Görkəmli alim, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev Azərbaycanda kimya elminin inkişafında, bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında böyük rolu olan alimlərimizdəndir. Onun Azərbaycan elminin inkişafı yolundakı xidmətləri, əldə etdiyi nailiyyətlər dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib. Alim “Rəşadətli əməyə görə” medalı, “Şöhrət” ordeni ilə təltif olunub, həmçinin Azərbaycan Respublikasının “Dövlət mükafatı”na layiq görülüb. Akademik Tofiq Nağıyev Azərbaycan Milli Ensiklopediyası, növbəti cildlərə hazırlıq, AMEA-nın 80 illik yubileyi, eləcə də ölkəmizdə kimya elminin mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair suallarımızı cavablandırıb.
– Tofiq müəllim, cari ilin oktyabr ayında dövlət başçısı tərəfindən Azərbaycan Milli Ensiklopediyasının Redaksiya heyətinin yeni tərkibi təsdiqlənib. Milli Ensiklopediyanın növbəti cildinin çapı ilə bağlı hazırlıqlar nə yerdədir? Yeni cilddə Azərbaycanla bağlı hansı yeniliklər gözlənilir?
Əvvəla onu bildirim ki, Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin tərkibinə yenidən baxılması ilə əlaqədar uzun müddət idi ki, müzakirələr aparılırdı. Biz əvvəlki tərkibin yenilənməsi üçün Redaksiya Heyətinin üzvləri tərəfindən müəyyən edilmiş kriteriyalar əsasında yeni təkliflər hazırladıq və dövlət başçısına təqdim etdik. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Redaksiya Heyətinin yeni tərkibi təsdiq edildi. Bu qərar ensiklopediyanın növbəti nəşrlərinin daha peşəkar və zəngin məlumatlar əsasında hazırlanacağına zəmin yaradır.
Növbəti cildlərin nəşrinə gəlincə, Azərbaycan Milli Ensiklopediyasının XI və XII cildləri hazırlansa da, 2020-ci ildə baş vermiş pandemiya səbəbindən fəaliyyətimizdə müəyyən fasilələr yarandı. Lakin o çətin günlərdə belə, biz X cildin vaxtında çapdan çıxmasını təmin etdik, eyni zamanda, növbəti cildlərin hazırlanmasını davam etdirdik.
Elə həmin il sentyabrın 27-də Azərbaycan xalqının tarixində iz qoyan mühüm bir hadisə baş verdi – İkinci Qarabağ Müharibəsi başladı. Cəmi 44 gün davam edən bu savaş Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında keçirilən genişmiqyaslı hərbi əməliyyatlar, ordumuzun peşəkar hərbçilərinin bacarığı, qəhrəman oğullarımızın qanı və canı bahasına böyük tarixi qələbə ilə başa çatdı. Nəhayət, 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız azad edildi. Milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm Zəfər, torpaqlarımızın azad olunması uğrunda canından keçmiş qəhrəman oğullarımızın parlaq döyüş yolu bizim qarşımızda yeni məsuliyyət, müqəddəs vəzifələr qoydu.
Birmənalı olaraq, nəşrə hazır cildlərə yenidən baxılmalı, bu tarixi hadisə ilə bağlı baş verən bütün dəyişikliklər kitablarda əksini tapmalı idi. Təbii ki, bu da bir sıra çətinliklərlə müşayiət olunan və xeyli vaxt tələb edən bir proses idi. Vaxt itirmədən növbəti nəşrlərin üzərində yenidən işləməyə başladıq və bu istiqamətdə işlər indi də davam edir.
