QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis postunun saxlanılmasının zəruriliyi ayrıca izah tələb edir.
Dövlət qurumlarının mühafizəsi məsələsi ilk baxışdan sıradan təhlükəsizlik proseduru kimi görünə bilər. Hansısa idarənin qarşısında polis əməkdaşlarının dayanması çoxları üçün adi mənzərədir. Lakin söhbət hər hansı obyektin qapısında post saxlamaqdan deyil, bunun nə üçün edildiyindən və dövlət büdcəsinə hansı qiymətə başa gəldiyindən gedəndə məsələ artıq tamam başqa məna kəsb edir.
Çünki dövlət büdcəsi sonsuz resurs deyil. Büdcədən ayrılan hər manatın arxasında cəmiyyətin ödədiyi vergilər, dövlətin gəlirləri və nəticə etibarilə vətəndaşın pulu dayanır. Buna görə də dövlət qurumlarında həyata keçirilən hər bir xərc yalnız “qanunidirmi?” sualı ilə deyil, həm də “zəruridirmi və səmərəlidirmi?” sualı ilə qiymətləndirilməlidir.
Məhz bu prizmadan baxanda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin silahlı polis mühafizəsi ilə bağlı ortaya çıxan məlumatlar ciddi suallar doğurur.
Bu istiqamətdə "Yenixeberorg.com"a daxil olan məlumata görə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin mühafizəsinin təmin olunması üçün hər il təxminən 80 min manata yaxın vəsait ödənilir. Bu ödənişin Baş Mühafizə İdarəsinin Yasamal Mühafizə Şöbəsinə həyata keçirildiyi bildirilir.
80 min manat isə sadəcə mühasibat sənədindəki rəqəm deyil. Bu, bir il ərzində dövlət büdcəsindən konkret bir təhlükəsizlik xidmətinə yönəldilən kifayət qədər ciddi vəsaitdir.
Burada istər-istəməz ən sadə, eyni zamanda ən narahatedici sual meydana çıxır:
QHT-lərə Dövlət Dəstəyi Agentliyini kimdən qoruyurlar?
Bu sualın ortaya çıxması üçün heç bir sensasiya yaratmağa ehtiyac yoxdur. Sadəcə qurumun statusuna və fəaliyyətinə nəzər salmaq kifayətdir.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi strateji enerji obyekti deyil, hərbi müəssisə deyil, kritik infrastruktur obyekti deyil. Qapısından hər gün böyük insan kütlələrinin keçdiyi nəhəng ictimai xidmət mərkəzi də deyil. Qurumun əsas fəaliyyət istiqaməti qeyri-hökumət təşkilatlarına qrant paylamaq və forumlar keçirməklə bağlıdır.
Üstəlik, dövlət idarəçiliyinin sürətlə elektronlaşdığı bir dövrdə əvvəlki illərlə müqayisədə dövlət qurumlarına fiziki müraciətlərin də azalması qaçılmazdır. QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis postunun saxlanılmasının zəruriliyi ayrıca izah tələb edir.
Əgər burada xüsusi təhlükə varsa buyurub açıqlasınlar. Əgər konkret təhlükəsizlik riski mövcuddursa, bu riskin hansı meyarlarla müəyyənləşdirildiyi və silahlı mühafizənin niyə məhz ən uyğun vasitə hesab edildiyi izah edilsin.
Əgər belə bir təhlükə yoxdursa, onda dövlət büdcəsindən hər il 80 min manatın bu məqsədlə xərclənməsinə nə ehtiyac var?
Məsələni daha maraqlı edən başqa bir müqayisə də var.
Ölkədə külli miqdarda maddi sərvətin saxlanıldığı və kommersiya baxımından daha böyük risklərlə üzləşə bilən obyektlər - o cümlədən bahalı mağazalar, qızıl-zinət əşyaları satılan obyektlər və bəzi banklar - müxtəlif texniki təhlükəsizlik sistemlərindən istifadə edir. Siqnalizasiya, mərkəzləşdirilmiş mühafizə sistemləri və digər texnoloji həllər belə obyektlərin təhlükəsizliyinin təmin edilməsində geniş tətbiq olunur.
Belə olan halda təbii sual yaranır:
Əgər yüksək maddi dəyərə malik kommersiya obyektlərinin təhlükəsizliyinin təmin olunmasında texniki vasitələr yetərli hesab edilirsə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qapısında silahlı polisə hansı xüsusi təhlükə səbəb olur?
Bəlkə də ictimaiyyətin bilmədiyi ciddi təhlükə var. Əgər belədirsə, məsələ daha da ciddidir.
Yox, əgər ortada xüsusi təhlükə yoxdursa, onda bu mühafizənin illərlə davam etməsi artıq dövlət vəsaitlərinin səmərəliliyi baxımından araşdırılmalı məsələdir.
Çünki söhbət təkcə bir qurumun girişində dayanan bir-iki polis əməkdaşından getmir. Söhbət bir ildə 80 min manat, bir neçə ildə isə yüz minlərlə manat vəsaitin hansı əsasla xərclənməsindən gedir.
Daha böyük problem isə odur ki, bu yanaşma yalnız bir qurumla məhdudlaşmaya bilər. Müxtəlif dövlət və digər qurumların polis mühafizəsinə götürülməsi praktikası geniş yayılıbsa, artıq ayrı-ayrı obyektlərin deyil, bütövlükdə bu sistemin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi zərurəti yaranır.
Məhz burada Maliyyə Nazirliyinin və digər aidiyyəti qurumların üzərinə ciddi məsuliyyət düşür.
Dövlət vəsaitinin qənaətlə və məqsədyönlü xərclənməsi yalnız maliyyə intizamı məsələsi deyil. Bu, dövlət idarəçiliyinin keyfiyyət göstəricisidir.
Çünki büdcə vəsaiti hər hansı qurumun “xərcləyə biləcəyi pul” deyil. Bu, cəmiyyətin puludur və cəmiyyətin həmin pul barədə sual vermək haqqı var:
QHT-lərə Dövlət Dəstəyi Agentliyi hara, silahlı polis mühafizəsi hara?
QHT-lərə Dövlət Dəstəyi Agentliyini kimdən qoruyurlar və bu qorunmanın qiyməti niyə hər il 80 min manatdır?("Yenixeberorg.com")
Qarşı tərəfin cavab haqqını tanıyırıq.