Manaf Manafov Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə 2020-ci ilin avqust ayında rəis təyin olunub. Buna qədər isə o, Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi olub. Həm də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon Təşkilatının sədri olub. Daha əvvəllər isə Nizami rayon Mənzil-Kommunal Təsərrüfat Birliyində müxtəlif vəzifələrdə çalışıb, YAP Nizami rayon Təşkilatının üzvü olub. Əldə etdiyimiz məlumatlara görə onun vəzifə pillələrində yüksəlişinə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rolu çox olub. Bunu 2018-ci iln yayında Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunandan sonra yaxın ətrafına Manaf Manafovun özü söyləyib ki, “tezliklə daha yaxşı olacaq və daha yüksək vəzifəyə təyin olunacaq.” Elə də olur . Heç iki il keçməmiş Manaf Manafov ucqar, kiçik Pirallahıdan şəhərin mərkəzinə, daha böyük Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə rəis təyin olunur.
Bəs Manaf Manafovun vəzifəsi Pirallahıdakı hansı xidmətlərinə görə yüksəldi?
Məlum olduğu kimi Prezidenti Pirallahı rayonu İlham Əliyev 2012-ci il 21 dekabr tarixli Sərəncamı ilə yaradılıb. Bundan sonra “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair proqramı”na uyğun olaraq Pirallahı rayonu ərazisində əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə dövlət vəsaiti ayrıldı. Ayrılan vəsaitlərin böyük hissəsi əvvəlcə Pirallahı rayon MKTB-nin rəisi olmuş Sahib Qurbanov tərəfindən, 2016-2020-ci illərdə isə Manaf Manafov tərəfindən sözün əsl mənasında talan edildi. Bunu elə Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin keçirdiyi satınalmalarda da görmək mümkündür. Belə ki, Birlik Manaf Manafovun rəhərliyi dövründə dövlət satınalmalarının vahid internet portalında yalnız 2019-cu ildə bağlanmış 3 satınalma müqaviləsinin bağlanıldığı barədə məlumat verilib. Buradan suallar ortaya çıxır. Manaf Manafovun rəis olduğu dövrdə Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyi satınalmaları hansı üsullarla həyata keçirib ki, dövlət satınalmalarının vahid internet portalında heç bir məlumat yoxdu? Deməli burada qanunsuzluqlara yol verilib, satın alınan malların və xidmətlərin qiymətləri şişirdilib, özünə yaxın şirkətlərlə müqavilələr bağlanılıb, satınalmalar saxtalaşdırılıb. Həmin dövrlər araşdırılsa, yazdığımız da təsdiqini tapar.
Bəs necə oldu ki, Manaf Manafov Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə rəis təyin olundu?
Qeyd etdiyimiz kimi, onu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dəyişib. Pirallahıya baxanda Nərimanov rayonunda abadlıq işlərinin aparılmasına daha çox pullar ayrılır axı. Manaf Manafov da şəhər merinin etimadını doğrultmaq üçün nəyi var çalışır.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Manaf Manafov rəhbərliyi ilə Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi son 4 ildə 12 satınalma müqaviləsi bağlayıb. Amma satınalma planlarına 2023-cü ildə 5 açıq tender, 2022-ci ildə 7 açıq tender, 2021-ci ildə 7 açıq tender, 2020-ci ildə isə3 açıq tender daxil edib ki, bu da ümumilikdə 22 açıq tenderin keçirilməsi nəzərdə tutulub. Bəs Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi son 4 ildə nə üçün 12 satınalma müqaviləsinin bağladığını açıqlayıb? Bəs, satınalma planlarına daxil edilmiş 10 açıq tenderin nəticələri necə olub?
Gəlin indi son 4 ildə Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin bağladığı satınalma müqavilələrinə diqqət edək.
Abadlaşdırma xidmət haqqının ödənilməsi (Asfalt örtüyün təmiri işləri) üzrə 263.797,11 manat, 02.11.2020-ci ildə, məhəllədaxili yollarda asfalt örtüyünün təmiri işlərinin satın alınması üzrə 294.949,21 manat, 20.08.2021-ci ildə, məhəllə daxili yollarda abadlıq işlərinin satın alınması üzrə 380.196,78 manat, 15.11.2022-ci ildə “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə 3 satınalma müqaviləsi bağlanıb ki, ümumilikdə 938 942 manat təşkil edib.
Yumşaq inventar və xüsusi geyimlərin satın alınması üzrə 30.068,76 manat, 18.05.2021-ci ildə, dəftərxana və təsərrüfat malların satınalınması üzrə 124.023,9 manat, 21.05.2021-ci ildə, təsərrüfatda istifadə ediləcək malların satın alınması üzrə 295.330,4 manat, 10.03.2022-ci ildə, xidməti istifadə məqsədli bir sıra malların satınalınması üzrə 286.975,41 manat, 25.10.2022-ci ildə “ETNIK GƏLƏCƏK-2021” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4 satınalma müqaviləsi bağlanıb ki, ümumilikdə 736 396 manat təşkil edib.
Ehtiyat hissələrin satın alınması üzrə 34.444,2 manat məbləğində satınalma müqaviləsi “Stone Construction”QSC ilə 18.05.2021-ci ildə, parkları abadlaşdırmaq üçün lazım olan oturacaqların satın alınması üzrə 37.642 manat məbləğində satınalma müqaviləsi “KONEKS CONSTRUCTİON” MMC ilə 27.12.2021-ci ildə, parkları abadlaşdırmaq üçün lazım olan oturacaq və zibil qutuların satın alınması üzrə 292.758 manat məbləğində satınalma müqaviləsi SUMQAYIT MELİOSERVİS İDARƏSİ ilə 16.03.2022-ci ildə, müxtəlif təyinatlı hissələrin satınalınması üzrə 34.946,88 manat məbləğində satınalma müqaviləsi “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC ilə 26.09.2022-ci ildə 4 satınalma müqaviləsi bağlanıb ki, ümumilikdə 399 790 manat təşkil edib.
Bu rəsmi məlumatlardan belə çıxır ki, son 4 il ərzində Nərimanov kimi böyük bir rayonunda kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin aparılmasına Manaf Manafovun rəhbəri olduğu Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi cəmi 2 075 128 manat xərcləyib. Amma reallıqda isə vəziyyət tamam başqadı. Cari ilin artıq 11-ci ayı olmasına baxmayaraq Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi satınalma planlarına uyğun olaraq heç bir tenderin keçirilməsi haqqında ictimaiyyətə hələ açıqlama verməyib. Niyə? Çünki, Eldar Əzizova yaxın şirkətlərlə müqavilələr bağlanılıb, alınan malların və xidmətlərin qiymətləri qat-qat şişirdilib, satınalmalar saxtalaşdırılıb. Elə yuxarıda sadalanan MMC-lərin əksəriyyəti də Bakı şəhər İcra Hakimiyyəti başçısına yaxınlığı ilə tanınan şirkətlərdir.
Hazırda Manaf Manafov da İcra başçısının “etimadını” doğrultmaq üçün ona məxsus olan şirkətlərlə güya Nərimanov rayon ərazisində abadlıq və quruculuq işləri aparır. Halbuki, büdcə vəsaitlərini talayır və himayədarından daha böyük vəzifənin veriləcəyi günü gözləyir.(Aktualinfo.org)