Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocalı küçəsində böyük obyektin tikintisi aparılır.
Biziməsr.media-nın redaksiyasına daxil olan məlumata görə, ərazidə aparılan tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmur. Sakinlərin iddiasına görə, tikinti sahəsi səbəbindən piyada yolu demək olar ki, bağlanıb və piyadaların hərəkəti üçün normal şərait yaradılmayıb.
Narazı sakinlər bildirirlər ki, son aylarda Binəqədi rayonunda aparılan tikinti işləri zamanı təhlükəsizlik məsələlərinə və piyadaların hərəkətinə lazımi diqqət göstərilmir. Onların sözlərinə görə, bəzi hallarda tikinti işlərinin qanuniliyinin araşdırılması və ərazidə təhlükəsizliyin təmin olunması ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, problemin həlli istiqamətində nəticə əldə olunmayıb.
Sakinlərin iddiasına əsasən, Xocalı küçəsində tikinti işlərini həyata keçirən sahibkara dəfələrlə irad bildirilsə də, piyada keçidinin açılması təmin edilməyib. Bu s\bəbdən insanlar magistral yola çıxmalı olur ki, bu da hər an təhlükə ilə üzləşirlər.
Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevdir. Sakinlər aidiyyəti qurumlardan ərazidə tikinti işlərinin qanuniliyinin, təhlükəsizlik qaydalarına əməl olunmasının və piyadaların hərəkəti üçün şəraitin təmin edilməsinin araşdırılmasını istəyirlər.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Bizimesr.media
VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/xocesende-qanunsuz-tikinti---sakinlerin-yolu-baglanib-sahibkar-naraziliqlara-mehel-qoymur-22897