• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Rəqəmsal "yaddaş aclığı": Mümkün ssenarilər və Azərbaycana təsiri - TƏHLİL

Siyasət

Bu gün, 17:09

Texnologiyalar gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilərək iş proseslərimizi köklü şəkildə dəyişib. Əvvəllər manual qaydada həyata keçirilməsi saatlar, bəzən isə günlərlə vaxt tələb edən məlumat analizini bu gün mürəkkəb proqram vasitələri ilə saniyələr içərisində reallaşdırmaq mümkündür. Məlumatların analizi prosesində əsas komponentlərdən biri operativ yaddaşdır (RAM). Sərt disklərdən (HDD/SSD) fərqli olaraq, RAM aktiv məlumat massivlərini, hesablama proseslərinin aralıq nəticələrini və icra edilən proqram kodunu yaddaşında saxlayır. Bu xüsusiyyət mürəkkəb sorğuların emalını, maşın öyrənməsi alqoritmlərinin tətbiqini və "Big Data" ilə real vaxt rejimində işləmə prosesini dəfələrlə sürətləndirir.

Belə ki, noutbuk, smartfon və oyun konsollarında operativ yaddaş eyni anda neçə tətbiqin paralel fəaliyyət göstərə biləcəyini, proqramların nə dərəcədə tez yüklənəcəyini və sistemin yüksək yüklənmə şəraitində necə performans nümayiş etdirəcəyini təyin edir. Sənaye kompüterləri isə operativ yaddaşdan idarəetmə sistemlərinin fəaliyyəti, HMI interfeysləri, SCADA platformaları, həmçinin sensorlardan və kameralardan daxil olan məlumat axınlarının işlənməsi üçün faydalanır.

Yarımkeçirici bazarında yeni böhran

Texnologiya sahəsindəki irəliləyiş, əsasən də süni intellekt istiqamətindəki görünməmiş sıçrayış operativ yaddaş bazarının vəziyyətini tamamilə dəyişdirib. Son beş illik dövr ərzində bazar ən azı iki dəfə belə kəskin dönüşlə üzləşib. İlk halda bu, COVID-19 pandemiyasının yaratdığı tədarük zəncirlərindəki fasilələr və komponentlərin istehsalındakı gecikmələrlə bağlı idi.

Koronavirusun geniş yayılmasının qarşısını almaq üçün dövlətlərin karantin tədbirləri tətbiq etməsi nəticəsində milyonlarla insan kütləvi qaydada uzaqdan işləmə və distant təhsil rejiminə keçmək məcburiyyətində qaldı. Bu proses kompüter, noutbuk, planşet və smartfonlara olan tələbatın qəfil və kəskin şəkildə yüksəlməsinə səbəb oldu. Tələblə təklif arasındakı müvazinətin pozulması yarımkeçirici çiplərin ciddi qıtlığı ilə nəticələndi. Düzdür, məhdudiyyətlərin yumşaldılması ilə birlikdə böhranlı durum getdikcə sabitləşməyə başladı. Lakin indiki böhran əvvəlki vəziyyətlərdən həm mahiyyəti, həm əhatə dairəsi, həm də uzunmüddətli təsirləri baxımından əsaslı surətdə fərqlənir.

İlk növbədə qeyd etmək lazımdır ki, xüsusilə son bir il ərzində süni intellekt sahəsində köklü dönüşlər yaşanıb. 2022-ci ildən etibarən süni intellekt fasiləsiz olaraq inkişaf edir. Hər yeni buraxılan model özündən əvvəlki versiyadan nəzərəçarpacaq dərəcədə üstün olduğu kimi, modellər arasındakı zaman intervalı da əhəmiyyətli dərəcədə azalıb. Ən müasir modellər dəqiqələr ərzində on minlərlə sətirdən ibarət kod yazmaqla istənilən proqram təminatını hazırlayır və sınaqdan keçirir.

