AMEA-nın akademik-katibi, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov Azərbaycanın energetika sahəsində tanınmış alimlərindən biridir. Bacarıqlı elm təşkilatçısı, görkəmli ictimai xadim Arif Həşimov AMEA-nın 80 illik yubileyində Prezident İlham Əliyevin çıxışı, ölkəmizdə energetika sahəsində aktual elmi problemlər, qarşıya qoyulan vəzifə və prioritetlərdən danışıb, suallarımızı ətraflı cavablandırıb.
– Hörmətli Arif müəllim, dövlət başçısı Cənab İlham Əliyev AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı qeyd etdi ki, bərpaolunan enerji sahəsində Azərbaycan ön sıralardadır və son illərdə Qarabağ və Şərqi Zəngəzurda 30-dan çox su elektrik stansiyası inşa olunub. Sizcə, bu layihələr ölkəmizin enerji balansına və regionun dayanıqlı inkişafına hansı mühüm töhfələri verir?
– Əvvəlcə onu qeyd edim ki, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə elmi ictimaiyyət qarşısında proqram xarakterli, dərin məzmunlu çıxışı zamanı ölkəmizin enerji təhlükəsizliyinin mühüm istiqamətlərindən biri olan bərpaolunan alternativ enerji mənbələrindən istifadə məsələlərinə xüsusi diqqət yetirmişdir. Dövlət başçısı vurğulamışdır ki, son illər bu sahədə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycanda 2030-cu ilədək böyük gücə malik Günəş, külək və su elektrik stansiyalarının tikintisi və istismara verilməsi nəzərdə tutulur. Bu yanaşma, eyni zamanda, yeni bir sənaye sahəsinin formalaşmasını və sənayenin inkişafında növbəti strateji istiqamətin müəyyənləşdirilməsini şərtləndirir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanda icra olunan bərpaolunan enerji layihələrinin genişmiqyaslı xarakter daşıdığını, təkcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında son beş il ərzində 30-dan çox su elektrik stansiyasının inşa edildiyini vurğulamışdır. Həqiqətən də, son illər dövlət başçısının birbaşa təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı quruculuq və tikinti layihələri respublikamızın strateji inkişaf planına uyğun olaraq dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir.
Məlumdur ki, dekabrın 24-ü Prezident İlham Əliyevin doğum günüdür. Bu münasibətlə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “AzərEnerji” ASC tərəfindən dövlət başçısının son 20 illik fəaliyyəti dövründə elektroenergetika sahəsində əldə olunan nailiyyətlərə həsr olunmuş “Nur Zəfəri” adlı sənədli film hazırlanmışdır. Film “AzərEnerji” ASC-nin rəsmi saytında yerləşdirilmişdir. Sənədli filmdə Prezident İlham Əliyevin düşünülmüş və ardıcıl enerji strategiyası, eləcə də elektroenergetika sahəsində qazanılmış mühüm uğurlar əksini tapıb.
Filmdə, eyni zamanda, azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə formalaşdırılan enerji infrastrukturu milli bərpa strategiyasının mühüm tərkib hissəsi kimi təqdim olunub. “Yaşıl enerji” strategiyası, ölkəmizin COP29-a uğurla ev sahibliyi etməsi, beynəlxalq enerji layihələrinin reallaşdırılması və Azərbaycanın regional enerji liderinə çevrilməsi dövlət başçısının uzunmüddətli strateji baxışının nəticəsi kimi dəyərləndirilib.
Həmçinin filmdə, Azərbaycan energetikasının tarixinə və keçdiyi inkişaf yoluna nəzər salınıb, Ulu Öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan energetika sistemindən geniş bəhs olunub. Ümummilli Lider Heydər Əliyev ölkəmizdə müstəqil enerji sisteminin yaradıcısı, bu sahənin əsaslı və köklü şəkildə formalaşdırılmasında mühüm xidmətləri olan dahi şəxsiyyət kimi təqdim edilib. Qeyd etmək lazımdır ki, Azərbaycanın elektrik enerjisi sisteminin sürətli inkişaf mərhələsi Ulu Öndərin respublikaya rəhbər seçildiyi dövrdən başlamış, ölkədə müstəqil enerji sistemi formalaşdırılmış və dövlətimizin enerji təhlükəsizliyi təmin edilmişdir.
