Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının yeni istiqamətləri: Neft əməkdaşlığından "yaşıl enerji"yə

19.11.2026 16:18 25 1 dəq oxunur
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının yeni istiqamətləri: Neft əməkdaşlığından "yaşıl enerji"yə
Azərbaycanla Vyetnam arasında strateji tərəfdaşlığın iqtisadi məzmunu genişlənir. Neft sahəsində uzun illər ərzində formalaşmış əməkdaşlığa günəş və külək enerjisi üzrə investisiya təşəbbüsləri əlavə olunur. İkitərəfli ticarətin strukturu isə növbəti mərhələnin əsas məsələlərindən birini göstərir.

Tarixi əlaqələrdən strateji tərəfdaşlığa

Bakı ilə Hanoy arasında əlaqələrin tarixi diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən xeyli əvvələ gedib çıxır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Bakıya gələrək Azərbaycanın dənizdə neft hasilatı təcrübəsi ilə tanış olub. 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama səfər edib. Bu səfərin nəticəsi postmüharibə dövrünü yaşayan Vyetnamın dirçəlməsi üçün önəmli olub və xalqlarımız arasında münasibətlərin və ölkələrarası əlaqələrin qurulmasında müstəsna rol oynayıb.

Sovet dövründə Azərbaycanda 5 000-ə yaxın vyetnamlı təhsil alıb. 2 000-dək azərbaycanlı mütəxəssis Vyetnamın neft sənayesinin formalaşmasına da töhfə veriblər. 1981-ci ildə yaradılan "Vietsovpetro" birgə müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.

Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama, Prezident Çıonq Tan Şanqın 2015-ci ildə Azərbaycana səfərləri münasibətlərin inkişafına təkan verib. 2025-ci il mayın 7-də Bakıda Prezident İlham Əliyev və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı qəbul ediblər. Həmin ilin iyulunda Hanoyda hökumətlərarası komissiyanın üçüncü iclası, Azərbaycan–Vyetnam Biznes Şurasının ilk toplantısı və biznes forumu keçirilib. Bu platformalar dövlət qurumlarına razılaşmaların icrasını izləmək, şirkətlərə isə birbaşa tərəfdaş tapmaq imkanı verir.

Tərəflər çoxtərəfli beynəlxalq müstəvidə də sıx əməkdaşlıq edir. Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində bildirib, ki ölkələrimiz arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub.

"Sözsüz ki, bütün bunlar Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə alınması əsasında dayanıqlı şəkildə dərinləşməsini göstərir", - İlham Əliyev qeyd edib.

Vietnam.vn portalında yayımlanan məqalə münasibətlərin humanitar tərəfini də önə çəkir. 2026-cı ildə dördüncü "Vyetnam Günləri" çərçivəsində vyetnamlı sənətçilər Bakı və Qəbələdə çıxış ediblər. Bu proqramlar və Azərbaycanda təhsil almış vyetnamlı məzunların əlaqələri yeni təhsil və peşəkar mübadilələr üçün zəmin yaradır.

VNA agentliyinə müsahibəsində İlham Əliyev humanitar əməkdaşlığı xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü kimi dəyərləndirib.

"Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub", - Prezident qeyd edib.

Möhkəm dostluq bağları təkcə birgə layihələrdə deyil, həm də çətin anlarda köməyə gəlməyə hazır olmaqda özünü göstərir. 2024-cü ildə Vyetnamda baş verən "Yaqi" fırtınasının dağıdıcı nəticələrini aradan qaldırmaq, həmçinin 2025-ci ildə genişmiqyaslı daşqınların vurduğu ziyanın öhdəsindən gəlmək üçün Azərbaycan maliyyə yardımı göstərib.

Neft tədarükündən yeni enerji layihələrinə

Energetika Nazirliyinin 2026-cı ilin oktyabrında açıqladığı məlumata görə, 2023-cü ildən bu günədək Vyetnama 1,1 milyon tondan çox Azərbaycan xam nefti tədarük edilib. SOCAR və "Petrovietnam" arasında əməkdaşlığın genişləndirilməsi üçün yataqların kəşfiyyatı və işlənməsi, neft emalı, neft-kimya və texniki xidmətlər üzrə imkanlar nəzərdən keçirilir.

Vyetnamın "ROX Group" şirkəti isə Azərbaycanda enerji istehsalına sərmayə qoymaq imkanlarını araşdırır. 2026-cı ilin sentyabrında imzalanmış memorandum Bakıda külək və Naxçıvanda günəş elektrik stansiyasının tikintisini nəzərdə tutur.

Ticarətin genişlənməsi üçün nə dəyişməlidir?

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə Vyetnamla Azərbaycan arasında ticarət dövriyyəsi 153,4 milyon dollar təşkil edib.

Orta Dəhliz və Azərbaycanın logistika infrastrukturu daşıma marşrutlarının şaxələndirilməsinə imkan yaradır.

"Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında bu daşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artıb və 8 min tondan çox olub. Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və "Şimal-Cənub" nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək", - deyə Prezident İlham Əliyev VNA agentliyinə müsahibəsində bildirib.

Strateji tərəfdaşlığın iqtisadi nəticəsini qarşılıqlı sərmayələrin həcmi, yeni layihələrin icrası və ticarətin nə dərəcədə şaxələnməsi göstərəcək. Neft tədarükü artıq formalaşmış əməkdaşlıq sahəsidir. Bərpaolunan enerji layihələrinin investisiya mərhələsinə keçməsi və Azərbaycan ixracatçılarının Vyetnamda davamlı satış kanalları qurması bu əlaqələrin iqtisadi miqyasını genişləndirə bilər.(Report)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az