Əgər bu müddətdə istifadəçi hər hansı elementin görünüşündən narazı qalırsa, geri dönərək həmin hissəni dəyişdirir və razılıq əldə olunana kimi təkmilləşdirmə prosesi davam etdirilir. Tətbiqin bütün standartlara tam uyğun gəldiyinə əmin olduqdan sonra onu sınaq məqsədilə istifadəçilərə təqdim edir. Bu prosesdə insandan tələb olunan yalnız gələcək tətbiqin konsepsiyasını izah etmək, onu hansı formada və funksionallıqda görmək istədiyini süni intellektə bildirməkdir. Cəmi bir il öncə belə bir şeyi xəyal etmək mümkün deyildi. Başqa sözlə, bu gün süni intellekt sadə köməkçi alətdən kodlaşdırma kimi mürəkkəb prosesləri insandan dəfələrlə sürətlə yerinə yetirən güclü bir texnologiyaya çevrilib.

Süni intellekt sənayesi dünya operativ yaddaş istehlakının 70 %-ini mənimsəyir

Nəzərə almaq lazımdır ki, bugünkü süni intellekt modelləri aralıq verilənlərin saxlanması və paralel hesablama prosesləri üçün böyük tutumlu yaddaş resurslarına ehtiyac duyur. Bu, müvafiq infrastrukturun operativ şəkildə genişləndirilməsini və nəticədə külli miqdarda investisiya yatırımlarını zəruri edir. Belə ki, biznes və texnologiya analitikası sahəsində ixtisaslaşan "Gartner" şirkətinin məlumatlarına əsasən, keçən il qlobal miqyasda süni intellektə çəkilən xərclər 1,76 trilyon ABŞ dollarına bərabər olub ki, bunun da 965 milyard ABŞ dolları infrastruktur təminatı ilə əlaqədar idi. Cari il üçün isə süni intellektə yönələn proqnozlaşdırılan beynəlxalq xərclərin 2,5 trilyon ABŞ dollarına çatacağı gözlənilir. Həmin məbləğin 1,37 trilyon ABŞ dollarının infrastruktur layihələrinə xərclənəcəyi ehtimal olunur. Gələn ilə dair gözləntilər isə ümumi xərclər baxımından 3,34 trilyon ABŞ dolları, infrastruktur sahəsində isə 1,75 trilyon ABŞ dolları səviyyəsindədir.

İnfrastrukturun genişləndirilməsi əvvəllər müşahidə olunmamış həcmdə operativ yaddaş tələbatının yaranmasına səbəb olur. Belə ki, böyük dil modellərinin təlimi və serverlərin işə salınması yüksək ötürmə qabiliyyətli xüsusi HBM ("High Bandwidth Memory") yaddaşının, xüsusilə HBM3e və HBM4 standartlarının tətbiqini labüd edir. HBM-in istehsal prosesi isə ənənəvi DDR4 və ya DDR5 yaddaşlarla müqayisədə olduqca mürəkkəbdir. Bir HBM modulunun hazırlanması adi yaddaşdan 3 qat artıq resurs sərf olunmasını tələb edir. Bu hal istehsalçıları məhdud imkanlardan daha effektiv yararlanmağa yönləndrir. Onlar əksər hallarda DDR3, DDR4 və ya DDR5 əvəzinə HBM istehsalına daha çox diqqət ayırır.

Vəziyyətin ziddiyyətli tərəfi odur ki, süni intellekt sektoru eyni zamanda DRAM (Dinamik Təsadüfi Giriş Yaddaşı) sifarişlərinin əhəmiyyətli payını da öz əlinə keçirə bilib. Ancaq "OpenAI" (ChatGPT-nin yaradıcısı) dünya bazarında ən iri iki şirkət olan "Samsung Electronics" və "SK Hynix"dən (DRAM bazarının 70 %-i, HBM bazarının 80 %-i onların payına düşür) 2029-cu ilədək məlumat mərkəzlərinin təchiz olunması məqsədilə hər ay 900 min DRAM yarımkeçirici lövhəcik əldə edəcək. Bu rəqəm qlobal aylıq çip istehsalının 40 %-nə bərabərdir. Ümumilikdə isə bəzi hesablamalara görə, cari ildə dünya üzrə operativ yaddaş istehlakının 70 %-ə yaxın hissəsi məhz məlumat mərkəzlərinin üzərinə düşəcək.

