Cəlilabad Azərbaycanın əhali sayına, zəngin kənd təsərrüfatı potensialına və iqtisadi imkanlarına görə ən aparıcı rayonlarından biridir. Rayonun geniş torpaq ehtiyatları, köklü taxılçılıq, kartofçuluq, üzümçülük və heyvandarlıq ənənələri onun dinamik inkişafı üçün böyük zəmin yaradır.
Bizimesr.info bildirir ki, mövcud potensialın olması hələ rayonun inkişaf etməsi anlamına gəlmir. Əsas meyar bu imkanların əhalinin rifahına, yeni iş yerlərinə, emal müəssisələrinə və müasir kənd infrastruktura çevrilməsidir.
14 sentyabr 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı postuna təyin edilən Rafiq Cəlilovun rəhbərlik dövrünün beşinci ili başa çatmaq üzrədir.
Dövlət əmlakının idarə olunması üzrə təcrübəyə malik bir kadrın rayona başçı təyin edilməsi zamanı əsas gözlənti sosial-iqtisadi inkişafı sürətləndirmək və sakinlərin illərdir həllini tapmayan problemlərini aradan qaldırmaq ola bilərdi.
Bəs ötən beş ilə yaxın müddətdə Cəlilabadda nə dəyişib?
Bizimesr.info rəsmi statistika, açıq məlumatlar və sakinlərin müraciətləri əsasında Rafiq Cəlilovun rəhbərliyi dövrünün real mənzərəsini təhlil edib.
Çökən kartofçuluq - Cəlilabadın strateji sahəsi niyə iflasa uğrayır?
Cəlilabad iqtisadiyyatının rəmzi hesab olunan kartofçuluq son illərdə ciddi krizislə üz-üzədir. Uzun illər ölkənin yazlıq kartof tələbatının böyük hissəsini ödəyən rayonda fermerlərin bu sahədən uzaqlaşması rəsmi rəqəmlərdə deqradasiya kimi əks olunur:
Hektar ilə...:
2023 - 5 500 ha
2024:- 2 900 ha (%47,3 azalma)
2025 - 3 100 ha

Əkin sahələrinin kəskin düşməsi: 2023-cü ildə 5 500 hektar olan kartof sahası 2024-cü ildə cəmi 2 900 hektara düşüb (%47,3 kəskin azalma).
İstehsalın geriləməsi: 2025-ci ildə əkin sahəsi cüzi artaraq 3 100 hektara (93 044 ton məhsul) çatsa da, 2023-cü ilin göstəricilərindən kəskin dərəcədə geri qalır. Fermerlər toxum, gübrə, su və yanacaq xərclərinin baha olması, saxlama anbarlarının (so soyuducu komplekslərin) çatışmazlığı və satış bazarındakı vasitəçi haqsızlıqları səbəbindən zərər edərək sahələri tərk edirlər.
Rayon İcra Hakimiyyəti və icra başçısı Rafiq Cəlilovun fermerləri qoruyacaq, emal və saxlama zəncirini təşkil edəcək konseptual bir layihə ortaya qoya bilməməsi ənənəvi təsərrüfat sahəsinin sıradan çıxmasına şərait yaradır.
Aqrar-sənaye rayonu olan Cəlilabadda xammalın məhsula çevrilməsi üçün emal müəssisələrinin qurulması hayati əhəmiyyət daşımalı idi. Lakin sənaye göstəriciləri rayon rəhbərliyinin investisiya cəlb etmə imkanlarının məhdud olduğunu ortaya qoyur. \
Rəsmi hesabatlarda sənaye məhsulunun dəyər ifadəsində 88,35 milyon manata çatması müsbət hal kimi qələmə verilsə də, son 3 ildə rayonda tək bir dənə də olsun yeni sənaye müəssisəsi açılmadığı qeyd olunur. 220 minlik əhalisi olan bir rayonda sənaye müəssisələrinin sayının 17-də donub qalması Rafiq Cəlilovun investorları rayona cəlb etməkdə və yeni istehsal sahələri yaratmaqda aciz qaldığını göstərir.