Ümummilli Lider öz çıxışlarında müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanın özünü tam təmin edən energetika potensialına malik vahid bir enerji şəbəkəsinin qurulmasının vacibliyini xüsusi vurğulamışdır. Bu strateji xəttin nəticəsi olaraq, müstəqil respublikamız bu gün yalnız öz enerji təhlükəsizliyini təmin etməklə kifayətlənmir, eyni zamanda, elektrik enerjisinin ixracı üçün də böyük potensiala malikdir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və Prezident İlham Əliyevin bu siyasi xətti uğurla davam etdirməsinin nəticəsidir. Enerji təhlükəsizliyində alternativ və bərpaolunan enerji mənbələrinin xüsusi rolu isə Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında aydın şəkildə ifadə olunmuşdur. Dünən atılan strateji addımlar bu günün reallığına çevrilmiş, Azərbaycan artıq qlobal enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biri kimi tanınmışdır.
– Prezident İlham Əliyev çıxışı zamanı Günəş, külək və su elektrik stansiyalarının inşasını sənayenin inkişafının növbəti istiqaməti kimi müəyyənləşdirdi və Azərbaycan alimlərini bu sahədə fəal olmağa dəvət etdi. Dövlət başçısının bu çağırışlarının əhəmiyyəti ilə bağlı fikirlərinizi eşitmək istərdik. Bu prosesdə elmi qurumların rolunu necə qiymətləndirirsiniz?
¬– Qeyd etdiyiniz kimi, cənab Prezident öz çıxışında respublikamızın iqtisadi inkişafının sürətləndirilməsi və Azərbaycanın gələcək inkişafının təmin olunması məqsədilə alimlərimizi daha fəal olmağa çağırmışdır. Bu, dövlət başçısının elmi ictimaiyyətə ünvanlanmış mühüm və strateji çağırışıdır. Əlbəttə, inkişaf anlayışını mən hər zaman dayanıqlı inkişaf kontekstində dəyərləndirirəm və məlum olduğu kimi, onun üç əsas komponenti mövcuddur: ekoloji, iqtisadi və sosial. Dayanıqlı inkişafın təmin edilməsi üçün bu komponentlərin hər biri bir-biri ilə sıx əlaqədə olmalıdır.
Bu səbəbdən dövlət başçısı sözügedən sahələrin inkişafında elmi tutumlu, innovativ və müasir texnologiyalara əsaslanan layihələrin həyata keçirilməsini vacib hesab edir. Bu istiqamətdə alimlərin qarşısında dövrün böyük çağırışlarının işığında ciddi vəzifələr dayanır. Belə ki, alimlər sürətli və məqsədyönlü nəzəri tədqiqatlar aparmalı, onların praktik tətbiqini genişləndirməlidirlər. Məhz bu baxımdan, Prezidentin sözügedən çıxışını mən elm adamları qarşısında qoyulan strateji bir çağırış kimi dəyərləndirirəm: alimlər yalnız yeni elmi layihələrin və texnologiyaların tətbiqi ilə kifayətlənməməli, eyni zamanda həmin texnologiyaları qavrayan və onların reallaşdırılmasında fəal iştirak edən peşəkar kadr potensialının formalaşdırılması və yetişdirilməsində də fəal rol oynamalıdırlar.
Bununla yanaşı, elmi qurumların rolu təkcə texnologiyaların yaradılması və tətbiqi ilə məhdudlaşmır. Onlar, həmçinin strategiyaların hazırlanması, innovativ layihələrin monitorinqi, enerjinin səmərəli istifadəsi və bərpaolunan enerji mənbələrinin inteqrasiyası sahəsində metodoloji dəstək göstərməlidirlər. Bu baxımdan, elmi institutlar və tədqiqat mərkəzləri həm dövlətin enerji siyasətinin elmi əsaslarla formalaşdırılmasında, həm də gənc mütəxəssislərin hazırlanması və onların praktik sahədə iştirakının təmin olunmasında həlledici rol oynayırlar. Nəticədə, elmi qurumların fəaliyyəti dayanıqlı inkişafın təmin olunmasında, ölkəmizin enerji təhlükəsizliyinin gücləndirilməsində və bərpaolunan enerji sahəsində milli potensialın inkişafında strateji əhəmiyyət kəsb edir.
– Arif müəllim, bərpaolunan və alternativ enerji mənbələri sahəsində qarşıya qoyulan elmi və texnoloji çağırışlar hansılardır və alimlərimizin bu istiqamətdə fəaliyyəti necə təşkil olunmalıdır?
