Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsinin Xanlar küçəsində yaşayan sakinlər redaksiyamıza müraciət edərək yaşayış evlərindən birinin həyətyanı sahəsində çoxsaylı sahibsiz itlərin saxlanılmasından narazılıqlarını bildiriblər.
Sakinlərin iddiasına görə, Xanlar küçəsindəki 35 nömrəli evin həyətyanı sahəsində 20-dən artıq it saxlanılır. Müraciətdə heyvanların saxlanma şəraitinin olduqca bərbad olduğu, ərazidə antisanitariya vəziyyətinin yarandığı bildirilir.
Şikayətçilər qeyd edirlər ki, ətrafa yayılan kəskin və dözülməz qoxu, eləcə də itlərin gecə-gündüz davam edən hürməsi küçədə yaşayan insanların rahatlığını ciddi şəkildə pozur.
Sakinləri narahat edən digər məsələ isə belə şəraitdə saxlanıldığı iddia olunan heyvanların sağlamlığı və ərazidə sanitar-gigiyenik normalara əməl olunub-olunmamasıdır.
Ortaya ciddi suallar çıxır: Yaşayış məntəqəsində bu qədər itin saxlanılması zamanı sanitariya və baytarlıq tələblərinə əməl edilirmi? Aidiyyəti qurumlar ərazidəki vəziyyətdən xəbərdardırmı? Sakinlərin normal yaşayış şəraitinin təmin olunması üçün hansı tədbirlər görülməlidir?
Sakinlər aidiyyəti dövlət qurumlarından əraziyə baxış keçirilməsini, heyvanların saxlanma şəraitinin yoxlanılmasını və yaranmış narahatlığın qanunvericiliyə uyğun şəkildə aradan qaldırılmasını xahiş edirlər.
Məsələ yalnız sakinlərin rahatlığı deyil, həm də heyvanların rifahı və ictimai sanitariya təhlükəsizliyi baxımından araşdırılmalıdır.
Redaksiya müraciətdə səsləndirilən iddiaların araşdırılması üçün aidiyyəti qurumların məsələyə münasibət bildirməsini gözləyir.