Yasamal rayonunda yaşayış binalarının arasında aparılan tikinti işi artıq sadəcə “obyekt tikilir” məsələsi deyil. Redaksiyamıza təqdim olunan video görüntülərdə yaşayış binasının lap yaxınlığında torpaq qazıntısının aparıldığı, dar ərazidə anbar tipli tikilinin formalaşdırıldığı və işlərin mövcud yaşayış mühitinə son dərəcə yaxın məsafədə görüldüyü aydın şəkildə əks olunur.
Redaksiyaya verilən məlumata görə, qazıntı yaşayış binasından təxminən 5 metr məsafədə aparılır. Lakin bu məsafənin normativ tələblərə uyğun olub-olmadığını, qazıntının binanın bünövrəsinə və dayanıqlığına təsir edib-etmədiyini yalnız aidiyyəti dövlət qurumlarının texniki müayinəsi müəyyən edə bilər.
Görüntülərin yaratdığı əsas sual isə başqadır: yüzlərlə sakinin yaşadığı binanın bir neçə addımlığında belə bir tikinti hansı layihə, hansı mühəndis rəyi və hansı icazə sənədləri əsasında aparılır?
Ərazidə çəkiliş aparan redaksiya əməkdaşlarımızın bildirdiyinə görə, özlərini əvvəlcə ərazinin sahibi kimi təqdim edən şəxslər tikintinin qanuniliyini təsdiq edən sənədləri göstərməyiblər. Sonradan onların tikinti işlərini sifariş əsasında həyata keçirən podratçı və ya vasitəçi şəxslər olduğu barədə məlumat əldə edilib. Redaksiya əməkdaşları həmçinin həmin şəxslər tərəfindən aqressiv münasibətlə qarşılaşdıqlarını bildirirlər.
Çəkiliş qrupu ilə mübahisə zamanı tərəflərdən birinin “ölkədə qanun yoxdur, necə istəyirəm, elə də edirəm” məzmununda ifadələr işlətdiyi və hüquq-mühafizə orqanları ilə hədələdiyi bildirilir. Bu ifadələrin hüquqi qiymətləndirilməsi ayrıca məsələdir və redaksiya qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır. Amma ortada daha vacib məsələ var: torpağın şəxsi mülkiyyət olması heç kimə şəhərsalma və tikinti normalarını kənara qoymaq hüququ vermir.
Burada məşhur atalar sözü yada düşür: “Görünən dağa nə bələdçi?” Görüntülərdə tikinti sahəsinin yaşayış binasına nə qədər yaxın olduğu ortadadır. İndi aidiyyəti qurumlar ictimaiyyətə izah etməlidir ki, bu qazıntının təhlükəsizliyi hansı sənədlə əsaslandırılıb.
Ən mühüm hüquqi məqam isə budur: Bakı şəhərinin inzibati ərazisində tikintiyə icazə vermək Yasamal Rayon İcra Hakimiyyətinin deyil, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətidir. Komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi paytaxtda tikinti və istismar icazələrinin verilməsi ilə məşğuldur.
Deməli, sualı düzgün qoymaq lazımdır: Yasamal Rayon İcra Hakimiyyəti tikintiyə hansı əsasla “icazə” verə bilər? Əgər belə bir razılıq verilibsə, onun hüquqi əsası nədir? Əgər verilməyibsə, onda bu tikinti kimin icazəsi ilə aparılır?
Digər tərəfdən, “icazəni mən vermirəm” deməklə rayon icra hakimiyyətinin məsuliyyəti bitmir. Yerli icra hakimiyyətləri şəhər rayonlarında yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirməli, özbaşına tikinti halları aşkar etdikdə işlərin dayandırılmasını podratçıya tövsiyə etməli, Fövqəladə Hallar Nazirliyini məlumatlandırmalı və materialları Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərməlidir.
