Son günlər bəzi media resurslarında Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı yayılan bəyanatlar ictimaiyyətdə müəyyən suallar yaradıb. Xüsusilə Afyəddin Cəlilovun bu müəssisə ilə bağlı səsləndirdiyi fikirlər bir sıra məqamlarda reallığı əks etdirmir, ya da qəsdən birtərəfli təqdim olunur.
Cəzaçəkmə müəssisəsi, adından da göründüyü kimi, sanatoriya deyil. Deputat Zahid Orucun da qeyd etdiyi kimi, bu məkan təkcə xırda hüquq pozuntusu törədənlərin deyil, eyni zamanda cəmiyyətə qarşı ağır cinayətlər törətmiş şəxslərin də cəza çəkdiyi bir yerdir. Belə bir mühitdə ideal şərait gözləmək və ya oranı beşulduzlu otel kimi təqdim etməyə çalışmaq, ən azı reallıqdan uzaqdır.
Afyəddin Cəlilovun iddia etdiyi kimi “250 nəfərə 4 tualet” məsələsi isə sadəcə həqiqəti təhrif etməkdir. 8 korpusdan ibarət olan 2 saylı müəssisənin hər birində 100 nəfərə 4 tualet olduğu məlumdur. Bundan əlavə, korpuslar arasında ümumi istifadədə olan, ayrıca tikilmiş 20-dən artıq tualetin mövcudluğu da faktdır. Yəni bu kimi açıqlamaları verməzdən əvvəl, insan ən azı statistika və faktları dəqiqləşdirməli, sonra ictimai rəyə müraciət etməlidir.
Sıçovul məsələsinə gəlincə – müəssisə Binə qəsəbəsində yerləşir və bu problemin bütövlükdə həmin ərazidə mövcud olması əksər sakinlərə məlumdur. Lakin müəssisənin ərzaq saxlanc yerlərində, yeməkxanalarında bu kimi halların baş verməməsi, əslində dövlətin nəzarət və qayğısının sübutudur. Əgər hansısa dustaq yeməyi düzgün saxlamır, qadağan olunmuş formada qutularda yemək qalıqları yığırsa və bunun nəticəsində həşərat və ya siçovul peyda olursa – bu artıq şəxsi məsuliyyətsizliyin nəticəsidir.
Mən özüm həmin müəssisədə 18 ay yaşamışam və bu dövrdə açıq şəkildə müşahidə etmişəm ki, anti-sanitar şəraitin yaranmasında məhkumların öz səhlənkarlıqları, məsuliyyətsiz davranışları birbaşa rol oynayır. Müəssisə rəhbərliyi tərəfindən yeməkxanaların gündəlik təmizlənməsi təmin olunduğu halda, bir qrup məhkumun bu sahələri qısa zamanda çirkaba çevirməsi ilə dəfələrlə rastlaşmışam.
Daha bir məqam: bəzi məhkumlar, xüsusilə də ziyarətçisi olanlar, özlərini digər dustaqlardan üstün tutmağa çalışır və müəssisədəki ortaq imkanları şəxsi əraziləri kimi mənimsəyirlər. Bu isə həm məhkumlar arasında ayrı-seçkiliyə, həm də qarşılıqlı narazılıqlara yol açır. Afyəddin Cəlilov özü də vaxtilə müəssisənin verdiyi yeməklərdən imtina edib şəxsi mətbəxdə yemək bişirənlərdən olub. Əgər verdiyin yeməyi qəbul etmirsənsə, öz bişirdiyin yeməyin qalıqlarına da məsuliyyətlə yanaşmaq borcundur. Yoxsa öz məsuliyyətsizliyinin nəticəsini “bütün müəssisəyə şamil olunmuş problem” kimi təqdim etmək, sadəcə qeyri-ciddi yanaşmadır.
Əgər həqiqətən də narahatlıqlar varsa, əvvəlcə öz payına düşən məsuliyyəti dərk etməli, sonra ictimai ittihamlar irəli sürməlisən. İllərlə yanına gedilməyən, özünü tək hiss edən şəxslər üçün “mən başqa məhkumlar adından danışıram” deməklə məsuliyyət daşınmır. Bu iddianı irəli sürən şəxs həmin məhkumlarla real ünsiyyət qurubmu? Onların vəziyyəti ilə maraqlanıb, bir dəfə olsun ortaq sahələrin təmiz saxlanılması ilə bağlı təşəbbüs göstəribmi?
Sonda bir sual da mən vermək istəyirəm: Cəlilov, sən həmin müəssisədə yaşadığın dövrdə şəraitin yaxşılaşması üçün konkret hansı addımı atmısan? Müəssisə rəhbərliyindən hansısa problemi aradan qaldırmaq üçün kömək istəmisənmi?
Tənqid etmək asandır. Amma dürüst olmaq daha çətindir. Və bəzən ən çətin tənqid, insanın özü ilə üzləşməsidir.
Mirkənan Seyidov