AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edilməsi haqqında olub.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Sərəncamda AR Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə dahi Azərbaycan bəstəkarın anadan olmasının 140-cı ildönümünə dair Tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.
Sərəncamın icrasından irəli gələn məsələlərin həllini təmin etmək məqsədilə AMEA Rəyasət Heyətinin 10 fevral 2025-ci il tarixli iclasında qərar qəbul edilib və AMEA-nın elmi müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Üzeyir Hacıbəylinin yubileyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması ilə bağlı təkliflərini təqdim etmələri tapşırılıb. AMEA rəhbəri ötən müddət ərzində təqdim olunmuş təkliflər əsasında Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının layihəsinin hazırlanaraq, AMEA-nın Rəyasət Heyətinə təqdim olunduğunu diqqətə çatdırıb.