Fövqəladə Hallar Nazirliyi (FHN) Heydərov Tale Kəmaləddin oğlunun sifarişi əsasında Göygöl rayonu, Yeni Zod kəndində inşa olunan obyektin istismarına icazə verib.
Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 5 028,96 kvadratmetr olan bina 3 mərtəbədən və zirzəmidən ibarətdir.
Qeyd edək ki, FHN qeyri-yaşayış binasına 26 avqust 2026-cı il tarixli 14 283 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, obyektin sifarişçisi olan Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğludur.
Onu da bildirək ki, FHN 2 fevral 2026-cı il tarixində Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərovun sifarişi əsasında Qəbələ şəhəri, Heydər Əliyev prospektində inşa olunan 1 144,92 kvadratmetr olan 3 mərtəbədən ibarət binanın da istismarına icazə verib.
Bundan başqa, FHN 26 yanvar 2026-cı il tarixində Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərovun sifarişi əsasında Göygöl rayonu, Quşqara kəndində inşa olunan 726,64 kvadratmetr obyektin istismarına icazə verib. FHN həmçinin, ötən ilin iyun ayında Nicat Heydərovun Qəbələ şəhəri, Heydər Əliyev prospektində inşa olunan daha bir obyektinin istismarına icazə verib.
Eyni zamanda, ötən ilin may ayında FHN Tale Heydərovun sifarişi əsasında Qəbələ rayonu, Qəbələ–İsmayıllı yolunun 1,8 kilometrliyində inşa olunan obyektin də istismarına icazə verib.
Bu ilin yanvar ayında isə FHN Nicat Heydərovun sifarişi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Böyük İpək yolu küçəsi, giriş 72 ünvanında inşa olunan, ümumi sahəsi 3 405 kvadratmetr olan 2 mərtəbəli (mansardalı) binadan ibarət obyektin istismarına icazə verib.