Tarixi abidələr yalnız daşdan, divardan və qədim tikililərdən ibarət deyil. Onlar xalqın keçmişi, milli kimliyi, dədə-babalarımızdan bizə miras qalan tarixi yaddaşı və gələcək nəsillərə ötürməli olduğumuz mənəvi sərvətlərdir.
Təəssüf ki, bəzən bu dəyərlərə münasibətdə ciddi suallar doğuran mənzərələrlə qarşılaşırıq.
Bir həftə ərzində Türkiyənin Antalya şəhərində olarkən bir çox tarixi məkan və muzeyləri ziyarət etdim. Tarixə və mədəniyyətə marağım olduğu üçün getdiyim ölkələrdə belə məkanları xüsusilə gəzməyə çalışıram. Antalyada diqqətimi çəkən əsas məqamlardan biri isə tarixi məkanlara münasibət oldu. Ziyarət etdiyim yerlərdə yerli və xarici turistlərin tarixi məkanlardan istifadə etməsi arasında bu qədər kəskin qiymət fərqinin şahidi olmadım.
Azərbaycana qayıtdıqdan sonra isə Bakı şəhərinin mərkəzində yerləşən Qız qalasını xarici qonağımla birlikdə ziyarət etmək istədik. Məhz burada məni ciddi şəkildə təəccübləndirən mənzərə ilə qarşılaşdıq.
Yerli vətəndaş üçün daha aşağı qiymət, xarici vətəndaş üçün isə əhəmiyyətli dərəcədə yüksək ödəniş tələb edildi. Bildirilən qiymətə görə, xarici vətəndaş üçün 19 manat ödəniş istənildi və nəticədə 2 nəfər üçün 3 kartla ödəniş etdik.
Əlbəttə, tarixi abidələrin qorunması, saxlanılması və idarə olunması müəyyən maliyyə vəsaiti tələb edir. Buna etirazımız yoxdur. Sualımız başqadır: Qiymətlər hansı meyarlarla müəyyən edilir və xarici qonaq üçün niyə bu qədər kəskin fərq yaranır?
Daha diqqətçəkən məqam isə odur ki, ərazidə söhbət etdiyim bir neçə yerli vətəndaş da qiymətlərdən narazılıq bildirdi. Onların sözlərinə görə, özləri Azərbaycan vətəndaşı olduqları halda, onlardan da müxtəlif məbləğlərdə ödəniş tələb olunub.
Əgər dövlət tərəfindən qorunan tarixi abidələrə giriş qiymətləri müəyyən edilmiş rəsmi tariflər əsasında həyata keçirilirsə, bu tariflər açıq, şəffaf və hər kəs üçün aydın şəkildə təqdim olunmalıdır. Vətəndaşda belə bir təəssürat yaranmamalıdır ki, qiymət ziyarətçinin kimliyinə və ya qarşı tərəfin istəyinə əsasən dəyişə bilər.
Ən əsası isə xarici turistə münasibət məsələsidir.
Biz sevinməliyik ki, xarici vətəndaşlar Azərbaycana gəlir, Bakını gəzir, Qız qalasını, İçərişəhəri və digər tarixi-mədəni abidələrimizi görür, ölkəmizin tarixini və mədəniyyətini tanıyırlar. Xarici qonaq Azərbaycan tarixini öyrənmək istəyirsə, biz onun qarşısına yalnız ödəniş baryeri qoymamalı, əksinə, ölkəmizin mədəni irsini layiqincə təqdim etməliyik.
Şəxsən bir Azərbaycan vətəndaşı kimi xarici qonağımla birlikdə tarixi abidəyə gedərkən bu cür qiymət fərqi ilə qarşılaşmaq mənə xoş təsir bağışlamadı. Hətta həmin an özümü narahat hiss etdim. Amma sonradan düşündüm: utanmalı olan Azərbaycanı ziyarət edən turist deyil. Tarixi irsimizə münasibəti bu vəziyyətə gətirən yanaşma varsa, məsul suallar məhz həmin yanaşmaya ünvanlanmalıdır.
Mədəni irs yalnız gəlir mənbəyi kimi qiymətləndirilməməlidir. Tarixi abidələrimiz gələcək nəsillərə ötürüləcək milli sərvətdir. İnsanların bu sərvətlə tanış olması, onu görməsi və tariximizi öyrənməsi mümkün qədər əlçatan olmalıdır.
Bu səbəbdən Mədəniyyət Nazirliyinin və aidiyyəti qurumların belə məsələlərə diqqət yetirməsi vacibdir. Qız qalası və digər tarixi abidələrdə tətbiq olunan giriş tariflərinin hansı əsaslarla müəyyənləşdirildiyi, yerli və xarici vətəndaşlar üçün qiymət fərqinin səbəbləri və ödəniş mexanizmlərinin şəffaflığı ictimaiyyətə izah edilməlidir.
Tarixi abidələrimiz pula satılacaq adi kommersiya obyekti deyil. Onlar xalqın tarixidir, milli yaddaşıdır, gələcək nəsillərə əmanətdir.
Turistdən gəlir əldə etmək olar, amma tarixi və milli dəyərlərimizin qarşısına pul səddinin çəkilməsi Azərbaycan haqqında formalaşdırdığımız müsbət imicə zərər verməməlidir.
Tariximizi qorumaq yalnız abidənin divarlarını qorumaq deyil. Tariximizə münasibəti də qorumaqdır.