¬– Məlum olduğu kimi, Azərbaycan Günəş, külək və digər bərpaolunan enerji mənbələri üzrə əhəmiyyətli potensiala malikdir. Dövlət başçısının da vurğuladığı kimi, bu potensialdan səmərəli istifadə olunmalı və ölkəmizin enerji təminatında bərpaolunan enerji mənbələrinin xüsusi çəkisi 2030–2040-cı illərədək əhəmiyyətli dərəcədə artırılmalıdır. Bununla yanaşı, enerji balansının şaxələndirilməsi məqsədilə digər enerji mənbələrinin inkişafına da xüsusi diqqət yetirilməsi zəruridir.
Belə ki, gələcəkdə dayanıqlı enerji təminatının formalaşdırılması qarşıda duran əsas vəzifələrdəndir və bu kontekstdə qalıq yanacaqlardan, xüsusilə neft və qazdan istifadənin mərhələli şəkildə azaldılması ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Bu problemlərin həlli istiqamətində nüvə enerjisindən istifadə imkanlarının araşdırılması və müvafiq hazırlıq işlərinə başlanılması aktualdır. COP29-un yekun sənədlərində də qeyd olunduğu kimi, ölkələr bu sahədə konkret addımlar atmağa çağırılır. Azərbaycanda isə bu istiqamətdə layihələrin həyata keçirilməsi üçün kifayət qədər elmi-texniki potensial mövcuddur, eyni zamanda yüksəkixtisaslı kadrlar fəaliyyət göstərir.
Məlum olduğu kimi, ötən əsrin sonlarında Azərbaycanda nüvə enerjisindən istifadə, yəni atom elektrik stansiyasının tikintisi məqsədilə müəyyən layihələr hazırlanmış və ilkin işlərin həyata keçirilməsinə başlanılmışdı. Lakin məlum tarixi hadisələr nəticəsində bu layihə dayandırılmışdı. SSRİ-nin dağılmasından sonra isə Azərbaycan öz iqtisadiyyatının möhkəmləndirilməsi və enerji müstəqilliyinin təmin edilməsi istiqamətini prioritet kimi müəyyənləşdirdi. Bu gün respublikamız iqtisadi və institusional baxımdan nüvə enerjisi sahəsində işlərə yenidən başlamaq üçün zəruri səviyyəyə çatmışdır. Bu baxımdan, gələcək enerji mənbələri sırasında nüvə enerjisindən istifadənin nəzərdən keçirilməsi və planlaşdırılması artıq yerli mütəxəssislər qarşısında duran əsas strateji vəzifələrdən biri kimi qiymətləndirilir.
– Süni intellekt və rəqəmsallaşma bu gün energetika sahəsində də sürətli inkişafı təmin edən əsas amillərdən biridir. Sizcə, Azərbaycanda alternativ enerji və ümumilikdə energetika sektorunda bu texnologiyaların tətbiqi elmi tədqiqatlar və praktik nəticələr baxımından hansı imkanları açır?
Qeyd edim ki, dünyada kompüter elminin inkişafına mühüm töhfə verən, süni intellekt nəzəriyyəsinin formalaşmasında əvəzsiz rolu olan ABŞ alimi Con Makkarti “süni intellekt” terminini ilk dəfə 1956-cı ildə Dartmut Kollecinin yay seminarında səsləndirmişdir. O dövrdə bu termin, alimlərin əvvəllər yalnız insanlar tərəfindən həll edilə bilən intellektual məsələləri həll edə bilən ağıllı kompüter proqramlarının yaradılması ideyasını ifadə edirdi. Zaman keçdikcə bu ideya inkişaf etmiş və yeni təfərrüatlar qazanmışdır. Süni intellekt çoxsaylı texnologiyaları əhatə edən ümumi bir anlayışdır və insanların yaradıcı, intellektual fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə yaradılmış hesablama texnologiyasını ifadə edir.
