“Eşitmişəm Şeyx deyib ki, Əlinin tormozu tutmur. Şeyx, sənin də tormozun tutmur! Sən də hərdən tormoz et! İlişib qalarsan yollarda! Ay mənim məhəllə uşağım, mən öz işimi yaxşı bilirəm. Sən yaxşı olar ki, aktyorluğunla məşğul olasan. Bu mənim sahəmdir, sən müğənnillikdən niyə danışırsan?! Sən gözəl aktyorsan! O bizimlə eyni məhəllədə böyüyüb. Əhmədlidə yaşamışıq”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.
O daha sonra bildirib ki, Ruhəngiz Musəvi onun haqda sosial şəbəkələrdə rəy yazır:
“Ruhəngizdir də. Məni dəli adlandırıb. Bir də görürsən başlayır ağlamağa, bir də görürsən gülür. Dəli mənəm yoxsa o?! Əlinin qadasını alırdın ay Ruhəngiz, nə oldu?! Biz dost olmuşuq. Bir yerdə 10-15 duet oxumuşuq. Onun xasiyyətinə bələdəm. Sadəcə xətrini istəyirəm, yaxşı oxuyur. Yaxşı da insandır. Amma danışanda təntiləyir” deyə o bildirib.
Əli Mirəliyev bildirib ki, Əməkdar artist Fərqanə Qasımovaya zəng edərək, ona iradını bildirib:
“Cahangir Cahangirovun mahnılarını Hindistan tərzində oxuyur. Atan gül kimi muğam oxuyur, sən niyə “Durnalar” əsərini hind ladında aranjiman etmisən?! Zəng edib dedim ki, “qızım, sən Alim Qasımovun qızısan, atan muğamı ilə camaatı heyran edib, sən niyə bu əsəri belə oxumusan?”. Cahangir Cahangirov ölüb, amma Əli sağdır. Dedi ki, “məni camaat buna görə sevir”. Səid Rüstəmovun, Cahangir Cahangirovun, Hacı Xanməmmədovun əsərlərini sizə kim icazə verib ki, korlayasız?! Bu musiqini bilən də var axı. Mən danışmayım, sən danışma bəs kim danışsın?! Mən danışıram, adım da pis qalır. Heç kimin deyə bilmədiyini mən deyirəm. Mənim danışıqlarım sosial şəbəkələrdə paylaşılır, görün altından bir dənə mənfi rəy yazan kimsə var?” deyə o bildirib.