Bu kontekstdə qeyd edək ki, AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC-dən "Report"un sorğusuna cavab olaraq bildirilir ki, potensial çatışmazlıqların qarşısının alınması məqsədilə şirkətin satınalma strategiyası çərçivəsində alternativ təchizatçı kanalları, əvvəlcədən planlaşdırılmış tədarük cədvəlləri və lazımi ehtiyat komponent mexanizmləri fəal şəkildə nəzərdən keçirilir: "Şirkətin əsas hədəflərindən biri qlobal bazardakı qeyri-müəyyənliklərə baxmayaraq, məlumat mərkəzlərinin yüksək performansını qorumaq, eyni zamanda "AzInTelecom" tərəfindən göstərilən rəqəmsal xidmətlərin tam dayanıqlı və kəsilməz fəaliyyətini təmin etməkdir. Ölkənin ən böyük "bulud" provayderi olaraq, tikintisi davam edən yeni data mərkəzlərinin layihələndirmə mərhələsində əsas qlobal risklər və uzunmüddətli tələbat proqnozları hərtərəfli araşdırılıb, bütün avadanlıq konfiqurasiyaları modul və miqyaslana bilən prinsiplər üzərində qurulub".

Qurum həmin yanaşmanın gələcəkdə ortaya çıxa biləcək istənilən bazar məhdudiyyətlərindən asılı olmadan operativ yaddaş və digər kritik komponentləri ehtiyaca müvafiq olaraq mərhələli və çevik formada artırmaq imkanı verdiyini vurğulayıb.

Operativ yaddaş qıtlığı Azərbaycana necə təsir edəcək?

Hazırda operativ yaddaş qıtlığı birinci növbədə istehlak elektronikası sahəsinə, xüsusilə kompüter və noutbuk istehsalı seqmentinə öz təsirini göstərib. Məlumdur ki, Azərbaycanda da kompüter və noutbuk istehsalı həyata keçirilir. Belə ki, keçən il ölkədə 27 645 ədəd noutbuk və 2 920 ədəd stolüstü kompüter buraxılıb. Bu rəqəmlər 2024-cü ilin göstəriciləri ilə müqayisədə müvafiq qaydada 3,5 % artım və 52 % azalma deməkdir. Yanvar ayının statistikasına nəzər salsaq, bir il öncəki dövrlə müqayisədə noutbuk istehsalı 17 dəfə, kompüter istehsalı isə 13 dəfə geriləyərək müvafiq olaraq 32 və 20 ədədə enib.

Məsələ ilə bağlı "Report"a açıqlama verən "Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu" İctimai Birliyinin icraçı direktoru Fərid Kazımov məhz operativ yaddaş qıtlığı baxımından Azərbaycana ciddi təsirin olacağını proqnozlaşdırmadığını qeyd edib: "Mingəçevirdəki zavodda dünya brendi olan "Acer" kompüterləri yığılır. Yəni lazımi komponentlərin təmin edilməsi və ölkəyə idxalı "Acer" şirkətinin öz fəaliyyət çərçivəsində reallaşdırılır. Əgər buraxılan kompüterlər yerli brend altında istehsal olunsaydı, müəyyən çətinliklərin yaranma ehtimalından danışmaq mümkün olardı. İndiki halda bunu deməyə əsas yoxdu".

