Azərbaycanı beynəlxalq aləmdə sidq-ürəkdən təbliğ edən, siyasəti mərhəmət və şəfqət kimi bəşəri dəyərlərlə zənginləşdirən, hər bir sahədə xoş məramı ilə fərqlənən Mehriban Əliyeva Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışır, sabahının qayğısına qalır. Tanrı insana yar ola bilər, ona gözəl tale qismət edə bilər, amma o, tam kamilliyə xalqın alqışı, duası ilə çatır. Mehriban Əliyevanın Vətənə, xalqa xoşməramlı xidmət amalının dəyişməz qalması təsadüfi deyil.
Həyat prinsipləri ləyaqət, mərhəmət, intellekt və mehribanlıq olan Azərbaycanın Birinci vitse-prezidentinin dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərə nəzər yetirdikdə bu xidmətin miqyasını təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil. Onun humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz xalqa layiqli xidmət dayanır. “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyənləşdirir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi və dərk edilmiş məsuliyyətin imkan verir. Kimsənsə elə də olmalısan. Bax, budur bizim həyatımız!”, – deyən Mehriban Əliyeva Azərbaycan tarixinə xalqa sonsuz məhəbbəti, gördüyü əzəmətli quruculuq işlərinin miqyası və xeyriyyəçilik əməlləri ilə daxil olub.
O, həyat yolunu və fəaliyyət dairəsini özü müəyyənləşdirib, xeyirxahlıq yolunu seçib. Yardıma ehtiyacı olan hər kəsin yanında olmaq onun həyat amalıdır. O, xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, həm də gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur. Onu köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Bəzən hətta bayramları onlarla birgə keçirir. Müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, erməni işğalı nəticəsində yurd yerindən didərgin salınmış məcburi köçkünlər Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar.
Ötən illər ərzində Mehriban Əliyeva ümummilli amallar naminə gərgin səylər göstərib. “Mən nəyi deyirəmsə çalışıram onu həyata keçirim”, – deyən birinci xanımın fəaliyyətində başlıca meyar deyilən sözün həyatda öz təsdiqini tapmasıdır. Onun rəhbərliyi ilə reallaşdırılan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib. Mehriban xanım qısa müddətdə dünyada ən işgüzar qadın imicinə sahib olub, müasir Azərbaycan qadınının ideal obrazını yaradıb, ölkəmizdə qadın hərəkatının aparıcı simasına çevrilib. “Qadının gücü, güc mənbəyi ilk baxışdan çox sadə görünən xeyirxahlıq, sevgi və mərhəmət kimi əbədi duyğulardır”. Mehriban Əliyevanın bu sözləri bir daha təsdiqləyir ki, amalı xeyirxahlıq və kömək etmək olan birinci xanımın çoxşaxəli fəaliyyəti cəmiyyətin həyatında müsbət dəyişikliklərin baş verməsinə yönəlib. Onun dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız – Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”. Mehriban xanım elə bu amal və məramla da özünün ömür kitabını yazır, onu ildən-ilə daha parlaq səhifələrlə zənginləşdirir.
2004-cü ildən ulu öndər Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik edən Mehriban Əliyevanın təşəbbüsü, dəstəyi ilə reallaşan çoxsaylı və irimiqyaslı layihələr təkcə ölkə daxilində deyil, bütün dünyada böyük rəğbətlə qarşılanır. Məhz onun təşəbbüsü və yaxından iştirakı ilə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə bir sıra irimiqyaslı layihələr reallaşdırılıb. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr mənəvi, tarixi, mədəni irsimizin qorunması işinə mühüm töhfələr verir. Çoxsaylı xeyriyyəçilik tədbirləri Heydər Əliyev Fondunu həm də şəfqət və mərhəmət ünvanına çevirib. Fondun mədəniyyətimizlə, incəsənətimizlə bağlı layihələri mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna rola malikdir. Sərhəd tanımayan xeyirxah təşəbbüsləri Heydər Əliyev Fonduna dünyada böyük nüfuz qazandırıb. Mehriban Əliyevanın 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri seçilməsi həm də Azərbaycan mədəniyyəti üçün tarixi nailiyyət, əlamətdar hadisələrdir. Bu, Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüqlər açılması demək idi. Onun himayəsi ilə UNESCO çərçivəsində mədəni irsin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi, təhsilin inkişafı və digər sahələrdə mühüm layihələr həyata keçirilib.Həmçinin xoşməramlı səfir kimi o, Azərbaycan tarixini, mədəni irsini, həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində yorulmaz fəaliyyət göstərir. Mehriban xanımın fəaliyyəti təkcə milli-mənəvi dəyərlərin, Azərbaycanın mənəvi və qeyri-maddi irsinin dünya miqyasında təbliğinə deyil, eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib.
Birinci xanımın yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizin nüfuzlu tədbirlərə uğurla ev sahibliyi etməsi Azərbaycan reallıqlarının təbliği baxımından mühüm əhəmiyyətə malikdir. “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”. Bu fikirləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında deyib.
