Sədərək Ticarət Mərkəzinin tullantıların toplandığı ərazidə baş vermiş yanğın zamanı sosial şəbəkələrdə geniş müzakirə olunan görüntülərlə bağlı məsələyə aydınlıq gətirilib.
Məlumata görə, bəzi görüntülərdə yanğınsöndürən avtomobillərin alova su püskürtmədiyi iddia olunurdu. Bununla bağlı yayılan fikirlərə münasibət olaraq bildirilib ki, videogörüntülərdə əks olunan yanğınsöndürən avtomobillər və müdaxilə edən şəxslər Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları deyil.
Açıqlamada qeyd olunur ki, görüntülərdə yer alan texnika və şəxsi heyət Sədərək Ticarət Mərkəzinin öz daxili təhlükəsizlik və ilkin yanğınsöndürmə briqadasına məxsusdur. Həmin briqada hadisənin ilk mərhələsində operativ müdaxilə məqsədilə fəaliyyət göstərib.
Beləliklə, sosial şəbəkələrdə FHN əməkdaşlarının yanğına müdaxilə etmədiyi və ya su püskürtmədiyi barədə səsləndirilən iddiaların videolarda görünən heyətə aid olmadığı bildirilib. Görüntülərdə əks olunan şəxslər FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları deyil, bazarın özünün formalaşdırdığı ilkin müdaxilə qrupunun üzvləridir.
Qeyd edək ki, bu açıqlama sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı yaranmış müzakirələrə aydınlıq gətirmək məqsədi daşıyır.