Naxçıvan Hava limanında suni bilet qıtlığı iddası
AZAL NAXÇIVAN SƏRNİŞİNLƏRİNİ NİYƏ NARAZI SALIR? BİZNES SALONU
OLMAYAN TƏYYARƏDƏ 95 MANATLIQ BİZNES BİLETİ QALMAQALI!
OLMAYAN TƏYYARƏDƏ 95 MANATLIQ BİZNES BİLETİ QALMAQALI!
Naxçıvanda 60 manatlıq ekonom bileti tapılmır, 95 manatlıq biznes bileti təklif olunur. Sərnişinlər isə iddia edirlər ki, yeni təyyarələrdə ayrıca biznes salonu yoxdur və daha çox pul ödəyənlər də ekonom sərnişinlərlə eyni salonda uçurlar. Bəs əlavə 35 manat hansı xidmətin qarşılığında alınır?
Yenə Naxçıvan, yenə AZAL, yenə bitib-tükənməyən sərnişin narazılığı!
Bakı–Naxçıvan və Naxçıvan–Bakı istiqamətlərində hava nəqliyyatından istifadə edən vətəndaşların redaksiyamıza ünvanladıqları şikayətlər aviaşirkətin bilet satışı və xidmət siyasətində ciddi sualların yarandığını göstərir. Sərnişinlərin bildirdiyinə görə, hazırda bu istiqamətlər üzrə ekonom sinif biletinin satış qiyməti 60 manat, biznes sinif biletinin qiyməti isə 95 manatdır.
Lakin əsas problem təkcə qiymət fərqi deyil. Vətəndaşların iddialarına görə, günlərlə 60 manatlıq ekonom bileti əldə etmək mümkün olmur, kassalarda isə daha baha olan 95 manatlıq biznes bileti təklif edilir.
BİZNES SALONU YOXDURSA, 95 MANATLIQ BİZNES BİLETİ NƏYİN QARŞILIĞINDA SATILIR?
Araşdırılmalı olan ən ciddi məsələlərdən biri məhz budur. Sərnişinlərin sözlərinə görə, əvvəllər bu istiqamətlərdə uçuş həyata keçirən bəzi təyyarələrdə biznes sinif üçün ayrıca salon mövcud olduğu halda, hazırda istifadə edilən yeni təyyarələrin bir qismində belə bölmə yoxdur. İddia olunur ki, 95 manat ödəyərək biznes bileti alan sərnişin də 60 manatlıq ekonom bileti alan şəxslərlə eyni salonda uçur.
Bu halda ortaya prinsipial sual çıxır:
Əgər ayrıca biznes salonu və fərqli oturacaq şəraiti mövcud deyilsə, sərnişindən əlavə 35 manat hansı üstünlüklərə görə alınır?
Əlbəttə, biznes tarifinin mövcudluğu bütün hallarda ayrıca salonun olması demək deyil. Tarifə baqaj, biletin dəyişdirilməsi, qaytarılması və digər xidmət üstünlükləri daxil edilə bilər. Ancaq bu xidmətlər sərnişinə əvvəlcədən aydın izah edilməli, ödədiyi məbləğin qarşılığında konkret hansı üstünlükləri əldə etdiyi şəffaf göstərilməlidir.
AZAL rəhbərliyi ictimaiyyətə açıqlamalıdır: Naxçıvan reyslərində 95 manatlıq biznes bileti alan sərnişin 60 manatlıq ekonom sərnişinindən konkret olaraq hansı xidmətlərlə fərqlənir?
XƏSTƏ ATASINA GÖRƏ BİLET İSTƏYƏN QADINA POLİS ÇAĞIRILDIĞI İDDİASI
Redaksiyamıza təqdim edilən videogörüntülərlə bağlı məlumatlarda Naxçıvan Beynəlxalq Hava Limanında baş verdiyi bildirilən başqa bir hadisə də ciddi narahatlıq doğurur. Məlumata görə, bir qadın atasının onkoloji xəstə olduğunu, müalicə məqsədilə təcili Bakıya getməli olduqlarını bildirərək bilet əldə etməyə çalışıb.
Lakin qadının narahatlığını yüksək səslə ifadə etməsindən sonra hava limanı əməkdaşlarının polis çağırdığı və onun binadan uzaqlaşdırılmasına cəhd göstərildiyi iddia edilir. Əgər bu məlumat təsdiqlənərsə, hava limanında sərnişinlərlə davranış qaydalarının nə dərəcədə düzgün tətbiq edilməsi ciddi araşdırılmalıdır.
Xəstə atasının müalicəsinə görə narahat olan vətəndaşın müraciətinə hansı cavab verilib? Polis çağırılmasına hansı konkret davranış əsas olub?
TƏYYARƏDƏ BOŞ YER QALIR, AMMA BİLET YOXDUR?
