Sizin reklam burada 728×90
Son dəqiqə

“Gündə bir bank hesabı açıb borcu ödəmirlər” - İş adamı narazıdır

12.11.2026 17:38 74 1 dəq oxunur
“Gündə bir bank hesabı açıb borcu ödəmirlər” - İş adamı narazıdır
Tikinti sahələrində və digər ərazilərdə ağır texnika ilə müxtəlif xidmətlər göstərən “TLNT Construction” MMC ona ödənilməli olan xeyli miqdarda vəsaiti ala bilmir.
Bu şikayətlə “Qafqazinfo”ya şirkətin rəhbəri Talib Məmiyev müraciət edib.
O bildirib ki, “Sunlight Ecofarm and Agriculture” MMC xeyli vaxtdır rəhbəri olduğu şirkət qarşısında yaranmış öhdəliklərini icra etməkdən boyun qaçırır: “Həmin şirkətin iki yerdə daş karxanası var. Biz onların Qubadlıda olan daş karxanasında frontal yükləyici adlanan texnika ilə yükləmə xidməti, yəni daşların və ya daş qırıntılarının karxananın ərazisində bir yerdən digər yerə yüklənməsi xidmətini göstərmişik. Ödənişlər 2025-ci ilin sentyabr ayından dekabrına qədər yığıldı. Hər dəfə bu gün-sabah deyə-deyə vaxtı uzadırdılar. Mübahisə yanvara qədər uzandı və ödənilməli olan 14632 AZN vəsaitdən 5888 manat ödədilər. 8744 AZN borc qaldı. 2025-ci ilin dekabrından sonra ümumiyyətlə, şirkətin rəhbəri olan Qalib adlı şəxs telefonlara cavab vermədi. Ödəniş etməmələrinin səbəbini izah etmədilər”.
İş adamı əlavə edib ki, yaranmış hal onları çətin vəziyyətə salıb: “Biz də texnikaya texniki xidmətin göstərilməsi, əməkdaşların məvacibi və digər təchizat məsələləri ilə bağlı ödənişlər etməliyik. “Sunlight Ecofarm and Agriculture” MMC-nin öhdəliklərini yerinə yetirməməsi şirkətimizi xeyli ziyana saldı. Öz növbəmizdə biz də bütün sənəd-sübutları toplayıb məhkəməyə müraciət etdik”.
Şikayətçi tərəf Şirvan Kommersiya Məhkəməsinə üz tutub. Onlar cavabdeh “Sunlight Ecofarm and Agriculture” MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək xidmət müqaviləsinə əsasən, 8743,70 manat əsas borc, 10055,25 manat dəbbə pulu və 144.04 manat dövlət rüsumu olmaqla, ümumilikdə 18798,95 manat məbləğin iddiaçı “TLNT Construction” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş ediblər: “Kommersiya məhkəməsi pulun ödənilməsi ilə bağlı qətnamə çıxardı. İcra şöbəsi həmin şirkətin bank hesabına sərəncam da qoyub. Amma onlar şirkətləri üçün gündə bir bank hesabı açmaqla sərəncamdan yayınırlar. Bu yolla bizə olan borclarını ödəməkdən və məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırırlar”.
“Sunlight Ecofarm and Agriculture” MMC-nin vəkili Fərhad Abbasov saytımıza açıqlamasında bildirib ki, kommersiya mübahisəsi ilə bağlı yaranmış borcun bir hissəsi artıq ödənilib: “Qalan borc da yaxın vaxtlarda ödəniləcək”.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az