Abşeron rayonu, Novxanı qəsəbəsində dəniz kənarında fəaliyyət göstərən “My Beach” restoranının ərazisində qanunsuz tikinti aparıldığı ilə bağlı məlumat yayılıb. Məlumatlarda qeyd olunur ki, ümumiyyətlə, son dövrlərdə bu ərazidə tikinti işləri yenidən intensiv xarakter alıb.
Bizimesr.com bildirir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə restoran ərazisində əlavə mərtəbənin artırıldığı və terras tipli qurğunun inşa edildiyi açıq şəkildə görünür. Məlumata görə, bu işlər heç bir rəsmi icazə olmadan həyata keçirilir.
Ehtimal ki, obyektin sahibi kimi tanınan iş adamı “Hacı Məhərrəm” ləqəbli Məhərrəm Novruzov bu tikinti işlərini Abşeron Rayon İcra Hakimiyyətinin bəzi səlahiyyətli şəxsləri ilə razılaşma əsasında həyata keçirir.
Qeyd edək ki, Azərbaycan Respublikasında tikinti fəaliyyəti Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Mövcud qanunvericiliyə əsasən, hər hansı tikinti işlərinə başlamaq üçün müvafiq olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən icazə alınması zəruridir.
Araşdırmalar zamanı məlum olub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin açıq məlumat bazasında “My Beach” restoranında aparılan hər hansı tikinti ilə bağlı qeyd mövcud deyil. Son məlumatlara görə, ərazidə tikinti işləri hazırda da davam edir. Bu isə iddiaları daha da gücləndirir və məsələnin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmasını zəruri edir.(Bizimesr.com)
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.