Azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və inkişaf prosesi start götürüb.
Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
"Dövlətimiz işğaldan azad edilmiş ərazilərdə geniş əhatəli yenidənqurma və inkişaf prosesinə başlayıb. Bu proses yalnız fiziki infrastrukturun bərpasını deyil, eyni zamanda sosial həyatın və insan yaşayışının yenidən canlandırılmasını özündə ehtiva edir", - deyə o bildirib.
Ombudsman azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun yenidən yaradılması, iqtisadi həyatın dirçəldilməsi, yeni iş yerlərinin və məşğulluq imkanlarının formalaşdırılması, təhsil müəssisələrinin bərpası, müasir tədris ocaqlarının genişləndirilməsi, nəqliyyat-infrastruktur layihələrinin reallaşdırılması, sosial xidmətlərin möhkəmləndirilməsi, vətəndaşların keyfiyyətli xidmətlərə əlçatanlığının təmin olunmasının xüsusi önəm daşıdığını vurğulayıb.
"Bu çərçivədə görülən işlər Azərbaycan dövləti tərəfindən reallaşdırılan Böyük Qayıdış prosesinin davamlılığını gücləndirir, insan ləyaqətinə uyğun həyat şəraitinin bərpasını və təhlükəsiz sosial nizamı əsas prioritet olaraq müəyyənləşdirir", - S.Əliyeva deyib.