Onu da qeyd edim ki, milli ensiklopediyanın nəşrindən bəri tarixi torpaqlarımız haqqında hazırlanmış məqalələrdə “erməni işğalına məruz qalmışdır” ifadəsini yazmaq mənəvi baxımdan nə qədər ağrılı idisə, biz indi həmin ifadələri silir, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış şanlı Zəfərdən, Qarabağın azadlığından, müqəddəs torpaqlarımız uğrunda vuruşan qəhrəmanlardan bəhs edən yeni tarixi faktlardan söz açırıq. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsi ilə bağlı yeni fəxri adlar, medallar, tarixi əhəmiyyətli müqavilələr, görüşlər var. Bir sıra yaşayış məskənlərinın adı elə döyüşlərin davam etdiyi dövrdə dəyişdirilib, hazırda həmin ərazilər sürətlə bərpa edilir, genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, yeni beynəlxalq hava limanları tikilir, ali təhsil ocaqları açılır, milli mədəniyyətimizlə bağlı müxtəlif beynəlxalq əhəmiyyətli festivallar keçirilir. Bütün bunlar isə, növbəti nəşrlər üzərində ciddi düzəlişlərin edilməsini tələb edir, qarşımıza böyük mənəvi öhdəliklər qoyur.
Hazırda milli ensiklopediyanın yenidən işlənmiş növbəti XI cildi çap prosesindədir. Nəticə olaraq qeyd edim ki, yeni cildlərdə Azərbaycanın tarixi Zəfəri ilə bağlı mühüm məqamlar yer alacaq. Ensiklopediyanın məzmunu daha da zənginləşdiriləcək, yeni nəşrlər milli kimliyimizi, qürurumuzu əks etdirəcək.
Əlavə olaraq qeyd edim ki, 2025-ci ildə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən hazırlanan “Heydər Əliyev Ensiklopediyası”nın ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Hazırda ensiklopediya üçün məqalələrin hazırlanması prosesi sürətlə davam edir.
– Bəs ensiklopediya digər dillərə tərcümə olunacaqmı?
Azərbaycan Milli Ensiklopediyasının başqa dillərə tərcüməsinə gəlincə qeyd edim ki, biz 2012-ci ildə ensiklopediyanın rus dilində “Azərbaycan” adlı xüsusi cildinin nəşrinə nail olmuşuq. Lakin məlumdur ki, ensiklopediyanın tərcüməsi yüksək peşəkarlıq və təcrübə tələb edən bir işdir. Xüsusilə ingilis dilində tərcümə üçün mükəmməl baza olmalıdır. Təbii ki, biz bu istiqamətdə də işlərimizi davam etdiririk.
– Məlumdur ki, 2025-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 ili tamam olur. Yubiley münasibətlə Milli Ensiklopediyanın xüsusi buraxılışı nəzərdə tutulurmu?
Bəli, gələn il Azərbaycanın ən böyük elm məbədi sayılan AMEA-nın 80 illik yubileyi mühüm elmi və mədəni hadisə kimi ölkəmizdə qeyd ediləcək. Əlbəttə ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi AMEA-nın nəzdində fəaliyyət göstərən bir qurum kimi bu möhtəşəm yubileyə xüsusi diqqətlə yanaşacaq. Hazırda yubileyə həsr olunmuş xüsusi bir nəşrin hazırlanması ilə bağlı rəsmi göstəriş və ya tapşırıq daxil olmayıb. Lakin belə bir qərar qəbul edilərsə, Ensiklopediya Mərkəzi yüksək səviyyədə hazırlıq işləri apararaq, yubiley buraxılışını təqdim edə bilər.
Xatırladım ki, 2008-ci ildə çap olunmuş ensiklopediyanın “Azərbaycan” adlı xüsusi cildində AMEA-nın yaranma tarixi, inkişaf mərhələləri, elmi nailiyyətləri, həmçinin bu sahədə fəaliyyət göstərən görkəmli alimlərin yaradıcılığı əks etdirilmişdir. Həmin nəşrdə “Elm. Texnika. Təhsil” bölməsi çərçivəsində “Təbiət və texnika elmləri” və “Humanitar elmlər və biliklər” mövzuları altında təqdim edilən məqalələrdə ölkəmizdə elmin müxtəlif sahələrinin formalaşması və inkişafı geniş şəkildə işıqlandırılmışdır. Həmçinin, AMEA-nın strukturunda yer alan elmi-tədqiqat institutlarının fəaliyyəti və onların töhfələri haqqında dolğun məlumatlar verilmişdir. Düşünürəm ki, həmin materiallardan istifadə etməklə, eyni zamanda, yubileyin əhəmiyyətini əks etdirən önəmli məlumatlar daxil olunmaqla xüsusi yubiley buraxılışını hazırlamaq mümkündür.