2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir. Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürən Birinci vitse-prezident Mehriban Əliyeva elə fəaliyyətinin ilk tədbirlərini yenə də humanist missiyaya köklədi. O, diqqətini cəmiyyətin ən çox yardıma və dəstəyə ehtiyacı olan hissəsinə – qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına yönəltdi. Azərbaycanın Birinci vitse-prezidenti bu kateqoriyadan olan insanlar üçün yeni qəsəbələrin tikilməsini, yaşayış massivlərinin salınmasını diqqət mərkəzində saxlayaraq bu məsələyə daha çox ictimai dəstəyi təmin etdi.
Ötən illər göstərdi ki, Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr nadirliyi, orijinallığı ilə seçilir, kompleks xarakter daşıyır. Ən başlıcası, Mehriban xanımın qısa zaman kəsiyində bu qədər işin öhdəsindən bacarıqla və yaradıcı şəkildə gəlməsi insanlarda dərin ehtiram hissi doğurur. Mehriban Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. O, insanları sevməklə özünü sevdirib. Sadəliyi və xeyirxahlığı ilə sevgi qazanıb və bu sevgi dünyanın da diqqətini cəlb edib.
Dünya Mehriban xanımın insan sevgisi ilə dolu ürəyinə heyran qalıb, onun təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələri alqışlayır. Böyük və nadir insanlar doğulduqları andan ömrünün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Belə insanların ömrü yorulmadan, dayanmadan böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Mehriban Əliyevanı xalqımıza ən çox sevdirən isə onun prinsipləridir. Bu prinsiplərin əsasında çox sadə bir ideya dayanır: insanlara yaxşılıq etmək.Mehriban xanım Əliyevanın xeyriyyəçilik əməlləri humanizm prinsiplərindən qaynaqlanır.
Prezident İlham Əliyevin söylədiyi kimi: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın adı yüz minlərin, milyonların qəlbində ümid yerinə, xeyirxahlıq, haqq-ədalət ünvanına çevrilib. Dara düşən, həlli müşkül problemlərlə qarşılaşan yüz minlərlə insan, ilk növbədə, onun adını tutur, məktub göndərir, qəbuluna düşür. Və heç biri ümidsiz qalmır.
Mehriban xanım Əliyeva sadəliyi, səmimiliyi, mehribanlığı, alicənablığı, ürək genişliyi, xoş ovqatı, gözəl aurası ilə ətrafında sağlam bir mühit, atmosfer yaradır. İnsanlara dost, simsar olan bu nəcib xanım çətinliyə düşən, ona üz tutan, ürək qızdıran hər kəsə köməyini əsirgəmir. Hər bir kəsin dərdini duyması və bu ağrını öz ağrısı kimi yaşaması Mehriban Əliyevanı xarakterizə edən ən gözəl cizgilərdir. ABŞ-ın nüfuzlu “Washington Times” qəzetində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO, İSESCO və İKT-nin xoşməramlı səfiri Mehriban Əliyeva haqqında dərc etdiyi məqalədə yazır: “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır”.
Mehriban xanım Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadimi, anası Aida İmanquliyeva görkəmli şərqşünas-alim, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadındır.
Ədəbiyyatı, musiqini, gözəl sənət əsərlərini incəliyinə qədər hiss edən, duyan, yaşayan Mehriban xanım Əliyeva həddindən artıq kövrək, xəlqi insandır. O, Azərbaycan təbiətinin bütün gözəlliklərini, çalarlarını ilmə-ilmə qəlbinə köçürüb. Axşam evinə, ocağına, balalarına bir xoşbəxtlik, bir savab, bir səadət aparan, yaxşılığı, xeyirxahlığı gündəlik işi bilən Mehriban xanım Əliyeva hər kəsə nur paylayır.
Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Mehriban xanım Əliyeva akademik Arif Paşayevin və şərqşünas alim Aida xanım İmanquliyevanın ailəsində dünyaya göz açaraq, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin ocağından nur almışdır. Onun həyat müəllimləri isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq – alim, akademik Zərifə xanım Əliyeva olmuşlar.
Mehriban xanım Əliyevanın üzərinə götürdüyü böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsidir.
UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Əliyevanın istər Azərbaycanda, istərsədə də dünya miqyasında həyata keçirdiyi tədbirlər həmişə böyük rəğbətlə qarşılanmış və respublikamızın birinci xanımının səmərəli fəaliyyəti müxtəlif beynəlxalq mükafatlarla qiymətləndirilmiş, o, bir sıra ölkələrin ən yüksək dövlət təltiflərinə layiq görülmüşdür.
