"Synergy Medical" MMC-nin vergi borcu rekord həddə çatdı: Milyonluq borc 4.7 milyon manatı keçdi!
Gəncə şəhərində yerləşən və səhiyyə sektorunda iri şəbəkələrdən birini idarə edən "SYNERGY MEDICAL" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan vergi borcu kəskin şəkildə artmaqda davam edir.
32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırda dövlət qarşısında yaranmış vergi borcu 4.736.460,05 AZN (4.7 milyon manatdan çox) təşkil edir.
Müqayisə üçün qeyd edək ki, cari ilin iyul ayında sözügedən tibb şirkətinin vergi borcu 4.269.999,36 AZN idi. Keçən qısa müddət ərzində şirkətin büdcəyə olan borcu təxminən 466 min manatdan çox artıb.
Gəncə Beynəlxalq Xəstəxanasının əmtəə nişanının sahibi
Nizamnamə kapitalı 10.000 AZN olan və hüquqi ünvanı Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 60F ünvanında qeydiyyatda olan "Synergy Medical" MMC ölkənin qərb bölgəsində fəaliyyət göstərən tanınmış tibb müəssisəsinin — Gəncə Beynəlxalq Xəstəxanasının əmtəə nişanının sahibidir.
Mütəmadi rəhbər dəyişiklikləri və indiki idarəçilik
32gun.az-ın araşdırmasına görə, sözügedən tibb şirkətinin rəhbərliyində və qanuni təmsilçiliyində ötən illər ərzində mütəmadi olaraq dəyişikliklər baş verib:
20.10.2014 — Qəbilov Anar Əliyəddin oğlu;
24.10.2015 — Dinçer Süleyman Lütfi;
10.06.2016 — Həsənov İlyas Şasuvar oğlu;
24.08.2018 və 07.09.2020 — İsmayılov İlkin Yusub oğlu;
07.09.2020 — Musayev Famil İbrahimxəlil oğlu (qanuni təmsilçi kimi);
01.12.2021-ci ildən hazırkı dövrədək — Paşayeva Gülnar Polad qızı.
Hazırda 4.7 milyon manatlıq rekord vergi borcu ilə gündəmə gələn şirkətin rəhbərliyini Gülnar Paşayeva həyata keçirir. Regionun aparıcı özəl xəstəxanalarından birinin brend sahibinin dövlət büdcəsinə olan bu qədər iri həcmli borcu necə ödəyəcəyi və aidiyyəti qurumların hansı addımları atacağı maraq doğurur.