«Elçilik onlayn oldu, sonra o, mənə poçtla üzük də göndərdi”
Vəsilə Vahidqızının məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Dam və onun azərbaycanlı xanımı Suada Hacızadə ilə eksklüziv müsahibəsini təqdim edirik.
- Görüşüb söhbətləşmək fürsəti yaratdığınız üçün sizə təşəkkür edirəm. Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqə qurmaq niyyətiniz bizi sevindirdi və vaxt itirmədən görüşünüzə gəldik. Xüsusilə Kristoferi Bakıda görməkdən məmnun olduq.
Suada:
- Bizimlə görüşə vaxt ayırdığınız üçün biz də sizə təşəkkür edirik.
Gəlin tanışlığınızdan başlayaq, harada və necə tanış olmusunuz?
Kristofer:
- Atam 2000-ci illərin əvvəllərində Azərbaycana gəlib. Burada qısa müddət qalmasına baxmayaraq, Azərbaycanı çox sevir, çox bəyənir. O vaxtlar atam həm də Suadanın atası ilə tanış olub. ABŞ-a, Los-Ancelesə qayıdanda atam məni ofisinə çağırdı və dedi ki, Azərbaycan adlı bir ölkəyə səfər etmişdim. Çox gözəl ölkədir və parlaq gələcəyi olacaq. Dedi ki, o ölkənin insanları çox mehribandır, mədəniyyəti çox zəngindir. Bilmirəm bunu niyə dedi, amma dedi ki, sən gələcəkdə mütləq Azərbaycandan olan bir xanımla evlən. Həmin vaxt başqa xanımla münasibətlərim var idi, ona görə etiraz etdim. Dedim ki, yox, bu mümkün deyil. İllər sonra Suada ilə “İnstagram”da tanış oldum. Azərbaycan adını görən kimi atamın sözləri yadıma düşdü. Suada ilə düz 4 il “İnstagram”da danışdıq və yaxın dosta çevrildik. Zamanla isə bir-birimizə aşiq olduq.
Atam “Facebook”da və digər sosial şəbəkələrdə canlı yayıma qoşulurdu. Bir dəfə Yeni ildə o, 100 min izləyicinin iştirakı ilə canlı yayımda olanda ekranda onun adını görür və oxumağa başlayır: Suada Hacızadə. Amma Suadanın kim olduğu, həmin tanışının qızı olduğu ağlına belə gəlməzdi. Suadanı Yeni il münasibətilə təbrik edir və Suada da həmin videonu yazıb saxlayır.
Suada:
- O video məndə hələ də durur. Heç vaxt da silməyəcəm.
Kristofer:
- O, mənə həmin video haqqında danışanda inanmadım, dedim ki, zarafat edirsən? Bu da taleyin bizi başqa formada qarşılaşdırması idi. Bir neçə il sonra ailələrimiz İstanbulda görüşmək qərarına gəldi.
- Niyə bəs Bakıda deyil, İstanbulda?
Kristofer:
- Çünki viza baxımından ora daha rahat idi. Pandemiya dövründə valideynlərimin Azərbaycana gəlməsi və ya Suadagilin Belçikaya gəlməsi mümkün deyildi. Evlənmək qərarımızı isə artıq vermişdik. Biz onsuz da münasibətlərimizi necə deyərlər, onlayn qurmuşduq, nikah üçün İstanbula gələndə orada ilk dəfə görüşdük, görüşəndən 3 gün sonra isə evləndik. Nikahımız Azərbaycanın İstanbuldakı baş konsulluğunda baş tutdu. İstanbul çox gözəl şəhərdir. Amma mən gəlib Bakını da görmək istəyirdim. Çünki atam Bakıdan çox danışmışdı. 2 il sonra nəhayət ki, gələ bildim. 6 il sonra ilk dəfə Suadagilin evlərində qonaq oldum, amma 6 il ərzində o evi internetlə danışanda çox görmüşdüm. Bizim tanışlıq hekayəmiz belə olub. İnanılmazdır. Bu, həm də qismətdir, Allahın qisməti. Allaha da yəqin ki, hamımız inanırıq.
- Suada, siz Kristoferlə tanış olanda bu tanışlığın evliliklə bitəcəyi ağlınıza gələrdimi?
