2021-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət başçısının sərəncamına əsasən ayrılmış torpaq sahəsində inşa edilən bina yenidən narazılıq və şikayətlərin hədəfinə çevrilib.
Söhbət Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, S.S. Axundov küçəsinin şimal hissəsində yerləşən və “Xəmsə Palace 2021” MTK tərəfindən tikilən binadan gedir.
Azərbaycan Yazıçılar Birliyi ilə “Xəmsə Palace 2021” MTK arasında bağlanmış müqaviləyə əsasən binadan yazıçılara 21 mənzil verilib.
"Real Azərbaycan" xəbər verir ki, sakinlərin sözlərinə görə, 17 avqust 2023-cü il tarixində müqavilələr bağlanmasına baxmayaraq, bina və onun yerləşdiyi ərazi hələ də tam şəkildə yaşayış üçün yararlı vəziyyətə gətirilməyib.
Mənzil alanlar arasında Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Firuz Mustafa, “Qızıl Kəlmə” və Qazaxıstan Respublikasının “Alaş” mükafatlarının laureatı Elxan Zal Qaraxanlı, Rauf Aslanov, Seyran Səxavət, Xanəmir, Dəyanət Osmanlı və digər tanınmış imzalar var.
Yazıçılardan əlavə ödəniş tələb olunur – 5-6 min manatlıq sual
Sakinlərin narazılığına səbəb olan əsas məsələlərdən biri mənzillərdə təmirə başlamaq üçün 2500 manat, sayğacların quraşdırılması üçün isə 2600 manat tələb edilməsi ilə bağlıdır.
Məsələ ilə bağlı redaksiyamıza danışan şair Elxan Zal Qaraxanlı bu cür məbləğlərlə Bakının başqa yerlərində rastlaşmadığını bildirib.
Onun sözlərinə görə, tələb olunan məbləğlər həddindən artıq şişirdilib. Qaraxanlı iddia edir ki, Prezidentin dəstəyi ilə mənzil alan yazıçılardan mənzillərinə sahib olmaq və təmirə başlamaq üçün əlavə olaraq minlərlə manat tələb olunması yolverilməzdir.
Şairin sözlərinə görə, mənzil alan bəzi yazıçılar bu vəziyyətdən bezərək mənzillərini MTK-ya ucuz qiymətə satmaq məcburiyyətində qalıblar. O bildirir ki, artıq bir sıra yazıçıların mənzillərinin MTK tərəfindən alındığı və daha sonra daha yüksək qiymətə satışa çıxarıldığı iddia olunur.
“Yazıçı nə üçün dövlət başçısı tərəfindən ona verilmiş mənzildən imtina etməlidir?” – deyə Elxan Zal Qaraxanlı sual edir.
Tanınmış yazıçılar da narazıdır
Qeyd edək ki, Elxan Zal Qaraxanlı müstəqillik dövrünün tanınmış poetik imzalarından biridir. O, böyük hind-pakistan şairi Məhəmməd İqbalın və qazax şairi Oljas Süleymenovun poetik irsini Azərbaycan dilinə çevirərək kitab şəklində nəşr etdirib. Şikayət edənlər arasında Firuz Mustafa, Dəyanət Osmanlı, Xanəmir və digər tanınmış yazıçılar da var.
Yazıçılardan başqa, binanın digər sakinlərinin də MTK rəhbərliyinin fəaliyyətindən narazı olduqları bildirilir.
Burada isə əsas suallar ortaya çıxır:
Mənzilləri dövlət dəstəyi ilə verilən yazıçılardan niyə əlavə olaraq minlərlə manat tələb olunur? Bu ödənişlərin hüquqi əsası nədir? Bina və ərazi niyə hələ də tam yaşayış üçün hazır deyil?