Bununla yanaşı, ekspert operativ yaddaş qıtlığının hazır məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olacağı fikrindədir: "Məsələ yalnız operativ yaddaş çatışmazlığı ilə məhdudlaşmır. Bunun iqtisadi nəticələri labüddür. Bazar iqtisadiyyatı prinsiplərinə əsasən, hər hansı bir komponentin azlığı tələb və təklif balansının pozulmasına, nəticədə həmin məhsulun qiymətinin qalxmasına yol açır. Hazırki şəraitdə operativ yaddaş defisiti onun dəyərinin bahalaşması ilə müşayiət olunur. Bu da öz növbəsində həmin komponentin istifadə edildiyi qurğuların, o cümlədən kompüter, noutbuk və smartfonların maya dəyərinin yüksəlməsinə gətirib çıxaracaq. Bu, qlobal miqyaslı bir proses olduğundan Azərbaycan da bu təsirdən kənarda qalmayacaq".

Bundan əlavə, operativ yaddaş qıtlığı şirkətlərin gəlirliliyinə mənfi təsir göstərir, korporativ strategiyalarına əngəl yaradır və qiymət artımı ilə müşayiət olunur.

Kiçik şirkətlər "sağ qalmaq" mübarizəsini aparır

"Acer" şirkətinin sədri və baş icraçı direktoru Ceyson Çen komponentlər bazarındakı mövcud durumla əlaqədar öz proqnozunu açıqlayıb. Onun fikrincə, yaddaş mikrosxemləri üzrə qıtlıq ən azı 2026-cı ilin ortalarınadək aradan qalxmayacaq. C.Çen son dövrdə yaddaş elementlərinin qiymətinin 50-100 % intervalında bahalaşdığını qeyd edərək, istehlakçıların hazır məhsulların dəyərinin yüksəlməsinə hazır olmalı olduğunu bildirib.

Nəhəng elektronika istehsalçıları isə bu şəraitdə alternativ təchizat mənbələrinə yönəlmək məcburiyyətində qalıblar. Dünyanın ən iri fərdi kompüter istehsalçıları olan "HP", "Dell", "Acer" və "Asus" qlobal yaddaş qıtlığının aradan qaldırılması yolu kimi ilk dəfə olaraq Çin istehsalı yaddaş çiplərindən yararlanma variantını araşdırmağa başlayıblar. "HP" 2026-cı ilin ortalarınadək operativ yaddaş təklifinin məhdud qalacağı və qiymətlərin yüksəlməyə davam edəcəyi halında ABŞ-dan kənar bazarlar üçün "ChangXin"dən məhsul tədarük etməyə başlaya bilər. "Dell" artıq "ChangXin"in operativ yaddaş modullarını test mərhələsinə keçirib. "Acer" isə üçüncü tərəf təchizatçıları vasitəsilə alınması şərtilə Çin istehsalı çiplərdən istifadəyə hazır olduğunu elan edib. "Asus"un isə bəzi noutbuk layihələri üçün yaddaş təmin etmək məqsədilə Çindəki tərəfdaşlarından dəstək istədiyi məlum olub.

Yaddaş çiplərinin qıtlığı yeni məhsulların bazara təqdim edilməsini ciddi risk altına alır. "Sony" şirkəti növbəti nəsil "PlayStation" oyun konsolunun təqdimatını 2028-ci, hətta 2029-cu ilə təxirə salmağı nəzərdən keçirir. Proqnozlara əsasən, konsolların satış həcmi 2025-ci ildəki 5,8 %-lik artımdan sonra cari ildə 4,4 % geriləyəcək.

Böhran hər şeydən əvvəl kiçik şirkətlərə ağır zərbə vurur. İri cihaz istehsalçılarından fərqli olaraq, onlar öz təchizatçılarından kifayət qədər yaddaş mikrosxemi əldə edib istehsal prosesini tamamlaya bilmirlər. Bu vəziyyət elektronika sahəsində fəaliyyət göstərən çoxlu sayda şirkətin fəaliyyətini dayandırmasına və ya iş istiqamətini dəyişdirməsinə səbəb ola bilər. Məsələn, "Xiaomi"nin birbaşa rəqibi olan Çinin digər nəhəng şirkəti "Meizu" cari ildən etibarən smartfon istehsalına tamamilə son qoyaraq avtomobillər üçün süni intellektə əsaslanan proqram təminatının işlənib hazırlanmasına fokuslanıb.