Suada:
- Düzdür, onu insan kimi bəyənirdim, yaxın dost idik, lakin bir-birimizdən məsafəcə çox uzaq olduğumuza görə onunla real həyatda tanış olacağımı düşünməzdim, nəinki evlilik haqqında fikirləşərdim. Tanışlığımızın əvvəlində atasının kim olduğunu da bilmirdim. Özü də bu barədə mənə heç nə deməmişdi. Həmişə soyadını gizlədirdi, atası ilə şəkil də paylaşmırdı. Səhifəsində ancaq öz şəkli, motosikl şəkli və incəsənətə aid şəkillər olurdu. Bir neçə ildən sonra telefonla danışmağa başlayanda məndən soruşdu ki, sən mənim atamın kim olduğunu bilirsən? Mən də təbii ki, “yox, bilmirəm” dedim. Fikirləşdim ki, mən onun atasını hardan tanıya bilərəm ki? Dedi, bəs bu illər ərzində mənim atamın kim olduğunu öyrənməmisən? Dedim ki, yox. Atandan “Jan Klod Van Dammın kim olduğunu soruşarsan” dedi. Həm yaşım çox deyildi, həm də vaxtımı daha çox təhsilə və musiqiyə ayırırdım deyə TV-yə baxmağa, filmlərə tamaşa etməyə imkan qalmırdı. Bəzən evdə 10-12 saat pianoda çalırdım. Atamdan soruşdum ki, Jan Klod Vandam kimdir? Atam da həmin an Van Dammın filmini izləyirmiş. Dedi ki, bax, budur. Təəccübləndim və nə baş verdiyini anlamadım. Məni Kristofermi aldadırdı, yoxsa atam mənimlə zarafat edirdi? Atama dedim ki, bəs mənim bir xarici dostum var, deyir ki, atası Jan Klod Vandammdır. Dedi ki, ola bilməz, yəqin səninlə zarafat edir. Valideynlərim bundan sonra onunla danımağı məsləhət bilmədilər, belə hesab etdilər ki, o, hər kimdirsə, yalançıdır. Onlar bu yolla məni qoruduqlarını düşünürdülər.
- Valideynləriniz əcnəbi ilə evlənməyinizə necə razılıq verdilər?
Suada:
- Əlaqələrimiz artdı və o, evlənmək niyyətini “Facetime” vasitəsilə özü valideynlərimə dedi. Hətta poçtla üzük də göndərdi.
- Elçilik onlayn oldu?
Suada:
- Bəli, elçilik onlayn oldu. Bir-birimizi daha yaxından tanımaya-tanımaya. Pandemiya dövrü idi, uçuşlar yox idi. Arada əlaqəmiz itmişdi, illər sonra - 2020-ci ilin yayında təzədən danışmağa başladıq və məni bəyəndiyini etiraf etdi.
- Sosial şəbəkədə sevgi, elçilik... Həyatda isə başqa şeylə rastlaşa bilərdiniz. Bu, sizi qorxutmurdu ki?
Suada:
- Onun milyondan artıq izləyicisi və rəsmi “İnstagram” hesabı var idi, bilirdim ki, saxta deyil, həqiqidir.
- Xarakter olaraq nəzərdə tuturam.
Suada:
- O, illər ərzində mənimlə ancaq musiqi, incəsənət haqqında danışırdı. Çox mədəni münasibət göstərir, hörmətlə davranırdı. Mənə, ailəmə, ölkəmə qarşı hörməti mənim üçün çox önəmli idi. Bir xaricinin Azərbaycanı tanıması, ölkəmizin mədəniyyəti haqqında məlumatlı olması məni təəccübləndirmişdi. Atası Azərbaycanda olmuşdu və bu, Krisdə ölkəmizə maraq oyatmışdı. Azərbaycanın mədəniyyəti haqqında daha çox öyrənməyə başlayanda mən ona şəkillər və videolar göndərdim, yeməklərimizi nümayiş etdirdim. Həqiqətən ona çox maraqlı gəlirdi və onun səmimiyyətinə inanırdım.
Kristofer:
- Mən bu münasibətin sehrinə inanırdım. Azərbaycan adını görəndə atamın sözləri yadıma düşdü və fikirləşdim ki, görəsən, atamın təriflədiyi bu ölkənin qızları gözəldirmi? Və bizim macəramız belə başladı. Suada ilə bağlı bir məqamı qeyd edim ki, onun gözləri, baxışları məndə inam yaradır, bu inam günü-gündən daha da artır. Suadanın da mənim ruhumu duyduğunu bilirəm.