Rəqəmsallaşdırma və süni intellekt qlobal enerji sistemlərini köklü şəkildə yenidən formalaşdırır, enerjinin istehsalından onun çatdırılması, istifadəsi və idarə edilməsinə qədər bütün mərhələləri əhatə edir. Bu texnologiyalar enerji istehsalının optimallaşdırılmasına, şəbəkələrin daha “ağıllı” və çevik idarə olunmasına, həmçinin enerji itkisi və xərclərinin azaldılmasına imkan yaradır. Nəticədə, rəqəmsal texnologiyalar enerjinin etibarlı, davamlı və əlçatan qalmasını təmin etmək üçün qlobal enerji keçidinin ayrılmaz və zəruri komponentinə çevrilmişdir.
Süni intellekt artıq yalnız texnologiyaların yaradılmasında deyil, həm də onların istifadəsi və istismarında mühüm rol oynayacaq. Elektroenergetika sistemində “ağıllı” şəbəkələrin, müasir texnologiyaların inkişafı və tətbiqi çoxdan başlanmışdır. Energetika sahəsində rəqəmsal yarımstansiyaların, rəqəmsal idarəetmə sistemlərinin və digər müvafiq texnologiyaların istifadəsi geniş yayılmışdır, çünki onların tətbiqi olmadan davamlı inkişaf mümkün olmaz.
Bütün dəyişən proseslərin idarə olunması, rəqəmsal texnologiyaların tətbiqi ilə quraşdırılan kompleks idarəetmə sistemləri vasitəsilə səmərəli şəkildə həyata keçirilir. Bu sahədə görülən işlər gələcəkdə daha da sürətləndiriləcək, süni intellektlə hazırlanmış yeni texnologiyalar idarəetmədə daha geniş tətbiq olunacaq. Müasir texnologiyalardan yalnız istifadə etmək kifayət deyil, onları dərindən qavrayaraq verdiyi nəticələri təbii intellekt səviyyəsində analiz edə bilən mütəxəssislərin hazırlanması da son dərəcə vacib məsələlərdən biridir.
Süni intellektin tətbiqi enerji təhlükəsizliyi sahəsində şəbəkənin sabitliyinə müsbət təsir göstərir, bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirir, enerjidə tələb və təklifin idarə olunmasını optimallaşdırır və beləliklə, enerji istehsalının və paylanmasının daha səmərəli, çevik və dayanıqlı olmasına imkan yaradır. Eyni zamanda, süni intellekt enerji sistemlərinin monitorinqi, proqnozlaşdırılması və risklərin idarə olunması sahəsində də əhəmiyyətli rol oynayır və bu, ümumilikdə ölkənin enerji təhlükəsizliyinin güclənməsinə xidmət edir.
Bununla yanaşı, süni intellekt və rəqəmsallaşma yalnız texnoloji inkişafa deyil, həm də elmi tədqiqatların metodoloji təkmilləşdirilməsinə və praktik tətbiqinin genişləndirilməsinə imkan yaradır. Məsələn, enerji sistemlərinin modelləşdirilməsi, istehsal və paylama proseslərinin optimallaşdırılması sahəsində süni intellekt alqoritmləri daha dəqiq proqnozların verilməsinə, sistemdə mövcud risklərin əvvəlcədən müəyyən olunmasına və qərar qəbuletmənin sürətlənməsinə şərait yaradır. Bu isə, tədqiqat nəticələrinin real sektorda tətbiqini sürətləndirir, innovativ texnologiyaların effektivliyini artırır, elmi biliklərin enerjinin dayanıqlı istehsalı və istifadəsinə inteqrasiyasını təmin edir. Beləliklə, süni intellekt həm nəzəri, həm də praktik səviyyədə Azərbaycan energetikasının elmi əsaslarla inkişafına ciddi töhfələr verir.
– AMEA-nın akademik-katibi kimi müasir dövrdə Azərbaycan elminin qarşısına qoyulan strateji vəzifələri necə qiymətləndirirsiniz? Sizcə, ölkəmizin elmi potensialını daha da gücləndirmək və yeni prioritet sahələrdə səmərəli nəticələr əldə etmək üçün hansı əsas addımlar atılmalıdır?
AMEA-nın yalnız akademik-katibi deyil, Akademiyanın hər bir üzvünün əsas vəzifələri Nizamnamədə də göstərildiyi kimi, Azərbaycanda elmin inkişafına, onun səmərəliliyinin artırılmasına və tətbiqinə, eləcə də yüksəkixtisaslı elmi kadrların hazırlanması işinə töhfə verməkdir. Həmçinin AMEA-nın hər bir üzvünün öz fəaliyyəti dövründə əsas vəzifələrindən biri elmi tədqiqatlarla məşğul olmaq və bu tədqiqatların nəticələrini istehsalatda tətbiq etməkdir. Alimlərin çoxşaxəli fəaliyyəti Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti və tarixi sahələrinin inkişafını da əhatə edir.
