“Hakerlərdir yəqin, heç nə edə bilmərik” – bank əməkdaşının cavabı müştərini qane etməyib…Bakıda oturan şəxsin kartından Xorvatiyadakı oteldə ödəniş edilməsi ciddi suallar doğurur.
Hadisə sentyabrın 2-də baş verib.İş yoldaşım həmin vaxt Bakının “Ağ şəhər” ərazisində olub. Lakin Leo kartından Xorvatiyada yerləşən bir otellə bağlı əməliyyat aparılıb. Başqa sözlə, kart sahibi Azərbaycandadır, əməliyyat isə xarici ölkədə həyata keçirilir. Xoşbəxtlikdən kartda həmin vaxt böyük məbləğ olmayıb. Əks halda, iş yoldaşım ciddi maliyyə itkisi ilə üzləşəcəkdi.
Məsələnin daha maraqlı tərəfi isə bundan sonra başlayır.Müştəri baş verənlərlə bağlı Leobank-a müraciət edir. Bank əməkdaşından aldığı cavab təxminən belə olub:
“Yəqin ki, hakerlərdir, biz heç nə edə bilmərik. Yenisini verə bilərik”.
Əgər müştəriyə həqiqətən belə cavab verilibsə, bu, bankın təhlükəsizlik mexanizmləri ilə bağlı ciddi suallar yaradır. Qəribədir, bank sistemində şübhəli əməliyyatlara nəzarət necə həyata keçirilir?
Bankın məxfilik siyasətində isə icazəsiz girişlərin qarşısının alınması üçün texniki və təşkilati təhlükəsizlik tədbirlərinin görüldüyü qeyd olunur.
Elə isə ortaya əsas sual çıxır:
Kart sahibinin fiziki olaraq Azərbaycanda olduğu halda kart məlumatlarından istifadə edilərək Xorvatiyada əməliyyat aparılırsa, bu əməliyyat niyə şübhəli kimi qiymətləndirilməyib?
Əlbəttə, konkret hadisənin necə baş verdiyini yalnız bankın texniki araşdırması müəyyən edə bilər. Kart məlumatlarının oğurlanması, əvvəlki ödəniş məlumatlarından istifadə, kartın hansısa platformada yadda saxlanılması və ya digər səbəblər mümkün ola bilər. Amma müştərinin narahatlığını “hakerlərdir” ifadəsi ilə yekunlaşdırmaq kifayət deyil.
Sual çox sadədir: müştərinin pulu təhlükəsizdirmi?
Bir bank müştərisinə kart təqdim edirsə, müştəri də haqlı olaraq gözləyir ki, onun kartından xəbərsiz və şübhəli əməliyyatlar mümkün qədər tez aşkarlansın və qarşısı alınsın. Burada söhbət yalnız bir kartdan və bir müştəridən getmir. Çünki dəfələrlə belə şikayətlər olub sosial şəbəkələrdə. Əgər bu cür hallar təkrarlanırsa, artıq məsələ sistemli şəkildə araşdırılmalıdır!
Bizim məqsədimiz kimisə ittiham etmək deyil. Məqsəd müştərinin pulunun təhlükəsizliyi ilə bağlı suallara cavab almaqdır. Ona görə Leobank rəhbərliyindən soruşuruq:
Sentyabrın 2-də Azərbaycanda olan müştərinin kartından Xorvatiyadakı otellə bağlı əməliyyat necə mümkün olub? Bu əməliyyat bankın təhlükəsizlik sistemi tərəfindən niyə bloklanmayıb və ya əlavə təsdiq tələb olunmayıb? Müştərinin kart məlumatlarının hansı şəkildə ələ keçirildiyi araşdırılıbmı?
Müştəriyə “hakerlərdir, heç nə edə bilmərik” məzmununda cavab verilməsi doğrudurmu?
Və ən əsası:
Sabah kartında 50 manat yox, 50 min manat olan müştərinin başına eyni hadisə gəlsə, bankın cavabı nə olacaq?
Və ən vacibi:
Müştərinin vəsaiti oğurlanarsa, məsuliyyət kimin üzərinə düşür? Bank belə halların qarşısını almaq üçün hansı əlavə kibertəhlükəsizlik tədbirlərini görür?
Müştərinin bankdan gözləntisi çox sadədir: pulunu qorumaq və problem yarananda “heç nə edə bilmərik” deməmək.
Leobankın bu suallara rəsmi mövqeyi, şübhəsiz ki, ictimaiyyət üçün maraqlı olacaq.
Könül Aypara - Yenicag.az![]()