- Suada, siz sadə bir azərbaycanlı ailənin övladısınız, Kristofer isə dünya ulduzunun. Münasibət qurarkən qorxu hiss etmədiniz ki? Axı siz fərqli dünyaların adamlarısınız...
Suada:
- Mən başqa dünyaların adamları olduğumuzu düşünmürdüm. İnsanın peşəsindən çox, onun ruhunun uyumu önəmlidir. Bizim hətta “ruh yoldaşı” inisiallı boyunbağılarımız da var. O, mənə poçtla üzük göndərmişdi, mən də poçtla ona həmin boyunbağını göndərmişdim. Üzüklərimizin üstündə də S və K hərfləri yazılmışdı. Ulduz ailəsi olmalarına baxmayaraq, ailənin hər bir üzvü mənə sevgi göstərdi, çox istiqanlı davrandılar və məni ilk gündən ailəyə qəbul etdilər. Müxtəlif dünyalardan olduğumuzu fikirləşmirdim, çünki anası da, atası da mənimlə danışmağa başladı. Qardaşı, bacısı ilə də əlaqəm yarandı. Onların mənə münasibətini görəndən sonra bir ailə olduğumuzu hiss edirdim. Çox sadə və mehriban insanlardır. Hətta anası qısa zamanda mənə dedi ki, mənə ana deyə bilərsən. Eyni hissləri Kris də yaşadı.
- İndi harada yaşayırsınız və gələcəkdə harada yaşamağı planlaşdırırsız?
Suada:
- Hazırda Bakıdayam və ABŞ-a viza almağı gözləyirəm. Yəqin ki, qış aylarında artıq ABŞ-da olaram. Krisin atasının qohumları Belçikada yaşadığı üçün orada görüşürük. Atası bilirsiniz ki, Belçikadandır. Orada nənəsi və babası ilə tanış oldum. 3 ay orada qaldım və hər gün nənə-babası ilə görüşürdüm. Onlar da bizim kimi böyüklərə hörmət edirlər, onlarla çox vaxt keçirmək istəyirlər. Mən Bakıya qayıdanda hətta kövrəldilər də. Mən də təsirləndim. Onlar məni də öz nəvələri kimi qəbul etdilər. Hər gün məni gəzdirir və Belçikanın yeməkləri, mədəniyyəti haqqında danışırdılar.
- Gizli deyilsə, sənə toy hədiyyəsi kimi nə verdilər?
Suada:
- Onların adət-ənənələrinin bizimkindən fərqli olmasına baxmayaraq, toy hədiyyələri olub. Lakin hədiyyəni gizli saxlamaq daha yaxşı olar.
- Nəvə məsələsinə orada münasibət necədir? Evlənən kimi uşaq haqqında danışmırlar ki?
Suada:
- Az qala hər gün, hər gün deyirlər ki, nəvə istəyirik. Amma mən viza prosesindəyəm. Ora köçməliyəm, iş tapmaq və işləmək istəyirəm. Mən Bakı Musiqi Akademiyasının bakalavr pilləsini bitirmişəm və Prezident təqaüdçüsüyəm. Bu, musiqiçi üçün böyük statusdur. 7 ölkədə müsabiqələrdə yer tutmuşam. Təhsil məsələsi valideynlərim üçün də prinsipialdır. Bəlkə ABŞ-da magistratura təhsili də alaram. Kris mənə kino sahəsində bir yerdə işləməyi təklif edir. Mən musiqiçiyəm, kinoda da fəaliyyətim ola bilər. Bundan başqa musiqi festivallarının, müsabiqələrin təşkili ilə də məşğul olmaq fikrindəyəm.
Krisin mədəniyyətə ayrı bir münasibəti var. Uzaq yol gedəndə 2-3 saat danışmadan musiqiyə qulaq asırıq. Sənət əsərlərini müzakirə edirik. Bir dəfə hava limanında royal gördüm, orada Vaqif Mustafazadənin “Düşüncə” əsərini ifa etməyə başladım, onun çox xoşuna gəldi. Hər dəfə pianoda ifa edəndə mütləq məni videoya çəkir. Mənimlə fəxr etdiyini deyir.
- Kristofer, hazırda hansı işlə məşğul olursunuz?
