Sumqayıt Azərbaycanın ikinci ən böyük şəhəridir. Şəhərin icra başçısı isə 70 yaşı ötmüş Zakir Fərəcovdur. Fərəcov uzun illərdir yüksək vəzifələrdədir - Abşeron rayonunun icra başçısı olub, hazırda isə Sumqayıtı idarə edir. “İdarə edir” ifadəsi son günlər yayılan videolardan sonra daha fərqli, daha narahatedici səslənir.
Bizimesr.az bildirir ki, son günlər Sumqayıt şəhərində qəribə və təhlükəli bir tendensiya müşahidə olunur. İcra hakimiyyətinin nəzarətində olduğu deyilən, lakin hüquqi statusu, səlahiyyəti və kimliyi ictimaiyyətə açıqlanmayan qruplar küçələrə səpələnərək “qanunsuz küçə ticarəti” ilə guya mübarizə aparırlar. Üstəlik, bu proseslər nümayişkaranə şəkildə, kamera qarşısında həyata keçirilir.
Yayılan videolarda açıq şəkildə görünür ki, bu şəxslər küçədə nəsə satan insanları danlayır, təhqiramiz tonda danışır, özlərini hüquq-mühafizə orqanı kimi aparırlar. Son yayılan video isə vəziyyətin artıq təkcə qanunsuzluq deyil, özbaşınalıq və açıq talan həddinə çatdığını göstərir.
Videoda özünü “nəzarətçi” kimi aparan şəxslərdən biri alma satan vətəndaşa əvvəl irad bildirir, sonra isə “bu almalar sənin deyil” deyərək məhsulun yük maşınına yığılmasını tələb edir. Vətəndaş da məcbur qalıb bu göstərişi yerinə yetirir.
Bu şəxslər kimdir, hansı qurumu təmsil edirlər? Onlara vətəndaşın malını müsadirə etmək səlahiyyətini kim verib? Məhkəmə qərarı varmı? Akt tərtib olunurmu?
Müsadirə edilən məhsullar hara aparılır?
Ən əsas sual isə budur, Zakir Fərəcov özünü kim hesab edir və özünü kimə göstərir?
Sumqayıtda illərdir qanunsuz tikililər baş alıb gedir. Səkilər obyektlərə çevrilib, ictimai istifadə üçün nəzərdə tutulan ərazilər satılıb. Bu obyektlər tikiləndə, səkilər zəbt ediləndə, şəhər planlaması məhv ediləndə harada idi icra hakimiyyəti? Kim satıb bu səkiləri? Kim göz yumub?
İndi isə həmin obyektlərin qarşısında bir qutu alma, bir yeşik meyvə satan adam “qanunsuz ticarət” adı ilə hədəfə çevrilir. Bu, hüququn tətbiqi deyil, zəifə qarşı güc nümayişidir.
Əslində bu gün baş verənlər Zakir Fərəcovun illərdir yaratdığı problemin nəticəsidir. Qanunsuz satılan torpaqlarda obyekt tikilməsinə şərait yaradanlar indi həmin obyekt sahiblərini və çörək pulu qazanan sadə insanları bu formada “cəzalandırırlar”.
Qanun selektiv tətbiq olunmamalıdır, qanun kamera qarşısında şou üçün işləməməlidir, qanun “qoçu dəstəsi” metodları ilə icra edilə bilməz.
Bu videolar Sumqayıtda hakimiyyətin nəzarətsizliyini, hüququn isə kiminsə əlində alətə çevrildiyini göstərir. Ən qorxulusu isə budur: kamera qarşısında edilənlər belədirsə, kamera olmayan yerdə nələr baş verir?
Bu suallar cavabsız qaldıqca, Sumqayıtda problem təkcə küçə ticarəti yox, idarəetmənin özü olacaq.
Ədil Hüseynov
Bizimesr.az