Mehriban xanım ən ucqar kəndimizdə belə yaşayan valideynsiz, kimsəsiz uşağı, xəstə canı ilə çarpışan balalarımızı özünə yaxınlaşdırır, doğmalaşdırır, bağrına basıb Azərbaycan adlı məmləkətimizin mərhəmətli qol-qanadlarını onların üzünə açır. Respublikamızın müxtəlif guşələrində yerləşən körpələr evini ziyarət edir, əziz bayramlarda ölkəmizin ən möhtəşəm saraylarında müxtəlif hədiyyələrlə balalarımızın qəlbinə sevinc, könlünə xoş ovqat bəxş edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əhaliyə göstərdiyi xidmət təqdirəlayiqdir. Heydər Əliyev Fondunun məqsədləri sırasında yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək mühüm yer tutur. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Tolerantlığın ünvanı – Azərbaycan”, “Təhsilə dəstək” layihələri kifayət qədər mühüm fəaliyyətlərdəndir.
Mehriban xanımın xeyirxah əməlləri, təhsilimizin, milli dəyərlərimizin təbliği, inkişafı xalqın rifahı naminə gördüyü işlər Azərbaycan qadının uğurla fəaliyyət göstərməsinə bariz nümunə olaraq, beynəlxalq aləmdə sonsuz rəğbətlə qarşılanır. Qərb dünyası Mehriban Əliyevanı Şərqin ağıllı, müdrik, peşəkar bir siyasətçisi kimi tanıyaraq, onun simasında Azərbaycan qadınının ictimai-siyasi həyatda oynadığı rolun əhəmiyyətini görür.Azərbaycanın birinci xanımı çıxışlarında vurğulayır: “Müasir dünyada hər bir ölkənin inkişafı. onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir”.
Heydər Əliyev Fondunun köməyi ilə əlillər üçün xüsusi mərkəz istifadəyə verilibdir. Bu mərkəzdə əlillərin zəruri ehtiyacaları ödənilir, onlara dərman vasitələri və s. verilir. BMT-nin İnkişaf Proqramı ilə birgə “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-komunikasiya texnologiyalarına çıxışın təmin edilməsi” baxımından reallaşdırılan layihə Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin nəticəsidir.Heydər Əliyev Fondunun diqqət yetirdiyi məsələlərdən biri də kimsəsiz uşaqlara göstərilən qayğının artırılmasıdır.
“Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı” bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Layihə çərçivəsində paytaxt Bakıda və digər ərazilərdə yerləşən uşaq evləri və internat məktəblərində araşdırmalar aparılır, mövcud problemlər öyrənilir və onların həlli istiqamətində bir sıra vacib işlər görülür. Fond hər zamankı ənənəsinə sadiq qalaraq 28 dekabr 2012-ci il tarixində uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, valideyn himayəsindən məhrum, internat məktəblərində təhsildə xüsusilə fərqlənən uşaqlar üçün yeni il şənliyi keçirmişdir.
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Azərbaycan muğamları” layihəsi çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu iş olmuşdu. Həmçinin Vaşinqton Elmlər Akademiyası və UNESKO “Orta əsrlər əlyazmalarında tibb və əczaçılıq” adlı ilk beynəlxalq konfransın təşkilindən sonra tibb elminə aid Azərbaycanda saxlanılan üç nadir əlyazma ümumdünya yaddaş qeydiyyatına salınmışdır.
Həmin qeydiyyatda, ümumilikdə, 120 əlyazma öz əksini tapmışdır. Bu əlyazmalar nəinki ayrı-ayrı dövlətlər, o cümlədən bütün bəşəriyyət üçün çox əhəmiyyətlidir. Bu layihələr sırasında elm, təhsil, səhiyyə və sosial sahələrə xüsusi önəm verilir. Valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlmiş layihələr fondun daim diqqət mərkəzindədir.
Bu baxımdan Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir.Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb.
Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində, Azərbaycanın sivilizasiyalararası dialoqda fəal iştirakı və rolu xüsusi bir yer tutur. Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur.
Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva bu mötəbər qurumun tribunasından Azərbaycanın üzləşdiyi çətinliklər, işğal faktı və işğal nəticəsində Azərbaycan mədəniyyətinə, milli-mənəvi abidələrinə dəyən zərərləri dünya ictimaiyyətinə çatdırır.
Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, bu, bütün Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur. Sevimli Mehriban Əliyeva Xanım Çıxışlarının Birində Demişdir ki, “Mən dünyanı dəyişmək niyyətində deyiləm, mənim üçün özümü dəyişmək maraqlıdır – daha yaxşı olmaq. Bu, məncə daha faydalı işdir”.
Birinci xanım Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil də qeyd etdiyimiz kimi, Onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusudur. Birinci Xanım Mehriban Əliyeva Xalqını Sevdiyi Qədər, Xalqı Tərəfindən Sevilən İnsan və Görkəmli Şəxsiyyətdir. Mən Fərid Şərifov Bildirmək İstəyirəm ki, 1-ci Vitse Prezidentim Mehriban Əliyeva Xanım, Mənim Üçün Böyük Hədiyyədir.
Hörmətlə Fərid Şərifov
bakunews.az