İran və Oman Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı xəritəni razılaşdırıblar, lakin bəzi məsələlər üzrə danışıqlar hələ də davam edir.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, Tehran və Maskat boğazdan gəmilərin keçidi üçün marşrut xəritəsini razılaşdırıb, lakin bəzi məsələlər hələ də müzakirə olunur.
İran və Oman, həmçinin Hörmüz boğazından gəmiçiliyin bərpasına şərait yaradacaq sazişin bağlanması ilə bağlı danışıqlar aparırlar.
Mənbələrin məlumatına görə, söhbət 60 günlük müvəqqəti razılaşmadan gedir. Ehtimal olunan şərtlərə əsasən, Fars körfəzi istiqamətində boğazdan keçən bütün gəmilər İranın ərazi sularından keçən şimal marşrutundan istifadə edəcək.
Hörmüz boğazından Ərəbistan dənizi istiqamətində hərəkət edən gəmilər isə İranla koordinasiya şəraitində Oman ərazi sularından keçən cənub marşrutu ilə hərəkət edəcək.