Kristofer:
- Atam kimi mən də idmanla - şotokanla məşğul olmuşam və hələ də məşğul oluram. Suadanın atası da şotokan üzrə ustadır. Mənim kimi yox, atam kimi ustadır. Hazırda əsasən film sənayesində işləyirəm. Qardaşımla mənim “Damme BROS” adlı şirkətimiz var. Ssenarilər yazırıq, film çəkməyi, filmlərdə çəkilməyi planlaşdırır, sponsor tapmağa çalışırıq. Atam yaxşı aktyordur, elə biz də. Birlikdə filmdə çəkilsək, maraqlı olar. Mən həmçinin 2D animasiyalar hazırlayıram, həm də çox keyfiyyətli. Karyeramı hər zaman düşünürəm, planlar qururam. Bir çox filmlər çəkməyi planlaşdırıram, atamı, qardaşımı və Suadanı da o filmlərə cəlb etmək istəyirəm. Mənim həyat yoldaşımın film dünyasında olması mənim üçün çox önəmlidir. Ümid edirəm ki, gələcəkdə parlaq layihələrimiz olacaq. O, pianoçudur, həm də mükəmməl pianoçudur, hissiyyatı güclüdür, səhnəni hiss edə bilər. Bu bir il ərzində biz kamera arxasında məşq də etdik. İstədim ki, o, videoçəkilişlər zamanı emosiyaları elə çəkə bilsin ki, insanlar o emosiyaları hiss etsin. O, çox istedadlıdır və hər şeyin ən yaxşısına nail olmaq üçün əlindən gələni edir. Buna görə də onu lap çox sevirəm.
Suada həm də mənim sosial media üzrə menecerimdir. O, mənim “krisvandamoffical” səhifəmi idarə edir, “mavi tık” gözləyirik. Bu, ikimiz üçün də gözəl platformadır.
Elə adamlar var ki, kəmiyyət etibarilə çox iş görür, yaxşı pul qazanır, amma peşəkarlaşa bilmir. Mən belə olmaq istəmirəm. Mən seçiciyəm. Gündəlik işimin bir hissəsi də məşq etməkdir, hər gün məşq edirəm, formada qalmalıyam.
- Təhsiliniz nədir?
Kristofer:
- Ali təhsilliyəm, animasiya üzrə magistr dərəcəm var. Valideynlərim mənim üçün hər şey etməyə hazırdırlar, amma mən sevdiyim işi görmək, animasiya ilə məşğul olmaq istəyirdim. Mən biznesi əsasən babamdan öyrənmişəm. O, orta məktəbi bitirib, bizneslə məşğul olub, atam və bibim üçün gözəl şərait qurub. Film industriyası, kino istehsalı sahəsində isə atamın yanında praktiki təhsil alaraq öyrənmişəm, bilik və bacarıq əldə etmişəm.
- Atanı bütün dünya tanıyır, bəs anan haqqında nə deyə bilərsən?
Kristofer:
- Mənim atam da, anam da yaxşı aktyor və aktrisadır. Anam həm rəssamdır, həm də bodibildinq çempionu olub. Ümumiyyətlə, anam çox istedadlı qadındır, amma bunu çox az adam bilir.
- Kristofer, bəs atanızla ananız necə tanış olub?
Kristofer:
- Atam 70-ci illərin sonunda anamın şəklini bir idman jurnalda görüb. Belçikada yaşayırmış o vaxt. Ordakı idmançı dostlarına deyib ki, mən nə olur-olsun, bu qızla evlənəcəm və məşhur aktyor olacam. Heç kim ona inanmayıb. İllər sonra onlar Meksikada çəkiliş zamanı qarşılaşıblar. Anam da təbii ki, idmançı kimi onu görəndə heyrətlənib. Həmin görüşdən şəkilləri də var. Atam arzularının enerjisinə inanıb, anam da ABŞ-a, Nyu-Yorka qayıdanda yolboyu ancaq atam barədə düşünüb. Anam atamdan öncə məşhur olub, bacım və mən dünyaya gələndən sonra karyerasına son qoyub. Arada atamla anam ayrılıb, Suadanın anadan olduğu il yenidən evləniblər. Onlar həm də çox möhkəm dostdurlar.
- Van Dammın oğlu olduğunuz üçün özünüzü başqalarından fərqli hesab edirsiniz?