Mövcud vəziyyəti ən bariz şəkildə qiymət müqayisələri ortaya qoyur. Müasir kompüterin maya dəyərinin 35 %-dən çox hissəsi artıq yalnız operativ yaddaşın üzərinə düşür. Təkcə son üç ay ərzində bu rəqəm təqribən iki dəfə yüksəlib. Yarım ildən az müddət ərzində isə bəzi yaddaş növlərinin qiyməti dörd qata yaxın artıb. "Gartner" analitikləri 2026-cı ilin sonunadək DRAM və fleş-yaddaş qiymətlərinin əlavə olaraq 130 % bahalaşacağına əmindirlər.

Fərdi kompüter və smartfon tədarükündə kəskin azalma gözlənilir

"Gartner" analitikləri qiymətlərin yüksəlməsi şəraitində həm korporativ, həm də fərdi istifadəçilərin öz kompüter və smartfonlarından daha uzun müddət istifadə edəcəyini və yeni cihazlara keçidi sonraya saxlayacağını proqnozlaşdırırlar. Bu tendensiya nəticəsində fərdi kompüterlərin istismar müddəti korporativ seqmentdə 15 %, adi istehlakçılar arasında isə 20 % artacaq.

"Gartner"in hesablamalarına əsasən, yaddaş qiymətlərinin sürətli bahalaşması ilk olaraq büdcəli kompüterlərin bazardan silinməsinə səbəb olacaq. Bu amil 2026-cı ilin nəticələrinə görə kompüterlərin qlobal miqyasda tədarük həcmini aşağı salacaq. Smartfon seqmentinə təsirin isə bir qədər gec hiss olunacağı ehtimal edilir. Belə ki, 2026-cı ilin yekunlarına əsasən fərdi kompüter tədarükü əvvəlki illə müqayisədə 10 %-dən artıq, smartfon tədarükü isə 8 % geriləyəcək.

Mövcud durumu daha da çətinləşdirə biləcək əsas amillərdən biri qlobal DRAM istehsalının son dərəcə dar çərçivədə cəmləşməsidir. Dünya bazarının 90 %-dən çoxu cəmi üç şirkətin – "Samsung Electronics", "SK Hynix" və "Micron Technology"nin nəzarəti altındadır. Belə konsentrasiya bazarı olduqca zəif və həssas edir. Bu şirkətlər məntiqli şəkildə ən rentabelli sahələrə, yəni süni intellekt və serverlər üçün nəzərdə tutulan yaddaş modullarına diqqət yetirirlər. İstehlakçılara yönəlmiş DDR4 və DDR5 modulları isə prioritetdə arxa sıraya keçir. İstehsal güclərinin genişləndirilməsi isə yeni fabriklərin inşası və əlavə istehsal xətlərinin quraşdırılmasının mürəkkəbliyi ucbatından ən azı iki il müddət tələb edir. Bütün bu faktorlar nəzərə alınanda, tədarükün yaxın gələcəkdə bərpa olunması və operativ yaddaş qiymətlərinin normallaşması ehtimalı son dərəcə aşağı görünür.

Yaxın Şərqdəki gərginlik yaddaş çiplərinin qlobal çatışmazlığını daha da kəskinləşdirə bilər

Yaxın Şərq bölgəsində baş verən son hadisələrin yaddaş çiplərinin çatışmazlığı ilə əlaqədar mövcud vəziyyəti daha da gərginləşdirəcəyi proqnozlaşdırılır. Bunun əsas səbəbi İranın ABŞ və İsrailin hücumlarına qarşı cavab addımları oldu. İran İsrailin və ABŞ-nin bölgədəki müttəfiqlərinin ərazilərinə zərbələr endirdi. Dünya miqyasında mayeləşdirilmiş təbii qaz (LNG) təchizatının 20 %-ini təmin edən "Qatar Energy" dövlət enerji şirkəti istehsal obyektlərinə edilən hücumlardan sonra fəaliyyətini tamamilə dayandırıb. Eyni zamanda İran Hörmüz boğazının gəmi hərəkəti üçün bağlandığını bəyan edib. Bu bəyanatdan sonra regionda ən azı beş tanker atəşə tutulub və pilotsuz uçuş aparatları vasitəsilə hücumlara məruz qalıb.

