Mövcud rotasiya qaydalarına əsasən, direktorların iş yerinin dəyişdirilməsi və ya yaş həddinə çatmış rəhbərlərlə bağlanmış əmək müqaviləsinin uzadılması barədə yerli təhsili idarəetmə orqanlarının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi-nə təqdim etdiyi sənədlər konkret göstəricilər və rəsmi təhlillər əsasında hazırlanmalıdır. Həmin göstəricilər açıq şəkildə müəyyən edilib: namizədin dövlət təltifinin olması, kollektiv və cəmiyyətdə nüfuzu, son bir ildə intizam tənbehi almaması, son üç ildə rəhbərlik etdiyi məktəbdə IX sinif buraxılış imtahanlarında müsbət dinamikanın müşahidə olunması, məzunların ali məktəblərə qəbul faizində artım və respublika, eləcə də beynəlxalq fənn olimpiadalarında şagird nailiyyətləri.
Bu meyarlar qanun və qaydada mövcuddursa, tətbiqi də görünməlidir.
Daha əvvəl ictimailəşdirdiyimiz faktlarda 450 nəfərlik kontingenti olan Quba şəhər 7 nömrəli tam orta məktəb-in direktoru Paşa Süleymanovun 1050 nəfərlik Quba şəhər 4 nömrəli məktəb-liseyə rotasiya olunmasını, həmçinin təxminən 200 şagirdi olan Sayad kənd tam orta məktəbinin keçmiş direktoru Elməddin Məmmədovun 950 nəfərlik Qusarçay kənd tam orta məktəbinə təyin edilməsini diqqətə çatdırmışdıq. İndi isə növbəti fakt ortaya çıxır.
2025-ci ilin sentyabrında təxminən 102 şagird kontingenti olan Taxtalar kənd ümumi orta məktəbinin direktoru Mehriban Ağabalayeva 310 nəfərdən artıq şagirdi olan Şabran şəhər 3 nömrəli ümumi orta məktəbə rotasiya edilib. Rəsmi nəticələr göstərir ki, son üç ildə nə IX sinif buraxılış imtahanlarında yüksək göstəricilər qeydə alınıb, nə də fənn olimpiadalarında ciddi nailiyyətlər əldə edilib. Müsbət dinamika ilə bağlı açıq statistik əsaslandırma isə görünmür.
[/center]
[center]
Buna baxmayaraq, qərar verilib. Qərarın verilməsində adı hallanan şəxs Fikrət Heybətov – Quba-Xaçmaz Regional Təhsil İdarəsi-nin İnzibati Təşkilat sektorunun müdiridir. Çoxsaylı yazılarımızda onun fəaliyyəti ilə bağlı suallar qaldırmışıq. Lakin görünən odur ki, qərarlar dəyişmir.
Bəs Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu qərarları hansı əsaslarla müdafiə edir? Əgər rotasiya qaydaları mövcuddursa, konkret göstəricilər niyə ictimaiyyətə açıqlanmır? Əgər nəticələr əsas götürülürsə, həmin nəticələr haradadır? Əgər şəffaflıq prioritetdirsə, niyə rəsmi sorğular cavabsız qalır?
Bakunews.az tərəfindən ünvanlanan sorğulara, əvvəlkilər kimi, hələ də cavab verilməyib. Təhsil sahəsi şəxsi maraqların meydanı deyil, gələcəyin taleyidir. Statistik əsaslandırması görünməyən qərarlar isə nə qanunun ruhuna, nə də cəmiyyətin gözləntisinə uyğun gəlir.
Araşdırmalar davam edir və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.