Kristofer:
- Əksinə, mən “Hollivud oyunu”ndan uzağam. Hollivud dünyasında gərək maskanı geyinib başqa adam olasan, yalan danışasan. Mənim karatedən gələn mənəvi dəyərlərim var, yalan danışmıram. Uşaq olanda səhvlərim olub, yalan da danışmışam, amma səhvlərimdən dərs çıxarmışam, bir daha o səhvləri təkrar etməmişəm. Atam da mənə həmişə tövsiyə edir ki, səmimi olmaq, dürüst olmaq “rola girmək”dən daha gözəldir. İnsan gərək etdiklərinə görə qocalanda təəssüf hissi keçirməsin. Mənim üçün birinci yerdə ailəm, ikinci yerdə sağlamlığım gəlir. Film sənayesində olanlar bunlardan önəmli deyil. Suada özü də ABŞ-a gedib görəcək, amma əsas odur ki, o, indidən bunları başa düşür, dərk edir.
- Dostluğa nə qədər önəm verirsiniz? Dostunuz çoxdur?
Kristofer:
- Dost insanın istədiklərini bilən və istəklərini daim dəstəkləyən insandır. Hollivudda əsl dost olmur, amma mənim adi həyatda 4-5 yaxşı dostum var. Onların içərisindən də ikisinə, maksimum üçünə güvənə bilərəm. Onları qardaşım kimi bilirəm. Bundan əlavə, ailə üzvlərimlə də dostcasına münasibətlərimiz var. Ümumiyyətlə, dostluq çox önəmli məsələdir. Mənə elə gəlir ki, ABŞ-la müqayisədə Azərbaycanda dostluq anlayışı daha dərin məna kəsb edir. Düşünürəm ki, ABŞ-da ciddi dostluqlar ancaq hərbi sistemdə olanlardadır. Çünki onlar çox çətinlikdən bərabər keçirlər. Ümumiyyətlə, azərbaycanlı gənclərə də məsləhət görərdim ki, əcnəbilərlə dostluq edəndə seçici olsunlar. Elə Azərbaycanda da belədir. Mələsən, mən Suada ilə ailə həyatı quranda da dostlarımdan məsləhət aldım. Çünki onlar mənim keçmişimi, keçmiş münasibətlərimi yaxşı bilirdilər. Bir yaxın dostum var, adı Skotdur. Bir çox layihələrdə birlikdə işləmişik. O, mənim həm pis günümdə, həm də yaxşı günümdə yanımda olan dostumdur. Ondan Suada barədə soruşanda dedi ki, siz bir-biriniz üçün yaradılmısınız.
Suada:
- Dünən Krisin anası da mənə mesaj yazmışdı ki, “Kris səninlə bir yerdə olandan müsbət tərəfə daha çox dəyişib, o, sənin yanında olanda gözlərinin içindəki parıltını görürəm. Səni çox sevirəm”.
- Kristofer, Azərbaycanın kino sənayesi, Azərbaycan incəsənəti ilə maraqlanırsınız?
Kristofer:
- Mən Azərbaycanın kino sənayesi ilə yaxından tanış deyiləm, amma burada film çəkməyi çox arzu edirəm. Azərbaycanlı sənət adamları ilə tanış olmaqdan, işləməkdən qürur duyardım. Həyat yoldaşım azərbaycanlıdır, mən də bu ölkəyə necəsə töhfə verməliyəm. Yəqin ki, bu töhfə də film sahəsində olar. Azərbaycan kino mədəniyyətinin bir hissəsi olmaq istərdim.
- Bir gün burada yaşamalı olsanız...
Kristofer:
- Birdəfəlik bura köçə bilmərəm. Amma Suadanın valideynləri burada yaşıyır, bu, mənim üçün çox önəmlidir və müəyyən müddət burada yaşaya bilərəm. Mənim bütün həyatım, 35 illik həyatım Los-Anceleslə bağlıdır. Amma mən dünyanın müxtəlif şəhərlərində - Honqkonqda, Vankuverdə yaşamışam. Belçikada, Almaniyada, İspaniyada, İsveçrədə və digər Avropa ölkələrində də həmçinin. Asiya ölkələrini də sevirəm, lakin ikinci evimiz, məncə, Yaponiya ola bilər. Yaponiyanın bir çox şəhərlərində olmuşam, oranı çox sevirəm. Avstraliya və Yeni Zelandiyaya da getmək istəyirəm.
