Azərbaycan Respublikasının Təhsil İnstitutunda(ARTİ) rəhbər dəyişikliyinin baş verəcəyi gözlənilir.
Editor.az məlumatlı mənbələrə istinadən xəbər verir ki, 2023-cü ildən institutun direktoru vəzifəsini müvəqqəti icra edən Elnur Əliyevin yaxın vaxtlarda vəzifəsindən azad ediləcəyi gözlənilir.
İddialara əsasən, Elnur Əliyev üçillik sınaq müddətindən uğurla keçə bilməyib. Bu səbəbdən onun vəzifəsindən uzaqlaşdırılması məsələsinin gündəmdə olduğu bildirilir.
İnstitutun rəhbərliyinə mümkün namizəd kimi isə Elm və Təhsil naziri Emin Əmrullayevə yaxın kadr hesab edilən, nazirliyin daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılovun adı çəkilir. Məlumatlara görə, onun bu vəzifəyə təyin olunması yaxın vaxtlarda reallaşa bilər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu ölkənin təhsil sistemində mühüm əhəmiyyət daşıyan qurumlardan biridir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin inkişafı və təhsil məzmununun təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən institutun rəhbərliyində mümkün dəyişiklik diqqət çəkir.
Editor.az xatırladır ki, hələlik Elnur Əliyevin vəzifədən ayrılması və Kamran İsmayılovun mümkün təyinatı ilə bağlı rəsmi açıqlama verilməyib.