Güman edirəm ki, bu nəşr, həm AMEA-nın tarixi nailiyyətlərini, həm də onun Azərbaycan elminə və cəmiyyətinə verdiyi töhfələri əks etdirərək yubileyin əhəmiyyətini daha da artıra bilər.
– Hörmətli Tofiq müəllim, siz kimyaçı olmaqla yanaşı, ölkəmizdə maarifçilik fəaliyyəti ilə seçilən alimlərimizdənsiniz. Maraqlıdır, cəmiyyətdə maarifçilik ideyalarının yayılması sahəsində hansı problemlər var?
Maarifçiliyə gəlincə, mənim bu barədə mətbuatda, televiziya kanallarında çox çıxışlarım olub. Əslində maarifçilik elmin, təhsilin inkişafı ilə bağlı olan geniş bir məfhumdur. Müasir dövrdə təkcə Azərbaycanda deyil, bütün dünyada maarifçilik sahəsində müəyyən problemlər var. Biz kitabın öz yerini elektron informasiya vasitələrinə verdiyi bir dövrdə yaşayırıq. İndi cild-cild kitabları sürətlə yayılan məlumatlar, informasiya bolluğu əvəz edir. Təbii ki, bunun həm müsbət, həm də mənfi tərəfləri var. Məlumdur ki, müəyyən bir elm sahəsinə aid kitablar dərin araşdırmalar və daha ciddi materiallar əsasında hazırlanır. Lakin, internet resurslarında olan materiallar haqqında birmənalı olaraq bunu demək mümkün deyil.
Ona görə də, maarifçiliyin əvvəlki nüfuzunu geri qaytarmaq, miqyasını genişləndirmək üçün, ilk növbədə, kitablara, ciddi nəşrlərə marağı qaytarmaq vacibdir. Bunun özü də təhsilin səviyyəsi, təlim-tərbiyə ilə bağlıdır. Təhsil isə bütün mərhələlərdə ciddi elmi əsaslar üzərində qurulur. Gördüyünüz kimi, maarifçilik, təhsilin keyfiyyəti və elmin nüfuzu bir-biri ilə vəhdət təşkil edir. Maarifçiliyin inkişafı, elm və təhsilin nüfuzunun yüksəlişi həm də kütləvi informasiya vasitələri ilə də bağlıdır. Həm İnternetdə olan müxtəlif saytlar, xəbər resursları, həm də televiziya maarifçilik məqsədlərinə xidmət etməlidir. Televiziya verilişlərinin proqramları şou-əyləncə verilişlərindən ibarət olmamalıdır. Yaş həddi, xüsusiyyətləri və maraq dairəsi nəzərə alınmaqla elmi-kütləvi, elmi-publisistik verilişlərə geniş yer verilməlidir. Belə verilişləri yeniyetmə və gənclər üçün müəyyən qədər əyləncəli-proqram layihələri kimi də hazırlamaq mümkündür. Qeyd etməliyəm ki, müasir dövrdə kitaba olan əvvəlki marağı qaytarmaq istiqamətində müxtəlif layihələr, tədbirlər gerçəkləşsə də, hələ ki, ciddi bir irəliləyiş hiss olunmur. Maarifçiliyin inkişafı, elmin və təhsilin nüfuzunun artırılması istiqamətində yalnız davamlı və kompleks tədbirlər həyata keçirməklə müsbət nəticələr əldə etmək mümkündür.
– Müasir dövrdə xüsusən gənclərin kimya elminə olan marağı sizi qane edirmi? Onları daha da həvəsləndirmək üçün hansı addımlar atılmalıdır?