- Neçə övladınızın olmasını istərdiniz?
Kristofer:
- Üç - iki oğlan, bir qız.
- Bəs onlardan hansınınsa adı azərbaycanlı adı ola bilər?
Suada:
- Mən fikirləşirəm ki, övladım olanda ona mütləq həm də azərbaycanlı adı qoymalıyam. Düzdür, bunu hələ heç özünə deməmişəm, indi deyirəm. Bu adın deyilişi, yazılışı asan olmalı, anlaşılan olmalıdır.
Kristofer:
- Bir Amerika, bir Belçika, ya Puerto-Riko adı ola bilər.
- Jan Klod Van Dammın Azərbaycana gəlmək planı yoxdur?
Kristofer:
- Hazırda atamın işləri çoxdur. Amma ən qısa zamanda, imkanı olan kimi əlbəttə ki, gələcək. Atam dünya insanıdır, Azərbaycanı və azərbaycanlıları da çox sevir. Özünü universal insan hesab etdiyi üçün bütün mədəniyyətlərlə yaxından tanış olmağa can atır. O, insanlarla yanaşı, təbiəti, heyvanları da çox sevir, ekologiyanın qayğısına qalır. Ona görə də səyahət etməyi sevir. Azərbaycanlı gəlini olduğu üçün Azərbaycan gedəcəyi ölkələr arasında birinci yerdədir.
Suada:
- Atam da onun yolunu səbirsizliklə gözləyir, onlar çox yaxın dostdurlar.
- Sosial şəbəkələrdə haqqınızda çox yazırlar. O fikirlər sizi narahat edir?
Kristofer:
- Mən bu fikirlərə, bu hücumlara normal yanaşıram. Amma Suada mənim kimi düşünmür. Hər kəsin öz fikir, öz düşüncəsi var və bu fikirlərin, bəzən də nifrətin arxasında səbəblər var. Bu normal haldır. Əsas odur ki, bu yazılanlar bizim sevgimizə təsir etmir və edə də bilməz. Bizim bir-birimizə münasibətimiz hər şeydən önəmlidir. Çox sevinirəm, şükür edirəm ki, Allah mənə belə gözəl həyat yoldaşı qismət edib. İnsanlar da zamanla bizi qəbul edəcəklər.
Suada:
- İnsanların bizi tanımadığı halda fikir bildirməsi bizə təsir edirdi. Tanışılığımız haqqında deyirdilər ki, “Tiktok”da tanış olmuşuq. Halbuki Krisin “Tiktok”dan, ümumiyyətlə, xoşu gəlmir. Yazırdılar ki, bu evliliyin müddəti iki aydır. Biz də söz verdik ki, bu düşüncədə olan insanlara sevgimizin real olduğunu sübut edək. Mənə deyirdilər ki, yəqin atasına görə ona ərə gedirsən. Halbuki, dediyim kimi, mən əvvəllər atasının kim olduğunu bilmirdim. İnsanlar hər şeyi media üçün, reklam üçün, pula görə etdiyimizi deyirdilər. Bu fikirlər məni çox bezdirirdi.
- Kristoferin xüsusi qadağaları var?
Suada:
- Sadəcə, hava qaralandan sonra küçədə olmağımı istəmir, “çalış, evdə ol” deyir. Qısqanclığı var - inanır, güvənir, amma qısqancdır. Nənəsi də, anası da deyirlər ki, o, sənin əlindən bərk tutub, kənar fikirlərə diqqət eləmə. O, özünü azərbaycanlı kişi kimi aparır. Mən isə ona heç bir qadağa qoymuram. Mən də ona inanıram.
Kristofer:
- Biz piramida kimiyik, kökümüz möhkəmdir.
Suada:
- Mən çalışıram ki, ətrafdakıların pis fikirlərini diqqətə almayam. Bilirəm ki, ailədə güclü olmalıyam. Kris məndən dəfələrlə soruşub ki, həyatın çox dəyişəcək, evlənməyə əminsən? Əmin olduğumu dedim və bildirdim ki, mən artıq öz seçimimi etmişəm, səninlə daha da güclü olacam və istənilən çətinliyə hazıram.
- Müsahibədən əvvəl bu qədər sadə, səmimi və istiqanlı biri ilə qarşılacağımı ehtimal etmirdim...