Nəzərə almaq lazımdır ki, Hörmüz boğazı dünya iqtisadiyyatı baxımından strateji əhəmiyyət daşıyan nəqliyyat arteriyasıdır. İraqın ümumi neft ixracatının 97 %-i, Səudiyyə Ərəbistanının 89 %-i, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 66 %-i, həmçinin İran, Küveyt və Qətərin qlobal bazarlara göndərilən bütün nefti bu boğazdan keçir. Ümumilikdə isə qlobal neft istehlakının təqribən 20 %-i, Fars Körfəzi dövlətlərindən LNG ixracatının 30 %-i, Asiyanın gündəlik neft idxalatının 2 milyon bareli məhz bu marşrutla daşınır. Boğazdan nəql olunan xam neftin və LNG-nin 80 %-dən çoxu Asiya bazarlarına istiqamətlənib.

Qlobal yarımkeçirici bazarının əsas oyunçuları olan Tayvan, Cənubi Koreya və Yaponiya Fars körfəzi ölkələrindən neft və mayeləşdirilmiş təbii qaz idxalından kritik səviyyədə asılı vəziyyətdədir. Məsələn, Yaponiya xam neft təchizatının 95 %-dən çoxunu Yaxın Şərqdən əldə edir. Bundan başqa, ölkə hər il Fars körfəzi zonasından təxminən 7 milyon ton mayeləşdirilmiş təbii qaz alır ki, bunun da böyük hissəsi Qətərin payına düşür. Cənubi Koreya isə xam neftinin təxminən 70 %-ini və LNG-nin 20 %-ini Yaxın Şərqdən tədarük edir. Tayvan da demək olar ki, bütün LNG ehtiyacını idxal yolu ilə ödəyir. Təchizatın təxminən üçdə biri artıq istehsalını dayandırmış Qətərdən gəlir. Qətər qazına və ya Yaxın Şərq neftinə hətta bir neçə həftəlik çıxışın itirilməsi istehsal xətlərinin dayanmasına gətirib çıxara bilər. Hətta bu ölkələr alternativ təchizat mənbələri müəyyənləşdirsələr belə, enerji daşıyıcılarının kəskin bahalaşması çip istehsalçılarının məhsul buraxılışına çəkilən xərcləri əhəmiyyətli dərəcədə artıracaq.

Təsir yalnız neft və qaz qıtlığı ilə məhdudlaşmır. Digər ciddi təhdid yarımkeçirici istehsalı üçün zəruri olan xammalın təchizatı ilə bağlıdır. Söhbət yarımkeçirici sənayesində geniş istifadə olunan helium və bromdan gedir. Qətər ABŞ-dən sonra dünyanın ikinci ən böyük helium istehsalçısı və tədarükçüsüdür (qlobal istehsalın təxminən 38 %-i). Məlum səbəblərdən bütün dünya yarımkeçirici sənayesi helium qıtlığı ilə qarşılaşa bilər. Yaddaş çiplərinin qlobal təchizatının üçdə ikisini təmin edən Cənubi Koreyada artıq bu məsələ ilə əlaqədar ciddi narahatlıq yaranıb. Ölkənin yarımkeçirici sektoru 14 adda material və avadanlığın, o cümlədən helium və bromun Yaxın Şərqdən tədarükündən asılıdır. Belə ki, Cənubi Koreyanın yaddaş istehsalçıları istifadə etdikləri bromun 97,5 %-ini İsraildən alırlar. Hazırkı şəraitdə ölkənin başqa tədarükçülərə keçidi o qədər də asan olmayacaq. Çünki bu proses xammalın və komponentlərin hərtərəfli seçim və sertifikasiya prosedurunu tələb edəcək.