– Mən uzun illər paralel olaraq pedaqoji fəaliyyətlə də məşğul olmuşam. Elmə olan marağın səviyyəsi 50 il əvvəlki həddə olmasa da, demək olmaz ki, bu gün gənclərin elmə marağı yoxdur. Elə olsaydı, təhsilin bütün pillələri üzrə yerlər dolmaz, müsabiqələrin keçirilməsi zərurəti yaranmazdı. Təhsilin ən yüksək pillələri üzrə xarici ölkələrin müxtəlif nüfuzlu universitetlərində təhsil almağa maraq göstərən gənclərimiz də çoxdur. Bu da onların elmi biliklərə və beynəlxalq təcrübəyə can atdığını göstərir. Mən ümumiyyətlə, istedadlı, savadlı gənclərimizə diqqət və qayğı göstərməyin, onlar üçün ölkəmizdə hər cür imkanların yaradılmasının tərəfdarıyam. Xaricdə təhsil alanların respublikamıza dönüb xüsusilə, ən yeni sahələr üzrə inkişafa xidmət etməsi ölkəmizin inkişafı baxımından da çox əhəmiyyətlidir. Gənclərin elmə marağını artırmağın müxtəlif yolları var ki, onlardan biri də maddi maraq, yəni stimullaşdırma məsələsidir. Müxtəlif elm sahələri üzrə müsabiqələr, olimpiadalar, bilik yarışlarına və s. geniş yer verilməlidir. Yekun nəticələrin qiymətləndirilməsi şəffaf, obyektiv, həm də həvəsləndirici olmasa, bu təşəbbüslərin də bir önəmi olmayacaq.
Bundan əlavə, gənclərə elmin praktiki tərəflərini göstərmək, onları real layihələrə cəlb etmək, kimya və digər elmlərin gündəlik həyatımızdakı tətbiqlərini vurğulamaq çox vacibdir.
Yekun olaraq qeyd edim ki, gənclərin elmə marağını artırmaq həm dövlətin, həm də cəmiyyətin üzərinə düşən bir vəzifədir. Gənclərə həm maddi, həm də mənəvi dəstək göstərməklə onların özlərini elm sahəsində reallaşdırmaları istiqamətində daha böyük nailiyyətlər əldə etmək mümkündür.
– Bu gün Azərbaycanda alim və mütəxəssislərin əldə etdikləri nailiyyətlərin praktikada tətbiqi, daha dəqiq desək elmin kommersiyalaşdırılması sahəsində də müəyyən problemlər var. Bu barədə fikir və təkliflərinizi eşitmək istərdik.
– Bilirsiniz ki, alim və mütəxəssislərin qazandıqları nailiyyətlərin praktikada tətbiqi, yəni elmin kommersiyalaşdırılması, həmin nailiyyətlərin əhəmiyyəti və perspektivləri ilə birbaşa bağlıdır. Əgər bu nailiyyət həqiqətən böyük elmi və ya texnoloji önəm kəsb edirsə, onun tətbiqi üçün müvafiq mexanizmlər yaradılmalı, mövcud qaydalara uyğun maliyyələşdirilməli və müəllifin, yəni alim və mütəxəssisin əməyi layiqincə qiymətləndirilməlidir, Bu, bütün dünyada belədir.
Ölkəmizdə bu sahədə bir sıra problemlərin olduğunu demək mümkündür. Əsas çətinliklərdən biri elmi nailiyyətlərin praktikada tətbiqi üçün lazımi infrastrukturun və resursların yetərli olmamasıdır. Düşünürəm ki, bu sahədə olan problemlərin həlli üçün elm və biznes arasında əlaqələrin gücləndirilməsi, investisiya və dəstək mexanizmlərinin təkmilləşdirilməsi, patent və müəllif hüquqlarının qorunması, eyni zamanda elmi nailiyyətlərin tanıdılması və tətbiqi sahəsində maarifləndirmə işlərinin aparılması son dərəcə vacibdir.
Lakin nəzərə almaq lazımdır ki, elmin kommersiyalaşdırılması təkcə alimlərin deyil, sahibkarların və cəmiyyətin birgə fəaliyyəti ilə mümkün olacaq bir prosesdir. Təklif edilən mexanizmlərin düzgün tətbiqi bu sahədə ciddi irəliləyişlərə yol aça bilər.