Uzun müddətdir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəhbərsiz fəaliyyət göstərir. Daha doğrusu, qurumun müdiri postu hələ də vakant olaraq qalır.
Hazırda həmin vəzifəni Nərminə Hüseynova müvəqqəti icra edir.
Məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri postu uğrunda artıq uzun müddətdir ciddi mübarizə gedir. İddialara əsasən, idarənin müdür müavini Anar Qədiməliyev, eləcə də yeni təyin olunmuş digər müavin Turanə Məcidli bu posta əsas namizədlər sırasında göstərilsələr də, onların heç birinin vəzifəyə gətiriləcəyi gözlənilmir.
Məlumatlarda qeyd edilir ki, təhsil naziri artıq sözügedən posta öz namizədini müəyyənləşdirib. Belə ki, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyevin növbəti tədris ilinin sonunadək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəhbər təyin olunacağı gözlənilir.
Xatırladaq ki, Elnur Əliyev daha əvvəl də təhsil sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb və son illərdə təhsil sistemində həyata keçirilən bir sıra layihələrdə aktiv iştirak edib.
Qeyd edək ki, Elnur Əliyevin təhsil sistemində yüksəlişi Prezidentin keçmiş köməkçisi olmuş və hazırda müxtəlif ittihamlarla ictimai müzakirələrdə adı hallanan Əli Həsənova məxsus olduğu bildirilən katiblik mərkəzindən başlayıb. Xəbərlərə görə, o, məhz Əli Həsənovun rəhbərliyi dövründə yüksək vəzifəyə — mərkəzin direktoru postuna təyin edilib.
Tribuna.az-ın apardığı araşdırma zamanı o da bəlli olub ki, Elnur Əliyevin Əli Həsənovla yaxınlığı “Kaspi” litseyindən başlayıb. O, məhz bu əlaqələr sayəsində həmin liseyin rəhbəri işləyib. Əli Həsənovun lojistik dəstəyindən faydalanan sözügedən şəxsin bu gün də həmin əlaqələrə malik olub, olmaması məlum deyil. Lakin bilinən odur ki, Elnur Əliyevin qardaşı hazıra “Kaspi” liseyinin rəhbəri vəzifəsində çalışır.
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Tribuna.az