İranın zərbələrinin ardından ən böyük müqaviləli çip istehsalçılarının ilk onluğuna daxil olan İsrailin "Tower Semiconductor" şirkəti müştərilərinə məhsul təchizatını dayandırmaq barədə qərar verib. Şirkətin müştəriləri sırasında "Intel" və "Samsung Electronics" kimi texnoloji nəhənglər yer alır.

Bir sözlə, hazırkı operativ yaddaş çatışmazlığı müvəqqəti böhran deyil, rəqəmsal iqtisadiyyatın dərin transformasiyasının nəticəsidir. Bu, istehlakçılar üçün qiymət artımı, daha az sərfəli konfiqurasiyalar və cihazların daha yavaş yenilənməsi deməkdir. Şirkətlər üçün isə uzunmüddətli planlaşdırma, erkən satınalmalar və strategiyaların yenidən nəzərdən keçirilməsi zərurətidir. Yəni nə qədər ki, süni intellekt infrastrukturu bir nömrəli prioritet olaraq qalır, yaddaş bazarındakı gərginlik daha da dərinləşəcək.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Ölkə

4-03-2026, 09:03

Akademik Əli Abbasov: “Azərbaycan rəqəmsal inkişaf sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub” FOTOLAR

Təhsil

14-01-2025, 21:05

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Cəmiyyət

26-12-2025, 15:50

Akademik Arif Həşimov: “Dövlət başçısının qarşıya qoyduğu vəzifələr sənayenin inkişafında yeni strateji istiqamətlərin formalaşmasını şərtləndirir”

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

16-11-2024, 14:43

Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Cəmiyyət

17-01-2025, 14:47

Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL

Cəmiyyət

6-07-2024, 11:45

İqlim dəyişikliyi və COP-29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!

Araşdırma

20-09-2023, 13:06

Naxçıvanın dövlət proqramında çatışmayan “Baden-Baden” nümunəsi

Gündəm / Siyasət

29-01-2026, 13:19

Mirzoyandan Avropaya mesaj - Ermənistanın gələcəyi Azərbaycanla əməkdaşlıqdan asılıdır - ŞƏRH

