Bakının mərkəzində yerləşən yaşayış binasının həyətində qanunsuz tikildiyi iddia olunan kulinariya sexi sakinlərlə obyekt sahibi arasında ciddi narazılığa səbəb olub.
Gununsesi.info-nun xəbərinə görə, Bakı şəhəri, Nizami küçəsi 9 ünvanında yerləşən 2 mərtəbəli, 4 mənzilli yaşayış binasının sakinləri binanın arxa hissəsində yerləşən ümumi istifadədə olan qapalı həyətdə qanunsuz tikinti aparıldığını bildirilir.
Şikayətçi İlham Faiq oğlu Muxtarov qeyd edir ki, 1968-ci ildən ailəsinə məxsus olan və hazırda onun adına rəsmiləşdirilmiş 1 və 2 saylı mənzillər binanın birinci mərtəbəsində yerləşir. İkinci mərtəbədəki mənzillər isə Hüseynova Nərminə və Məmmədova İradənin mülkiyyətindədir.

Sakinlərin sözlərinə görə, binanın arxa hissəsində yerləşən və yalnız ümumi dəhliz vasitəsilə giriş mümkün olan təxminən 150 kvadratmetrlik qapalı həyət uzun illər bina sakinlərinin ümumi istifadəsində olub. Lakin sonradan ikinci mərtəbə sakini Hüseynova Nərminə tərəfindən həmin ərazidə təxminən 30 kvadratmetrlik kulinariya sexi tikilib.
İddialara əsasən, sakinlərin etirazına baxmayaraq, obyekt müxtəlif şəxslərə və şirkətlərə icarəyə verilib. Nəticədə binanın giriş hissəsi və həyət faktiki olaraq kommersiya məqsədli istifadəyə keçib.
Birinci mərtəbə sakinləri bildirirlər ki, sexin fəaliyyəti onların yaşayış şəraitinə ciddi mənfi təsir göstərir.
Belə ki, ümumi istifadə sahələrində antisanitariya halları yaranır, kəskin yemək qoxuları yayılır, giriş-çıxış çətinləşir və ümumi həyətdən istifadə imkanları məhdudlaşdırılır.
Məsələ ilə bağlı şikayətçi İlham Muxtarov 2025-ci ilin sentyabr ayında Yasamal Rayon Məhkəməsinə müraciət etdiyini və hazırda məhkəmə prosesinin davam etdiyini bildirib.
Onun sözlərinə görə, prosesin gedişi qanunsuz tikilinin sökülməsi ilə bağlı qərarın verilməsini qeyri-müəyyən edir.
Qeyd edək ki, məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti sorğumuzu cavablandırmaqdan imtina edib.
Xatırladaq ki, məhkəmənin növbəti iclası 26 may 2026-cı il tarixinə təyin olunub.
Gununsesi.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az