Kristofer:
- 90 yaşım olanda yaşadığım heç nəyə təəssüflənmək istəmirəm. Adam məşhur ailəsindən olanda çətin olur, adamın iki seçimi olur. Birinci yol təmiz, işıqlı, amma darıxdırıcı, ikinci yol isə maraqlı, amma çirkli olur. Təmiz yolu seçənlər də az deyil. Kevin Beykerin qızının da düşüncəsi mənimki kimdir. Biz kameraya oynamağı sevmirik.
- Azərbaycan mətbəxi ilə aranız necədir?
Suada:
- Azərbaycan mətbəxini çox sevir. Qutab, kabab, plov, ən çox da dolmanı bəyənir. Amma süd məhsullarını o qədər də xoşlamır. Azərbaycan yeməklərini dadandan sonra isə idmanın nə qədər vacib olduğunu da unutmur.
- Ən böyük arzunuz nədir?
Kristofer:
- Ən böyük arzum uğurlu bir rejissor olmaqdır. Qardaşımla birlikdə yazdığımız ssenariləri birlikdə də reallaşdırmalıyıq. Atamızın adını istifadə etmək önəmlidir. Biz o addan layiqincə istifadə etməliyik, üstünlüklərindən yararlanmalıyıq, lakin onun adını ləkələmək olmaz.
- Qorxmursunuz ki, nə qədər çalışmağınızdan asılı olmayaraq, həmişə Van Dammın kölgəsində qalasınız, sizə həmişə Van Dammın oğlu deyələr?
Kristofer:
- Əvvəllər cavan idim, həvəskar idim, qorxularım var idi. Atamın kölgəsindən çıxmağımdan insanlar hələ də xəbərsizdirlər, amma belə müsahibələr sayəsində öyrənəcəklər. İnsanlar məndən atamdan daha yaxşı olmağımı gözləyirlər. Amma imkan vermirlər ki, özüm kimi olum. İnsanlar mənə şans vermək istəmir. Həyat fəlsəfəm budur ki, insan öz daxilində hüzur tapmalıdır. Mən öz hüzurumu həyat yoldaşımda, ailəmdə, dostlarımda tapıram.
- Biz Van Dammı güclü və qorxmaz insan kimi tanıyırıq, əslində yaratdığı obrazlara bənzədirik. Bəs Kristoferin qorxusu nədəndir?
Suada:
- 19 yaşında 6 saat liftdə qalıb, ona görə də qapalı məkanlara qarşı qorxu hissi yaranıb. Liftdən istifadə etməməyə üstünlük verir. Hətta Honqkonqda 75-ci mərtəbədəki evlərinə 35 dəqiqə pilləkənlə qalxırmış. Gördünüz ki, burda da liftdən istifadə etmədi.
- Qorxu mövzusuna daha böyük anlamda yanaşsaq...
Kristofer:
- Biz katolik tərbiyəsi almışıq, amma özümü katolik hesab etmirəm. Hamımızın bir dünyası var. Hamımız eyni dünyanı bölüşürük. Hər insanın qorxuları olur. Məsələn, atam ailəsini özündən əvvəl itirməkdən çox qorxur. Bu da normaldır. Atam həm də uşaqlarının uğursuz olmasından qorxur. Ona görə də bizim üçün əlindən gələni edir. Bizə öyrədilən budur ki, başqa millətləri qəbul etməli və sevməliyik. Atam da eynisini düşünür. Əsas insanlıqdır. Allahdan qorxmaq yox, sevgi bəsləmək lazımdır.
İnanırıq ki, bizim sevgimiz gənclərə örnək olacaq. Ona görə sonda gənclərə bir tövsiyyəm var. Məsləhət görürəm ki, cəmiyyətin onları müəyyən bir qəlibə salmasına icazə verməsinlər. Özünüz arzularınızın arxasınca gedin. Mənim həyat yoldaşım da çox çətinliklərdən keçib, ona görə də o, istər gənc oğlanlara, istərsə də gənc qızlara necə qərarlı olmaq barədə danışır. Qərar verməkdə hamımız sərbəstik. Qorxunun sizi doğru hesab etdiyiniz, amma əslində doğru olmayan yerə aparmasına icazə verməyin. Allaha inanın və xoşbəxt olmağa çalışın.
Vəsilə Vahidqızı
bakunews.az