Şikayətçilərin səsləndirdikləri digər ciddi iddia isə uçuşlarda boş sərnişin yerlərinin qalmasıdır. Vətəndaşlar bildirirlər ki, bilet çatışmazlığına baxmayaraq, bəzi reyslərdə təyyarələr 10–15 boş oturacaqla havaya qalxır. Sərnişinlər bunu kommersiya yüklərinin daşınmasına üstünlük verilməsi ehtimalı ilə əlaqələndirirlər. Onların fikrincə, çəki əsasında ödəniş edilən yüklərin daşınması aviaşirkət üçün sərnişin biletindən daha çox gəlir gətirə bilər.
Lakin bu iddia hələlik müstəqil sənədlərlə təsdiqlənməyib.
AZAL açıqlamalıdır: Həmin reyslərdə neçə yer satışa çıxarılıb, neçə bilet satılıb və faktiki neçə sərnişin daşınıb?
DÖVLƏTİN SOSİAL SİYASƏTİ İLƏ SƏRNİŞİNLƏRİN QARŞILAŞDIĞI MƏNZƏRƏ NİYƏ FƏRQLƏNİR?
Naxçıvanın coğrafi vəziyyətini nəzərə aldıqda hava nəqliyyatı sakinlər üçün həyati əhəmiyyət daşıyan xidmətlərdən biridir. Dövlət tərəfindən Bakı–Naxçıvan istiqamətində aviabiletlərin əlçatanlığının qorunması məqsədilə tariflərin tənzimlənməsi sosial baxımdan mühüm əhəmiyyət daşıyır.
Belə şəraitdə 60 manatlıq biletlərin tapılmaması, daha baha biznes biletlərinin təklif edilməsi və həmin tarifin hansı əlavə xidmətlərə əsaslandığının sərnişinlərə aydın olmaması narazılıqları artırır. Aidiyyəti qurumlar həmçinin bu istiqamətdə daşımaların maliyyələşdirilməsi, tətbiq edilən tariflərin hüquqi əsasları və bilet satışına nəzarət mexanizmləri barədə məlumat verməlidirlər.
AZAL RƏHBƏRLİYİNƏ 7 CİDDİ SUAL
1. Bakı–Naxçıvan–Bakı reyslərində 60 manatlıq ekonom biletləri tükəndiyi halda 95 manatlıq biznes biletlərinin satışda qalması nə ilə əlaqədardır?
2. Ayrı biznes salonu olmayan təyyarələrdə 95 manatlıq biznes biletləri hansı xidmət üstünlüklərinə əsasən satılır?
3. Ekonom və biznes sərnişinləri eyni salonda uçurlarsa, aralarındakı 35 manatlıq qiymət fərqinin konkret xidmət qarşılığı nədir?
4. Hər uçuşda ekonom və biznes tarifləri üzrə neçə yer ayrılır və bu bölgü hansı meyarlarla müəyyən edilir?
5. Bilet qıtlığı yaşandığı halda təyyarələrdə 10–15 boş yer qalması barədə iddialar nə dərəcədə doğrudur?
6. Onkoloji xəstə atasını müalicəyə aparmaq istəyən qadına görə polis çağırılması iddiası araşdırılıbmı?
7. Naxçıvan istiqamətində sosial əhəmiyyətli hava daşımalarına ayrılan dövlət vəsaitlərinin istifadəsinə hansı qurum nəzarət edir?
NAXÇIVAN ƏHALİSİNİN NARAZILIĞINA SUSMAQLA CAVAB VERMƏK OLMAZ!
Vətəndaşın 60 manatlıq bilet əldə edə bilmədiyi halda 95 manatlıq bilet almaq məcburiyyətində qaldığını bildirməsi adi kommersiya mübahisəsi kimi qiymətləndirilməməlidir. Xüsusilə əlavə ödəniş müqabilində təqdim edilən xidmətin mahiyyəti barədə məlumatların aydın olmaması bilet satışının şəffaflığının araşdırılmasını zəruri edir.
AZAL rəhbərliyi cavab verməlidir: Biznes salonu olmayan təyyarələrdə biznes tarifinin tətbiqi sərnişinlərin hansı real üstünlüklər əldə etməsinə xidmət edir?
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin deyil, məhz hava nəqliyyatına nəzarət üzrə səlahiyyətli qurumların və AZAL rəhbərliyinin açıqlama verməsi vacibdir.
Naxçıvan sakinlərinin gözlədiyi imtiyaz deyil, şəffaf bilet satışı, aydın tarif siyasəti və insanlara hörmətlə yanaşılmasıdır.
Redaksiya səsləndirilən iddialarla bağlı AZAL-ın və digər aidiyyəti qurumların rəsmi mövqeyini dərc etməyə hazırdır.
Şikayət və təkliflər üçün qaynar xətt
Xəbər, şikayət və təklifinizi bizə göndərin
Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz
BakuNews.az
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]