Sizin reklam burada 728×90
Son dəqiqə

Biləcəridə Şeyxin obyektinə görə sakinlər ETİRAZ EDİR - VİDEO

13.11.2026 14:29 38 1 dəq oxunur
Biləcəridə Şeyxin obyektinə görə sakinlər ETİRAZ EDİR - VİDEO
Binəqədidə növbəti tikinti qalmaqalı: ağır texnika, qazıntı işləri və sakinlərin narahatlığı. Rayon rəhbərliyi bu vəziyyətə niyə müdaxilə etmir?

Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında məmurlara tapşırıb ki, vətəndaşların problemlərinə həssas yanaşsınlar, qanunsuz tikintilərə və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına qarşı ciddi tədbirlər görülsün. Lakin görünən odur ki, bəzi yerlərdə bu xəbərdarlıqlar hələ də lazımi nəticəni vermir.
Belə ki, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində aparılan genişmiqyaslı qazıntı işləri ərazidə yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.
Redaksiyamıza göndərilən videogörüntülərdən də aydın görünür ki, ərazidə ağır texnikanın iştirakı ilə qazıntı işləri aparılır, avtomobil yolunun vəziyyəti isə tamamilə yararsız hala düşüb. Nəticədə sakinlər gündəlik hərəkətdə ciddi çətinliklərlə üzləşir, ərazidə narahatlıq və narazılıq artır.
Məsələ ilə bağlı əməkdaşlarımız sözügedən ünvanda olub, ərazidə çalışan şəxslərlə söhbət aparıblar. İşçilərdən birinin bildirdiyinə görə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də əraziyə gələrək aparılan işlərlə tanış olub.
Ərazidə çalışan şəxslərin sözlərinə görə, qazıntı aparılan torpaq sahəsinin çıxarışı olsa da, müvafiq qurumlardan tikinti və qazıntı işləri ilə bağlı icazələrin alınmadığı iddia edilir. Buna baxmayaraq, işlərin davam etdirilməsi ciddi suallar doğurur.
Daha bir diqqətçəkən məqam isə obyektin Qafqaz Müsəlmanları İdarəsinin şeyxinin yaxın qohumuna məxsus olması barədə səsləndirilən iddiadır.
Əgər bu məlumatlar təsdiqini taparsa, ortaya haqlı sual çıxır: görəsən, sözügedən obyektlə bağlı məsələdə hansısa xüsusi münasibət amili rol oynayırmı? Rayon rəhbərinin əraziyə baxış keçirdikdən sonra hər hansı tədbir görməməsinin səbəbi nədir?
Digər tərəfdən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də bu məsələdə mövqeyi maraq doğurur. Ərazidə aparılan işlərin qanunvericiliyin tələblərinə uyğunluğu, müvafiq icazələrin olub-olmaması aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır.
Sakinlərin rahatlığına, təhlükəsizliyinə və gündəlik həyatına təsir edən belə məsələlərə göz yummaq olmaz. Heç bir şəxsin və ya obyekt sahibinin statusu qanun qarşısında üstünlük yaratmamalıdır.

Nyus.Az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az