Elə günlər var ki, tarixə yalnız təqvimdəki bir gün kimi deyil, bütöv bir xalqın qüruru kimi yazılır. 8 Noyabr - Zəfər Günü bizim üçün məhz belə bir gündür.
Bu Zəfərin arxasında Vətən sevgisi, əsgər cəsarəti, şəhidlərimizin canı və analarımızın duaları dayanır. Qarabağın azadlığı uğrunda döyüşən qəhrəmanlarımız xalqımıza başıucalıq, gələcək nəsillərə isə unudulmaz bir şərəf salnaməsi bəxş etdilər.
Bir jurnalist və Azərbaycan vətəndaşı olaraq düşünürəm ki, bu tarixi yaşatmaq hər birimizin məsuliyyətidir. Şəhidlərimizin xatirəsini əziz tutmaq, qazilərimizə qayğı göstərmək, gənclərimizə Zəfərin hansı fədakarlıqlar bahasına qazanıldığını anlatmaq bu məsuliyyətin ayrılmaz hissəsidir.
Bu əziz gün münasibətilə şəhidlərimizi dərin ehtiramla anır, qazilərimizə sağlamlıq, hərbçilərimizə güc və əzmkarlıq arzulayıram. Qoy yurdumuzda daim əmin-amanlıq hökm sürsün, uşaqlarımız sülh içində böyüsün, üçrəngli bayrağımız hər zaman ucalarda dalğalansın!
Zəfər Günümüz mübarək! Qarabağ Azərbaycandır!
Fatimə Ümid
Jurnalist, “Bilur” Estetik Klinikasının meneceri