola bilər. Bu baxımdan odorant qurğularının saz vəziyyətdə saxlanılması, onların mütəmadi doldurulması və texniki xidmətinin ixtisaslı əməkdaşlar tərəfindən həyata keçirilməsi həyati əhəmiyyət daşıyır.
Qaz paylayıcı stansiyalarda odorant qurğuları mövcud olsa da, “Azəriqaz”ın rayon xidmət sahələrində bu istiqamət üzrə ixtisaslaşmış çilingərlərin olmaması diqqət çəkir. Bu vəziyyətin təhlükəsizlik baxımından hansı risklər yaratdığı araşdırılmalıdır.
İrəli sürülən iddialara görə, qaza odorantın müəyyən edilmiş norma daxilində vurulmaması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.41-ci bəndinin tələbləri baxımından da qiymətləndirilməlidir. Bildirilir ki, odorant vurulması ilə bağlı jurnallarda aparılan qeydlərin faktiki vəziyyətə uyğunluğu və texniki tələblərə əməl edilməsi də yoxlanılmalıdır.
Polietilen qaz kəmərləri və qaynaqçı çatışmazlığı Hər bir rayonda orta hesabla 300 kilometrdən çox polietilen yeraltı qaz kəməri mövcuddur. Bu kəmərlər digər təşkilatların qazıntı işləri zamanı mütəmadi olaraq zədələnir və ya qırılır.
Optimallaşdırmadan əvvəl hər bir rayon xidmət sahəsində polietilen qaynaqçısı fəaliyyət göstərirdi. İddialara görə, Xəqani Bəşirli optimallaşdırma zamanı bu ştatları ləğv etmişdir.
Bu gün “Azəriqaz” kimi böyük bir istehsalat birliyinin rayonlarda polietilen qaz xətti qırıldıqda kənar təşkilatlarda çalışan qaynaqçı axtarmaq məcburiyyətində qalması ciddi idarəetmə və təhlükəsizlik problemi yaradır. Bu, həm operativliyin azalmasına, həm də qazın zədələnmiş hissədən itkisinin artmasına səbəb ola bilər. “Azəriqaz” əməkdaşı olmayan şəxslərin qaz xətlərində qaynaq işləri aparması, həmin işlərin müvafiq ixtisası, səlahiyyəti və işə buraxılışı olmayan kənar şəxslər tərəfindən həyata keçirilməsi qaz təsərrüfatında təhlükəsizlik və texniki istismar tələbləri baxımından araşdırılmalıdır.
Ümumilikdə, Ağsu Regional Qaz İstismar İdarəsi üzrə polietilen qaz kəmərlərinin uzunluğu 2000 kilometrdən çoxdur. Belə böyük şəbəkənin istismarında ixtisaslı qaynaqçıların olmaması ciddi risklər yarada bilər.
Bütün bunlar optimallaşdırmanın yalnız ştatların azaldılması ilə məhdudlaşmadığını, həm də qaz təsərrüfatının texniki imkanlarına və təhlükəsizlik sisteminə təsir göstərdiyini düşünməyə əsas verir. Araşdırmanın növbəti hissəsində operator vəzifəsinə keçirilən şəxslərin hazırlıq səviyyəsi, regional imtahanlar, qaz itkiləri və vəzifə təyinatları zamanı yol verildiyi iddia olunan ayrı-seçkilik halları barədə danışacağıq.
“Azəriqaz”da son 4 il ərzində cəmi 20 gün, yaxud 1 ay bir vəzifədə çalışdıqdan sonra başqa vəzifəyə keçirilən işçilərin siyahısı açıqlansa, çox maraqlı mənzərə ortaya çıxar. Həmin siyahıdan aydın olar ki, bu şəxslərin əksəriyyəti Xəqani Bəşirli və Cahid Hüseynovun kadrlarıdır. Vəzifə təyinatlarında peşəkarlıq və təcrübədən daha çox şəxsi münasibətlərin və himayədarlığın rol oynadığına dair ciddi suallar yaranır.
Görünən odur ki, Ramiz Mehdiyevin idarəetmə üsulunu mənimsəyən və həmin idarəçilik modelini bu gün də davam etdirən şəxslər məhz bunlardır. Bu məsələyə aydınlıq gətirmək üçün son dörd ilin kadr yerdəyişmələri və təyinatları ətraflı araşdırılmalıdır.


Realazerbaycan.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az