Mənim vəzifəmə gəlincə, akademik-katib olaraq əsas məqsəd AMEA-da əldə olunan elmi nəticələrin ümumiləşdirilməsini təmin etmək, Akademiyanın gələcək strateji xəttinin hazırlanmasında elmi tədqiqatların səmərəliliyini artırmaq, həm Akademiya üzvlərinin, həm də onların rəhbərlik etdikləri şöbə və laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsinə dəstək göstərməkdir.
Sualın ikinci hissəsi ilə bağlı qeyd edim ki, AMEA-nın 80 illik yubileyi ərəfəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA-nın bir qrup üzvü Qarabağa səfər etmişdir. Qarabağ Universitetində Elm və Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə AMEA-nın 80 illiyinə həsr edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilmişdir. Həmçinin, elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, eləcə də AMEA Rəyasət Heyətinin üzvləri, Akademiyanın elmi-tədqiqat müəssisə və təşkilatlarının rəhbərlərinin iştirakı ilə Qarabağ Universitetində ilk dəfə AMEA Rəyasət Heyətinin iclası keçirilmişdir.
Bundan əlavə, AMEA-nın rəhbər heyəti və əməkdaşları tərəfindən Qarabağ Universitetinin auditoriyalarında 13 ixtisas üzrə tələbələr üçün mühazirələr təşkil edilmişdir. Bu tədbirlər əyani nəticələrə, elmi təcrübənin tədris və tətbiqinə birbaşa təsir göstərmişdir.
Eyni zamanda, AMEA-nın elmi-tədqiqat müəssisələri regionlardakı universitetlərlə birgə konfranslar təşkil edir, Akademiyanın əməkdaşları və üzvləri müxtəlif tədbirlərdə onlayn dərslər aparır, müştərək seminarlar keçirirlər. Bu sahə Akademiya üçün prioritet istiqamətlərdən biridir və bu yöndə işlər davam etdirilməkdədir.
“Elm” qəzetində, “Elm və həyat” jurnalında və digər mətbu orqanlarda alimlərin mütəmadi olaraq geniş məqalələri dərc olunur. AMEA-nın tarixi, keçdiyi inkişaf yolu və qarşıda duran vəzifələri haqqında bu yazılar Azərbaycan elminin gələcək prioritet istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət kəsb edir. Əvvəldə də qeyd etdiyim kimi, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışında Azərbaycan elminin və iqtisadiyyatının qarşısında duran əsas prioritetlər açıq şəkildə göstərilmişdir. AMEA-nın elmi-tədqiqat müəssisələri öz prioritet istiqamətlərini müəyyən edərkən bütün bu amilləri nəzərə almalıdır.
Yeni ekoloji problemlərin həlli bu gün qlobal gündəmin prioritet məsələlərindən biridir. COP29 çərçivəsində qəbul olunan qərarlar da göstərir ki, bütün dünya ölkələri ekoloji problemlərin həllinə ciddi diqqət yetirməli, davamlı və dayanıqlı inkişaf prinsiplərinə uyğun tədbirlər görməlidirlər. Bu baxımdan, ekoloji məsələlərin önəmi yalnız milli səviyyədə deyil, bütün kainat üçün strateji əhəmiyyət kəsb edir və gələcək nəsillərin rifahının təmin olunmasında həlledici rol oynayır.
Əlbəttə ki, bütün sahələrdə, o cümlədən təbiət və humanitar elmlərində prioritet istiqamətlər ekoloji problemlərin həllinə yönəlməlidir. Planetimizin ekoloji vəziyyətini sabit saxlamaqla yalnız davamlı iqtisadi inkişafa nail olmaq mümkündür. Kompleks yanaşmada elmi tədqiqatların bütün sahələrdə bu prinsiplərə uyğun aparılması vacibdir. Yenilik və prioritet istiqamətdə aparılan tədqiqatlar ekoloji balansı pozmamalı, əksinə, onu qorumağa xidmət etməlidir. Hər bir elmi fəaliyyət ekoloji problemlərin tarazlığını təmin etməyi nəzərə almalıdır.
Nərgiz QƏHRƏMANOVA
(AMEA mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri)