Bir neçə ay əvvəl Yasamalda, keçmiş “Azon” zavodunun ərazisində ağacları kəsərək yeni yaşayış binası tikməyə hazırlaşan “Avant” şirkətinin hər gün bizə yaşatdığı bu səs-küyə, toz-torpağa “dur” deyən yoxdur. Bu videonu pəncərədən çəkmişəm. Təsəvvür edin, bu qədər yaxınımızda bu qədər səs və toz-torpaq. Səhər saat 08:30-dan 18:00-dək sökürlər, qazırlar, saat 22:00-dan səhər saat 05:00-dək də yük maşınları ilə daşıyırlar.
Bu sözləri Feysbuk hesabında İctimai Televiziyanın aparıcısı Nigar Sabirqızı yazıb. O bildirib ki, ağacları kəsdilər, indi də sakinlərin nəfəsini kəsirlər:
“Müvafiq qurumlara bir neçə sualım var.
Hörmətli Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yaşayış binasının sadəcə 5–10 metrliyində yeni bina tikməyə icazə varmı? Bu, şəhərsalma qaydalarına uyğundurmu? Yoxsa sadəcə bu tikintiyə göz yumursunuz? Bu tikintiyə icazə verəndə ətrafda yaşayanları niyə nəzərə almamısınız?
Hörmətli Ekologiya və Təbii Sərvətlər Nazirliyi, biz nə vaxta qədər belə toz-torpağı udmalı və bu səs-küydə yaşamalıyıq? Heç olmasa gecə rahat yatmağımıza imkan yaradasınız bəlkə?
Ağacları kəsdilər, indi də bizim nəfəsimizi kəsirlər axı. Sözünüz bu şirkətə keçmirsə, heç olmasa xahiş edin ki, havamızı bu qədər çirkləndirməsinlər.
Hörmətli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, gecə insanların narahatlığına səbəb olan hallara nəzarət olunurmu?3 Olunursa, biz niyə aylardır gecə pəncərəmizi aça bilmirik? Səhərə qədər yük maşınlarına nəsə doldurulur, boşaldılır. Kim düşünməlidir ki, belə səs-küydə yaşamaq necə işgəncədir? Bizim rahatlığımızı kim təmin etməlidir? Bəlkə bu binada yaşayanlar sakin deyil?
Bu sualım bütün müvafiq qurumlaradır. Tədbir görülməməsinə səbəb nədir? Şirkətin hər hansı yox, məhz “Avant” olması?