Məşğulluq illuziyası - 220 minlik əhaliyə ildə cəmi 78–101 iş yeri
Cəlilabadda gənclərin və əmək qabiliyyətli əhalinin ən böyük bəlası işsizlikdir. Rəsmi statistikadakı rəqəmlər rayon rəhbərliyinin məşğulluq siyasətindəki zəifliyini bütün çılpaqlığı ilə göstərir - 2024-cü ildə rayon üzrə il ərzində cəmi 101 yeni iş yeri açılıb. 2025-ci ilin 9 ayı ərzində isə Cəlilabadda cəmi 78 yeni iş yeri qeydə alınıb. Bu göstərici ilə Cəlilabad rayonu ölkə üzrə şəhər və rayonların sıralamasında 43-cü yerə düşüb.
220 mindən çox əhalisi olan böyük bir rayon üçün ildə cəmi 78-101 yeni iş yerinin yaradılması məşğulluq probleminin həllindən dəm vurmağı qeyri-mümkün edir. Ali və orta ixtisas təhsilli gənclər öz rayonlarında ixtisaslarına uyğun iş tapa bilmədikləri üçün kütləvi şəkildə Bakıya və ya xarici ölkələrə üz tuturlar.
Kəndlərin içməli su, qaz və yol bəlası- sakinlər tərk edirlər
Rafiq Cəlilovun rəhbərliyi dövründə rayon mərkəzində müəyyən kosmetik abadlıq işləri aparılsa da, Cəlilabadın kəndləri ibtidai yaşayış problemləri ilə baş-başa buraxılıb:
Araşdırmalar zamanı bəlli olur ki, Xanəgah kəndi (su və qaz yoxdur): Kənddə mərkəzləşdirilmiş içməli su xətti yoxdur. Sakinlər 2 ton suyu 30 manata almağa məcburdurlar. Qaz şəbəkəsi olmadığı üçün ailələr qışda odun almağa 750–1000 manat vəsait xərcləyirlər.
Maşlıq kəndi (yollar torpaq və palçıq içində): 10 min nəfərə yaxın sakini olan kəndin yolları bərbad vəziyyətdədir. Dəfələrlə müraciət olunsa da, aidiyyəti qurumlar və İcra Hakimiyyəti problemi görməzdən gəlir.
Soltankənd (Susuzluqdan köç davam edir): İyul 2025-ci ildə yayılan məlumatlara görə, susuzluq səbəbindən əvvəllər 130-dan çox ailənin yaşadığı kənddə cəmi 60 ailə qalıb. Əhalinin ümumi sayının 220,4 minə çatması miqrasiya faktını gizlədə bilmir. İnfrastrukturun olmaması kəndlərin boşalmasına və kənd təsərrüfatının iflic olmasına gətirib çıxarır. Və nəhayət bütöv Cəlilabad...
Beləliklə, Rafiq Cəlilovun 5 illik idarəçiliyi rayona ne verib?
Beş ilə yakın rəhbərlik dövründə Rafiq Cəlilovun fəaliyyəti təhlil edildikdə ortaya acınacaqlı mənzərə çıxır. Strateji aqrar sahə olan kartofçuluq demək olar ki, yarbayarı geriləyib. Sənaye müəssisələrinin sayı 3 il ərzində bir vahid də artmayıb.
Yeni iş yerlərinin sayı rayon əhalisinin tələbatının 1 faizini belə ödəmir. Kəndlər içməli su, gaz və yol problemləri ucbatından boşalır. Rafiq Cəlilovun idarəçiliyi Cəlilabadın böyük iqtisadi və aqrar potensialını reallaşdıra bilməyib. Rayon rəhbərliyi formal hesabatlar və rəqəm oyunları arxasında gizlənmək əvəzinə, sakinlərin gündəlik yaşayış problemlərinə konkret həll yolları tapmalıdır.
Bizimesr.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az