Daha maraqlısı budur ki, Yasamal Rayon İcra Hakimiyyətinin öz rəsmi saytında özbaşına aparılan tikinti işlərinin qarşısının alınması üçün ayrıca məsul şəxslərin təyin edildiyi açıq şəkildə göstərilir. Rayon müxtəlif sahələrə bölünüb və həmin ərazilərə konkret RİH əməkdaşları təhkim olunub.
Belə olan halda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərlik etdiyi qurumdan soruşmaq yerinə düşür: rayon ərazisində yaşayış binasının lap yaxınlığında qazıntı aparılıb tikinti həyata keçirilirsə, yerli şəhərsalma nəzarəti bunu görməyibsə, həmin nəzarət mexanizmi nə üçün mövcuddur? Elşad Həsənovun hazırda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olması qurumun öz rəsmi məlumatında da təsdiqlənir.
Burada başqa bir atalar sözü də tam yerinə düşür: “Balıq başdan iylənər.” Söhbət konkret şəxsin qanunsuz göstəriş verdiyini iddia etməkdən deyil, rəhbərlik etdiyi sistemin necə işlədiyinə görə ictimai hesabatlılıqdan gedir. Rayonun öz saytında qanunsuz tikintiyə nəzarət edən əməkdaşların siyahısı varsa, bəs həmin əməkdaşlar haradadır?
Məsələnin ikinci, daha təhlükəli tərəfi isə Fövqəladə Hallar Nazirliyinin məsuliyyət sahəsidir. FHN-in tikinti sahəsində dövlət nəzarətinə dair qaydalarında bu nəzarətin məqsədlərindən biri insanların həyatına, sağlamlığına və əmlakına potensial təhlükə yarada biləcək tikinti işlərinin vaxtında qarşısının alınması kimi göstərilir.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin qaydalarında həmçinin icazə sənədlərinin olmaması, tikinti norma və qaydalarının pozulması və layihədən kənara çıxma kimi hallar üzrə tikinti işlərinin dayandırılması mexanizmləri nəzərdə tutulur.
O zaman Fövqəladə Hallar Nazirliyindən də soruşuruq:
- yaşayış binasının yaxınlığında aparılan bu qazıntıya texniki baxış keçirilibmi?
- inanın bünövrəsinə və konstruktiv dayanıqlığına mümkün təsir hesablanıbmı?
- Geoloji və geotexniki rəy varmı? Qazıntının bərkidilməsi layihəsi mövcuddurmu?
- Tikinti zamanı sakinlərin həyat və əmlak təhlükəsizliyi hansı şəkildə təmin olunur?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə açıq cavab gözləyirik: bu ünvanda tikinti üçün icazə və ya məlumatlandırma icraatı mövcuddurmu? Layihədə anbar tipli tikinti nəzərdə tutulubmu? Ərazidə aparılan faktiki iş təsdiqlənmiş layihəyə uyğundurmu?
Yasamal Rayon İcra Hakimiyyətindən soruşuruq: özbaşına tikintilərə nəzarət üçün təyin etdiyiniz əməkdaşlardan hansı bu əraziyə cavabdehdir və həmin şəxs bu tikintini nə vaxt yoxlayıb?
Əgər bütün sənədlər qaydasındadırsa, ictimaiyyətə təqdim edilsin və suallara nöqtə qoyulsun. Yox, əgər sənəd yoxdursa, yaşayış binasının dibində bu qədər arxayın şəkildə aparılan “bas-tik” kampaniyasına kimin və hansı səviyyədə göz yumduğu araşdırılmalıdır.
Çünki sabah hər hansı fövqəladə hadisə baş verəndən sonra “xəbərimiz yox idi” demək yüzlərlə sakinin təhlükəsizliyinə cavab olmayacaq. Qanun hadisədən sonra günahkar axtarmaq üçün deyil, hadisə baş verməmişdən əvvəl təhlükənin qarşısını almaq üçün işləməlidir.