Daxili Qoşunların tabeçiliyi ilə bağlı müzakirələrə hüquqi aydınlıq gətirildi
Azərbaycanın Daxili Qoşunlarının tabeçilik prinsipi ilə bağlı mediada yayılan məlumatlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bildirilir ki, struktur bundan sonra birbaşa Prezidentə tabe olacaq. Mövzuya münasibət bildirən vəkil Esmira Rzayeva bu məsələyə hüquqi baxımdan aydınlıq gətirib.
Vəkil qeyd edib ki, Daxili Qoşunlar Silahlı Qüvvələrin tərkibində qoşun növüdür və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevdir. Bu baxımdan Daxili Qoşunların Prezidentə tabe olması hüquqi və konstitusiya baxımından təbii və məntiqlidir.
Esmira Rzayevanın sözlərinə görə, Daxili Qoşunlar Azərbaycanın təhlükəsizlik sistemində xüsusi yer tutur. Silahlı münaqişələr və fövqəladə hallar zamanı bu qurumun rolu xüsusilə əhəmiyyətlidir. Daxili Qoşunlar arxa cəbhədə təhlükəsizliyin qorunması, strateji obyektlərin mühafizəsi və ictimai asayişin təmin edilməsi kimi mühüm vəzifələri icra edir.
Vəkil xatırladıb ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları həm Birinci, həm də İkinci Qarabağ müharibəsində yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirib.
Birinci Qarabağ müharibəsində bu qoşun növünün şəxsi heyətindən 680 nəfər şəhid olub, 5 nəfər itkin düşüb, 1178 nəfər yaralanıb, 9 nəfər isə Milli Qəhrəman adına layiq görülüb (onlardan 8-i ölümündən sonra).
Vətən müharibəsində isə 66 nəfər şəhid olub, 346 nəfər yaralanıb, 4 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb (1-i ölümündən sonra). Şəhid əməkdaşların qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilib, onların adları 24 məktəbə, 7 küçə və məhəlləyə, bir körpüyə və bir mədəniyyət evinə verilib.
Esmira Rzayeva xüsusilə vurğulayıb ki, Daxili Qoşunların komandanının Prezident tərəfindən təyin və azad edilməsi yeni məsələ deyil. Bu səlahiyyət indiyədək də dövlət başçısına məxsus olub.
Onun sözlərinə görə, əvvəllər Daxili Qoşunların fəaliyyəti “Daxili qoşunların statusu haqqında” Qanunla tənzimlənirdi. Həmin qanuna əsasən də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi, Daxili Qoşunların komandanını təyin və azad edirdi.
25 dekabr 2025-ci il tarixində təsdiqlənmiş “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun.əvvəlki qanunu ləğv etdiyindən, mövcud səlahiyyətlər texniki olaraq yeni qanuna və müvafiq fərmana daxil edilib. Bu isə hüquqi mahiyyət baxımından hər hansı dəyişiklik demək deyil.
Vəkil bildirib ki, mediada bu məsələnin “yenilik” kimi təqdim edilməsi doğru deyil. Çünki ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə təyinat və azadetmə səlahiyyəti illərdir Prezidentə məxsusdur və bu yanaşma sadəcə yeni qanunvericilik aktında təsbit olunub.
Son dövrlər Daxili Qoşunların tabeçilik məsələsi ilə bağlı aparılan müzakirələr fonunda cəmiyyətdə yeni bir sual aktuallaşıb: Penitensiar Xidmət də növbəti mərhələdə struktur dəyişikliyinə məruz qala bilərmi?
Məsələ ilə bağlı hüquqi yanaşmanı vəkil Esmira Rzayeva şərh edib
Penitensiar Xidmət hazırda Ədliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Penitensiar Xidmətin müstəqil qurum kimi fəaliyyət göstərməsi məsələsi hüquqi baxımdan mümkündür və bu modelə beynəlxalq təcrübədə də rast gəlinir.
Hal-hazırda Penitensiar Xidmətin tabeçiliyinin dəyişdirilməsi ilə bağlı rəsmi qərar, təsdiqlənmiş qanun layihəsi və ya Prezident fərmanı yoxdur.