“Pilgrim Education”ın fəaliyyəti ilə bağlı vətəndaş şikayətləri artıq dövlət qurumunun rəsmi icraatındadır. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi BakuNews.az-ın jurnalist sorğusuna cavabında “Pilgrim EDU” MMC ilə bağlı bir neçə vətəndaş müraciətinin araşdırıldığını təsdiqləyib. Lakin Agentliyin cavabı şirkətin ödənilmiş vəsaitin 80 faizini geri qaytarmaması ilə bağlı əsas sualları açıq saxlayıb.
BakuNews.az-ın redaksiyasına daxil olan müraciətlərdə və müxtəlif media resurslarında yayımlanmış şikayətlərdə xaricdə təhsil vədi ilə vətəndaşlardan müxtəlif məbləğlərdə ödənişlər alındığı, lakin bəzi hallarda gözlənilən nəticənin əldə edilmədiyi bildirilir.
Şikayətçilərin əsas narazılığı yalnız tələbələrin xarici universitetlərə qəbulunun baş tutmaması deyil. Onlar həmçinin ödənilmiş vəsaitlərin hansı xidmətlərə sərf edildiyi, faktiki görülmüş işlərin nədən ibarət olduğu və pulun geri qaytarılması mexanizminin şəffaflığı ilə bağlı suallar qaldırırlar.
2000 manat ödəyən vətəndaşa niyə yalnız 400 manat qaytarılmalıdır?
Redaksiyanın Agentliyə ünvanladığı sorğuda “Pilgrim Education” rəhbəri Aisa Aslanovanın mediaya açıqlamasına istinad olunub. Həmin açıqlamaya əsasən, tələbənin xarici təhsil müəssisəsinə qəbulu baş tutmadıqda ödədiyi vəsaitin yalnız 20 faizi geri qaytarılır. Qalan 80 faizin isə sənədlərin hazırlanmasına, ekspertlərin işinə, müraciət prosesinə və digər xidmətlərə xərcləndiyi bildirilir.
Burada ciddi sual yaranır: Şirkət konkret nəticə əldə edilmədiyi halda vətəndaşın ödədiyi pulun 80 faizini hansı sənədlərə əsasən özündə saxlayır?
Məsələn, 2000 manat ödəyən şəxsə cəmi 400 manat qaytarılırsa, yerdə qalan 1600 manatın hansı xidmətlərə sərf edildiyi müvafiq maliyyə sənədləri ilə əsaslandırılırmı?
BakuNews.az məhz bu məsələyə aydınlıq gətirilməsi üçün Dövlət Agentliyinə 11 konkret sualdan ibarət rəsmi sorğu göndərib.
Dövlət Agentliyi şikayətlərin olduğunu təsdiqlədi
Agentliyin redaksiyaya təqdim etdiyi cavabda diqqətçəkən məqamlardan biri “Pilgrim EDU” MMC ilə bağlı müraciətlərin rəsmi icraatda olmasının təsdiqlənməsidir.
Qurum cavabında bildirib:
“Əlavə olaraq bildiririk ki, hazırda ‘Pilgrim EDU’ MMC ilə bağlı Agentliyin icraatında bir neçə vətəndaş müraciəti mövcuddur. Həmin müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət veriləcək və nəticəsindən asılı olaraq müvafiq addımlar atılacaqdır.”
Bu açıqlama göstərir ki, məsələ artıq yalnız sosial şəbəkələrdə və mediada səsləndirilən narazılıqlarla məhdudlaşmır. Şirkətin fəaliyyəti ilə bağlı müraciətlər aidiyyəti dövlət qurumunun icraatına daxil olub.
Lakin Agentlik müraciətlərin dəqiq sayını, onların məzmununu və indiyədək görülmüş tədbirləri açıqlamayıb.
Müqaviləyə imza atılması hər şərtin qanuni olması demək deyil
Agentliyin cavabında xüsusi diqqət çəkən digər məsələ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 16-cı maddəsinə istinad edilməsidir.
Qurum qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Belə şərtlərin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, həmin zərər təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir.
Bu hüquqi mövqe olduqca mühümdür. Çünki müqavilənin vətəndaş tərəfindən imzalanması onun qanunla qorunan hüquqlarını məhdudlaşdıran istənilən şərtin avtomatik olaraq qanuniləşməsi demək deyil.
Bununla yanaşı, Agentlik konkret olaraq “Pilgrim Education”ın müqavilələrindəki 20 faizlik geri qaytarma müddəasının qanuna uyğun olub-olmadığı barədə yekun hüquqi qiymətləndirmə təqdim etməyib.
Xidmətə zəmanət yoxdur, bəs məsuliyyət?
Agentlik cavabında Mülki Məcəlləyə və Ali Məhkəmə Plenumunun 7 iyul 2026-cı il tarixli 10 nömrəli qərarına da istinad edib.
Bildirilib ki, xidmət göstərən tərəf hər zaman konkret nəticənin əldə edilməsinə zəmanət vermir. Lakin həmin nəticəyə nail olmaq üçün peşəkar standartlara uyğun bütün zəruri, ağlabatan və mümkün vasitələrdən istifadə etməlidir.
Başqa sözlə, tələbənin universitetə qəbul olunmaması özlüyündə şirkətin müqaviləni pozduğunu sübut etmir. Bununla belə, göstərilən xidmətin keyfiyyəti, icraçının öhdəliklərini yerinə yetirməsi və mümkün səhlənkarlıq halları ayrıca qiymətləndirilməlidir.
Əsas məsələ də məhz buradadır: Vətəndaş pul ödəyibsə, qarşılığında hansı xidmətləri aldığını və müqavilə öhdəliklərinin necə icra edildiyini bilmək hüququna malikdir.
11 konkret sual, amma əsas məsələlər hələ də cavabsızdır
BakuNews.az-ın sorğusunda şirkətin müqavilə şərtlərinin qanuniliyi, xərclərin sənədlərlə əsaslandırılması, vətəndaş müraciətlərinin sayı və geri ödəniş mexanizmi barədə konkret suallar yer alıb.
Agentlik isə əsasən qanunvericiliyin ümumi müddəalarını izah edib.
Məsələn, ödənilən məbləğin 80 faizinin hansı şərtlərlə saxlanıla biləcəyinə, xərclərin qəbz və hesab-fakturalarla əsaslandırılması tələbinə, eləcə də şirkətin müqavilələrinin indiyədək araşdırılıb-araşdırılmadığına dair ayrıca və birmənalı cavab verilməyib.
Bu isə yeni sual doğurur: Vətəndaşların maddi maraqlarına birbaşa toxunan belə məsələlərdə dövlət qurumu nə zaman konkret hüquqi nəticəni açıqlayacaq?
Şübhəsiz, bütün iddialar obyektiv araşdırılmalı, şirkətin də öz mövqeyini bildirmək hüququ təmin olunmalıdır. Hazırda Agentliyin cavabı hər hansı qanun pozuntusunun rəsmən müəyyən edildiyini göstərmir.
Lakin ortada araşdırılmalı müraciətlərin mövcudluğu dövlət qurumunun özü tərəfindən təsdiqlənib.
BakuNews.az məsələni diqqətdə saxlayacaq, “Pilgrim EDU” MMC ilə bağlı müraciətlərə veriləcək hüquqi qiymətin, vətəndaşların ödədiyi vəsaitlərin taleyinin və Agentliyin görəcəyi tədbirlərin ictimaiyyətə açıqlanmasını izləyəcək.
Jurnalist Mirkənan Seyidov
Araşdırmamız davam edir...