Araşdırma
Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Fuad Qəhrəmanlı axtarışa verildi
Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
Hadisə
Bu gün, 14:39
Salyanda baş verən yol qəzasında ölən şəxsin narkotik vasitə daşıdığı müəyyən olunub
Bu gün, 12:37
İcra başçısı Nəsimini SOYMAĞA BAŞLAYIB... - Budaqov BUDAYIR...
9-03-2026, 11:37
Sumqayıtda sexdə partlayış zamanı xəsarət alan şəxs xəstəxanada ölüb
7-03-2026, 17:30
Təmizlik maşınının vurduğu 26 yaşlı qız öldü
7-03-2026, 15:35
Komendant işlədiyi binadan yıxılıb öldü
7-03-2026, 11:00
46 yaşlı qadın bıçaqlandı - Oğlu şübhəli bilinir
Xəbər lenti
  • Bu gün, 17:29
    İlham Əliyev: Azərbaycan və Ermənistan sülhə təkcə kağız üzərində nail olmayıb, o realdır
  • Bu gün, 17:18
    İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq
  • Bu gün, 17:09
    Rəqəmsal "yaddaş aclığı": Mümkün ssenarilər və Azərbaycana təsiri - TƏHLİL
  • Bu gün, 16:11
    Ölkə üzrə pensiyalar tam ödənilib
  • Bu gün, 15:56
    İş adamı Rasim Nəbiyev Bakıdaxanovda necə qanunsuz inşa işləri gördürür? -Video
  • Bu gün, 15:27
    Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edib
  • Bu gün, 15:06
    Kürdəmir Təcili Yardımda ŞOK İDDİALAR: “Biznes şəbəkəsi”, saxtakarlıq və gizlədilən sübutlar?
  • Bu gün, 14:44
    KİV: Baltik və Şimal ölkələri Ukraynanı dəstəkləməyə hazırdır
  • Bu gün, 14:39
    Salyanda baş verən yol qəzasında ölən şəxsin narkotik vasitə daşıdığı müəyyən olunub
  • Bu gün, 14:14
    Məişət texnikası alarkən ən vacib qərar və gizli təhlükələr
  • Bu gün, 13:49
    Ailədə konfliktlər qaçılmazdır, bəs həlli? – Mediasiya müasir çıxış yolu kimi
  • Bu gün, 13:48
    AMEA-da Böyük Qayıdış prosesi faktlar və sənədlər əsasında araşdırılır
  • Bu gün, 13:45
    ADU-da konsert ənənəsi davam edir – Tələbələr Röya, Aygün və Manananı görmək istəyir
  • Bu gün, 13:16
    Qubanın üç kəndinin adının dəyişdirilməsi təklifi bəyənilib
  • Bu gün, 13:09
    Sumqayıtda “Bravo”da müştəriləri aldadırlar? FOTO
  • Bu gün, 12:53
    Emin Əmrullayev Şuşada tədris prosesini izləyib
  • Bu gün, 12:37
    İcra başçısı Nəsimini SOYMAĞA BAŞLAYIB... - Budaqov BUDAYIR...
  • Bu gün, 12:11
    Sudan lideri Prezident İlham Əliyevə məktub ünvanlayıb
  • Bu gün, 12:00
    Gözdən əlilin probleminə KOR QALANLAR... - NARAZILIQ VAR...
  • Bu gün, 11:29
    KİV: İrana qarşı istifadə olunmuş “Patriot”ların sayı onun illik istehsalından 2 dəfə çoxdur
  • Bu gün, 10:50
    “Kids Era” bağçasında zorakılıq iddiaları - TƏFƏRRÜAT
  • Bu gün, 10:08
    Adil Kərimlinin Hacıqabulda vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • Bu gün, 09:54
    Sabunçuda TİKİNTİ XAOSU... DAVAM EDİR
  • Bu gün, 09:33
    Cəlilabad və Biləsuvarın bəzi ərazilərində iki saat işıq olmayacaq
  • Dünən, 20:16
    Bu gün Beynəlxalq Qadın Hakimlər Günüdür
  • Dünən, 20:02
    Ədəbiyyat Muzeyində ədəbi-musiqili tədbir: “Sözün Xaqanı” - FOTOLAR
  • Dünən, 19:02
    Müğənni Aydan İbrahimli nişanı niyə qaytarıb? - ƏTRAFLI
  • Dünən, 18:59
    Efirlərdə kimləri görmək istəyirlər? – Gəncə sakinləri arasında sorğu keçirildi
  • Dünən, 18:12
    “Vitrində 8,99 manat, kassada isə 12,59 manat” - “Bravo”da qiymət fərqi müzakirə yaratdı
  • Dünən, 18:07
    TVM və İnnova şirkətlər qrupu batır? FOTOLAR
  • Dünən, 16:09
    Məleykə Abbaszadə bu dəfə də “imtahan”dan keçə bilmədi - ŞƏRH
  • Dünən, 15:44
    İsrail ordusu Tehrandakı yeraltı ballistik raket sınaq obyektini vurub
  • Dünən, 15:33
    Səfərbərlik Xidməti üçün satınalmalarda ehtimal qiyməti işləmir - ARAŞDIRMA
  • Dünən, 15:09
    Təxliyə olunan: "Proses yüksək səviyyədə həyata keçirildi"
  • Dünən, 15:00
    Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır - İLGİNC FAKTLAR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə