Qətər, Misir, Pakistan və digər regional vasitəçilər Vaşinqtonla Tehrana on günlük atəşkəs barədə təklif göndərib.
Bu barədə məlumatlı mənbələrə istinadən "Axios" portalı yazıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası bu təşəbbüsü təhlil edir və İsraili diplomatik imkanlar pəncərəsinin bağlanmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb.
Bununla yanaşı, "Axios" vurğulayıb ki, Amerika tərəfi paralel olaraq İranla danışıqların uğursuzluqla başa çatacağı ssenariyə hazırlaşır.
"İrəli sürülmüş təşəbbüs atəşkəs rejimi ilə yanaşı, Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpasını da ehtiva edir və Vaşinqtonla Tehrana pozulmaqda olan anlaşma memorandumunu qoruyub saxlamaq imkanı verməyə yönəlib. Hazırda nə Amerika, nə də İran tərəfi vasitəçilərin irəli sürdüyü təklifə razılıq verib", - nəşr qeyd edib.
Portalın ABŞ administrasiyasındakı mənbəsinin açıqladığı mövqeyə əsasən, hər iki tərəf diplomatik prosesdə iştirakını davam etdirir, lakin Tramp zəruri hesab etdiyi müddətcə Vaşinqton İslam Respublikasına qarşı hərbi əməliyyatları davam etdirmək niyyətindədir.