Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edilib ki, görüşdə Sahibə Qafarova Azərbaycan ilə Gürcüstan arasında tarixən mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinin bu gün qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanaraq uğurla inkişaf etdiyini bildirib.
Bildirilib ki, Azərbaycan və Gürcüstan liderləri tərəfindən ikitərəfli əlaqələrin strateji əhəmiyyəti daim vurğulanır. Bu baxımdan, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd olunub.
Nino Tsilosani Azərbaycanın Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən Gürcüstanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma seçkilərlə bağlı səsləndirilmiş bəyanatın yüksək qiymətləndirildiyi, bu mövqenin mühüm siyasi mesaj olduğu vurğulanıb.
Söhbət zamanı iqtisadi əlaqələrin Azərbaycan–Gürcüstan münasibətlərinin mühüm istiqamətlərindən biri olduğu bildirilib. Bu çərçivədə İkinci İnvestisiya Forumunun təşkilində iştirakın və forumun iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Parlamentlərarası əlaqələrin Azərbaycan–Gürcüstan münasibətlərinin mühüm istiqamətlərindən biri olduğu bildirilib. Gürcüstan Parlamentinin "Şərəf" medalının Milli Məclisin sədri Sahibə Qafarovaya təqdim olunmasının parlamentlərarası əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğu qeyd edilib.
Spiker Sahibə Qafarova öz növbəsində təqdim olunan mükafatı yüksək qiymətləndirib.
Görüşdə qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qrupları, eləcə də parlament komitələri arasında əməkdaşlığın inkişaf etdirilməsinə də diqqət yetirilib. İqtisadiyyat, elm, təhsil və mədəniyyət və digər sahələr üzrə profil komitələr arasında əlaqələrin genişləndirilməsinin, keçirilən görüşlərin və qarşılıqlı səfərlərin, eləcə də yeni təşəbbüslərin bu əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.